Tailandın paytaxtı Banqkokdan ölkənin şimal-şərqinə hərəkət edən sərnişin qatarında faciə baş verib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, qatarın üzərinə qaldırıcı kranın düşməsi nəticəsində ən az 27 nəfər həlak olub, 80-dən çox insan yaralanıb. Hadisə səhər saatlarında Naxon Ratçazima əyalətinin Sixio bölgəsində baş verib.
Tailand polisi bildirib ki, qəzaya səbəb yüksək sürətli qatar yolunun tikintisində işləyən kranının aşaraq vaqonlarından birinin üzərinə düşməsi olub. Bu zaman qatar relsdən çıxaraq aşıb.
Rəsmi şəxslər yaralıların ətrafdakı xəstəxanalara çatdırıldığını, bəzi yaralıların vəziyyətinin ağır olduğunu açıqlayıblar. Qəza nəticəsində yanğın meydana gəlib və tez zamanda söndürülüb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Dağıntı altında digər sərnişinlərin qalıb-qalmaması araşdırılır.
Qatarda ümumilikdə neçə sərnişinin olduğu barədə hələ rəsmi açıqlama verilməyib. Qəzanın dəqiq səbəblərinin müəyyən edilməsi üçün texniki araşdırma başlanıb.
Cavid, BakuPost