Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri üçün icbari sığorta xərclərinin artırılması gündəmdədir. Yeni yanaşma sığorta bazarında risklərin daha düzgün qiymətləndirilməsi və sərnişin təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşısa da, bu dəyişikliklərin xidmət qiymətlərinə təsiri qaçılmaz hesab olunur. Xüsusilə, artan xərclərin sürücülər və taksi şirkətləri tərəfindən tariflərə yansıtılması ehtimalı müzakirə olunur.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələri üçün icbari sığorta xərclərinin kəskin şəkildə artacağı gözlənilmir:
“Rəsmi açıqlamalara əsasən, icbari sığorta 1.5 əmsalı ilə hesablanacaq və bu əmsal nisbətən aşağı hesab olunur. Bu səbəbdən, avtomobillərin sığortalanması ilə bağlı xərclərin taksi qiymətlərinə ciddi təsir göstərməsi üçün əsas yoxdur. Yəni yalnız sığorta amilinə görə taksi tariflərinin artması məntiqli görünmür. Ümumiyyətlə, taksi qiymətləri başqa amillər əsasında formalaşır. Bu sahədə dinamik tarif sistemi tətbiq olunur. Tələb artdıqda qiymətlər yüksəlir, tələb azaldıqda isə qiymətlər aşağı düşür”.
Yəni, hazırda taksi bazarında qiymətlərin tamamilə fərqli meyarlar əsasında formalaşdığı vurğulanır. Bu sahədə tətbiq edilən dinamik tarif sistemi birbaşa tələb və təklif balansından asılıdır. Şəhərdə sifarişlərin sayı artdıqda qiymətlər avtomatik yüksəlir, sərnişin azlığı zamanı isə tariflər aşağı düşür. Beləliklə, sığorta əmsalındakı dəyişiklikdən daha çox, gündəlik sosial tələbat və yollardakı vəziyyət qiymət siyasətini müəyyən edən əsas faktorlar olaraq qalır.