Bakıda 1988-ci il təvəllüdlü Cabbar dövlət qurumlarından birində işləyən Gülnarəni (adlar şərti verilib – red.) intim görüntüləri ilə şantaj edib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olarkən müştəri qismində tanıdığı Gülnarə ilə 2023-cü ildə idarə etdiyi avtomobildə könüllü razılıq əsasında cinsi əlaqəni əks etdirən görüntüləri qeydə alıb.
Votsap tətbiqində video-danışıq zamanı qadının intim görüntülərini də öz telefonunun yaddaşına saxlayıb.
Gülnarə işdə olarkən həmin görüntüləri ona göndərib və pul tələb edib. Pul verməyəcəyi təqdirdə barəsində olan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağı ilə hədələyib. Ümumilikdə qadından 10 min 709 manat alıb.
“Müştərim olduğunu anladım”
İstintaq orqanı tərəfindən Cabbarın barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib, ifadəsində göstərib ki, 2023-cü ildə Gülnarəni şəxs sifarişi əsasında Nəbabət bağına aparıb: “Axşam saat 5-6 radələrində maşında başqa müştəri olan vaxt mənə zəng gəldi. Maşında müştəri olduğuna görə telefonu açmadım.
Sonrada həmin nömrənin votsap hesabından “nömrə səhv yığılıb, üzrlü hesab edin” şəklində mesaj gəldi. Hesabın profil şəklinə baxanda onun səhər apardığım müştəri olduğunu anladım”.
“Ünsiyyətimiz davam etdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş ona iftarla bağlı əvvəlcə İçərişəhərə restorana, restorandan da evə gedəcəyini, bunun üçün maşın lazım olduğunu, razılaşsa yaxşı ödəniş edəcəyini bildirib: “Mən də razılaşaraq onu İçərişəhərə apardım. Saat 9-10 arasında qadını özünün xahişi ilə restorandan götürdüm və Binəqədi qəsəbəsinə apardım.
Ünvanı tanımadığım üçün oraya canlı məkanla getdim. Yolda maşında söhbət etdik. Mən Daxili Qoşunlarda işlədiyimi, sonra ikinci qrup əlilliklə pensiyaya çıxdığımı bildirdim. Qadın da ailəli olub boşandığını, bir qız övladı ilə yaşadığını dedi və səhər gəlib onu işə aparmağımı xahiş etdi.
Onu ünvana çatdırdım, axşam məndən evə çatıb-çatmadığımı soruşdu. Bizim aramızda mesajla ünsiyyət davam etdi”.
“Yaxınlıq olmadı”
Cabbarın ifadəsinə görə, şəxsi münasibətlər zamanı Gülnarəyə borcla bağlı sıxıntısı olduğunu bildirib: “O da söhbət əsnasında məndən xoşu gəldiyini, mənimlə münasibət istədiyini və mənə kömək edəcəyini bildirdi.
Aprelin 27-nə qədər ona taksi xidməti göstərdim. Biz həm də bu müddət ərzində danışdıq, yazışaraq ünsiyyətdə olduq. Aprelin 21-də Gülnarəni işə aparanda Nəbatət bağına gedən yolda təmir getdiyinə görə maşın dayandı. O, qabaq sağ oturacaqda oturmuşdu. Anlıq yaxınlaşma ilə öpüşdük. Lakin aramızda heç bir cinsi əlaqə olmadı. Zərərçəkmişə maşının içində kamera olduğunu, amma işləmədiyini bildirdim”.
“Görüntülərin olmadığını anladı”
Cabbar qeyd edib ki, daha sonra mesajlaşma zamanı Gülnarəyə 2 min manat borcu olduğunu bildirib və kömək istəyib: “Gülnarə mənə 50-100 manat yardım edə biləcəyini bildirdi. Ona öpüşən zaman maşının kamerasının çəkdiyini, görüntünün məndə olduğunu dedim. Əslində isə məndə görüntü yox idi. Bunu ona pul verməsi üçün qorxutmaq məqsədi ilə dedim.
Görüntüyə görə qadın mənə 4 min 700 manat verdi. Mən də həmin puldan onun kartına 1500 manatı geri qaytardım.
Gülnarə məni Binəqədiyə çağırdı. Ora çatanda telefonu əlimdən alaraq baxdı, görüntülərin olmadığını anladı. Mən də ona qəsdən elə dediyimi, əslində isə heç vaxt məndə görüntülər olmadığını söylədim”.
“Səhvim mesaj yazmaq olub”
Cabbarın sözlərinə görə, daha sonra zərərçəkmiş nə qədər borcu varsa, ona həmin məbləğdə kömək edəcəyini, münasibətilərinin pozulmasını istəmədiyini bildirib: “İki gün sonra qadına zəng etdim və görüşdük. O, mənə 3 min manat verdi. Pulun 2700 manatını götürdüm, 300 manatını özünə qaytardım. Pulları mənə borc kimi verdi. Mən isə ona kredit borcumu bağladıqdan sonra borcumu qaytaracağıma söz verdim.
