Şuşa şəhəri, D-4 massivində 12 binanın tikintisi, abadlıq, sahədaxili kommunikasiya və qurğulara aid işlər həyata keçiriləcək.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, sözügedən işlərlə əlaqədar Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi eyni şirkətlə ümumi dəyəri 30 milyon 852 min 107,12 manat olan iki müqavilə imzalayıb.
"Kristal İnşaat" MMC ilə imzalanan müqavilənin şərtlərinə əsasən, şirkət 1, 2, 3, 10, 11 və 12 nömrəli binalarının tikintisini aparacaq. Abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətləri təmin edəcək. Görüləcək işlərin dəyəri 16 milyon 675 min 260,66 manat təşkil edir.
4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikintisini isə "Kristal İnşaat" MMC 14 milyon 176 min 846,46 manata icra edəcək.
Müvafiq işlərin görülməsinə bu ayın 17-dən start verilib, gələn ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, "Kristal İnşaat" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4000 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Elgün Qafil oğludur.