Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA-nın xəbərinə görə, A. Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərin suallarını cavablandırıb. Vəkil bildirib ki, T. Əhmədov istintaq zamanı verdiyi ifadəni təsdiqləyib. Onun ifadələri arasında ziddiyyət olduğunu deyən S. Rəsulov qeyd edib ki, hakim həmin ziddiyyətləri aydınlaşdırmağa imkan verməyib: "Akif Çovdarov dedi ki, özü ifadə verəndə Tağı Əhmədov iclasda olsun və Tağı Əhmədovun istintaq zamanı verdiyi ifadə elan edilsin, sonra Tağı Əhmədova sualları olacaq. Lakin məhkəmə buna şərait yaratmadı. Tağı Əhmədov istintaq zamanı verdiyi ifadədə pulu mart ayında verdiyini deyib. Lakin həmin vaxt Tağı Əhmədov ölkə xaricində olub. Səlim Məmmədovun vəkili Cavid Rzazadə ondan tələbi olub-olmamasını soruşduqda Tağı Əhmədov bildirdi ki, elə bil, "Leyli və Məcnun"a gedib baxırsan, sonra soruşursan ki, Leyli kimdir, Məcnun kimdir. Tələbi aydındır".
S. Rəsulov bildirib ki, Tağı Əhmədov Eldar Mahmudov işdən azad edildikdən sonra MTN-in Rəsul Rəsulov adlı əməkdaşına "Akif Çovdara de, pulu qaytarsın. Bu, birincinin göstərişidir" məzmununda mesaj yazıb: "Biz Tağı Əhmədovdan birinci şəxs dedikdə kimi nəzərdə tutduğunu soruşduq. O, özünü nəzərdə tutduğunu, göstərişi özünə verdiyin dedi. Akif Çovdarov isə Tağı Əhmədova "düzünü danış, səkkiz il sənin kuratorun olmuşam. Bir dəfə aramızda telefon danışığı olubmu?" - deyə, soruşdu. Tağı Əhmədov da bunu təsdiq etdi".
S. Rəsulov bildirib ki, Tağı Əhmədov Eldar Mahmudov işdən azad edildikdən sonra Rəsul Rəsulov adlı MTN əməkdaşına mesaj yazaraq bildirib ki, Akif Çovdara pulu qaytarsın.
Vəkil bildirib ki, iclasda T. Əhmədovun oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov da ifadə verib. Onlar istintaq zamanı verdikləri ifadəni təsdiqləyiblər.
BakuPost