Mənim səhvim qadına o mesajları yazmaq və 8 gün işə aparıb-gətirmək olub. Bizim aramızda heç vaxt cinsi münasibət olmayıb. Hər dəfə zərərçəkmişlə kobud danışsam da, yenidən barışmışıq.
Qadına mənə 2900 manat verəndə münasibət təklif etdi. Mən də təklifi rədd edərək onunla kobud danışdım. Sonrada zərərçəkmiş şəxs qızının ayağı sındığını, Polşada olduğunu bildirərək məndən pul istədi. Ona pulum olmadığını dedim. Səhəri günü qadın məni "Ulduz" metrosunun yanına çağırdı. Polisə şikayət etdiyinə görə orada saxlanıldım”.
“Tanış olmaq məqsədi ilə mesaj yazdı”
İş üzrə zərərçəkmiş Gülnarənin sözlərinə görə, 2023-cü ildə saat təxminən 07:00-da “Bolt” vasitəsilə taksi sifariş edib: “Sifarişə Cabbar adlı taksi sürücüsü gəldi, məni yaşadığım ünvandan götürərək Yasamal rayonu ərazisinə iş yerimə apardı.
İşdə olarkən o, mənə tanış olmaq məqsədi ilə mesaj yazdı, bir neçə dəfə zəng etdi. Onun zənglərinə cavab verməsəm də, yazdığı mesajları oxudum. Mesajlarda Cabbar Binəqədi rayonunda yaşadığını, işdən çıxarkən məni evinə apara biləcəyini bildirdi. Mən isə cavab yazaraq axşam evə getməyəcəyimi qeyd etdim”.
Zərərçəkmişin sözlərinə görə, növbəti günlərdə işdən çıxıb və “İçərişəhər”də yerləşən restorana iftar qonaqlığına getmək üçün taksi sifariş verərkən “votsap” tətbiqi vasitəsilə səhvən Cabbarın mobil nömrəsinə zəng edib:
“Cabbar telefona cavab verərək məni restorana, daha sonra evə apara biləcəyini dedi. Onunla razılaşdım. Cabbar məni “İçərişəhər”də yerləşən restorana, saat 22:00-da həmin restorandan çıxdıqdan sonra isə evimə apardı.
Avtomobildə gedən zaman söhbətləşdik, aramızda yaxın ünsiyyət başladı. Təxminən Binəqədi rayonu ərazisində Cabbar qaranlıq bir yerdə avtomobili saxlayaraq arxa oturacaqda yanıma əyləşdi və biz könüllü olaraq təbii yolla cinsi əlaqədə olduq. Sonra məni evimə apardı”.
“Mobil nömrəsini blokladım”
Zərərçəkmiş qeyd edib ki, növbəti gün səhər saatlarında evdə yataqda olarkən Cabbar ona votsapla zəng edib: “Cavab verərkən videozəngə keçdi, məndən kameranı açmağımı istədi. Həmin vaxt gecə paltarında idim.
Əvvəlki gün olan münasibətdən sonra utanmamağımı bildirdi, paltarımın yaxasını açmağımı istədi. Mən də paltarımın yaxasını açdım, Cabbar görüntülü danışaraq mənə baxdı.
Danışarkən məndən maddi kömək istədi. Avtomobilin ehtiyat hissəsinin şəklini ataraq batareyaların xarab olduğunu, onları düzəltmək üçün isə 2000 manat pul lazım olduğunu söylədi. Ona yalnız 50 və ya 100 manat pul göndərərək kömək edə biləcəyimi dedim. Məndən yüksək məbləğ tələb etdiyi üçün onun mobil nömrəsini blokladım”.
“Məndən hədə-qorxu yolu ilə pul alıb”
Zərərçəkmişin ifadəsinə görə, bir müddət sonra ona mesaj gəlib: “Mesajda danışdığımız videozəngin və ondan əvvəlki gün avtomobilin içərisində cinsi əlaqədə olmağımızın görüntüləri vardı. Təqsirləndirilən şəxs mesajda “sən çaşdın, məni bloka atmağı sənə göstərəcəm” - deyə bildirirdi. O, videoları atdıqdan sonra hədə-qorxu gələrək 2500 manatdan artıq pul tələb etdi.
Çarəsiz qalaraq pul axtarmağa başladım. Ona müxtəlif vaxtlarda pullar göndərdim. Pulları şəkillərimi sosial şəbəkələrdə paylaşmasından, məni iş yerimdə, cəmiyyətdə rüsvay edəcəyindən qorxduğum üçün ona verirfdim. Ümumilikdə hədə-qorxu yoluyla məndən 10 min 700 manat məbləğində pul alıb”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cabbar 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
İş üzrə mülki iddia qismən təmin edilib. Vurulmuş maddi zərərə görə 10700 manat, mənəvi ziyanın vurulmasına görə 500 manat təqsirləndirilən şəxsdən tutulması, ümumilikdə 11653 manatın zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2025-ci il tarixli hökmünün qanunsuz və əsassız olduğunu qeyd edib. Bildirib ki, zərərçəkmiş şəxslə aralarında borc münasibətləri olub və buna görə də hökm dəyişdirilməlidir.
Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. İşə baxan yuxarı instansiya məhkəməsinin hakimləri onun şikayətini haqlı hesab etməyiblər.