Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs və ailəsi arasındakı gərginlik yeni bir mərhələyə qədəm qoyub.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, sənətçinin nəvəsi Baran Karakeçili babası tərəfindən hədələndiyini və təhqir olunduğunu iddia edərək, hüquqi prosesə başlayacağını açıqlayıb.
Sözügedən iddialar Tatlısəsin mirasını dövlətə bağışlayacağını bəyan etməsindən sonra gündəmə gəlib. Uzun müddətdir ailəsi ilə problem yaşayan məşhur sənətçi, bir müddət xəstəxanada müalicə aldıqdan sonra vəsiyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Bu dəfə isə o, nəvəsi Baran Karakeçilinin ağır ittihamları ilə üz-üzə qalıb.
Baran Karakeçili sosial media hesabında etdiyi paylaşımda babası tərəfindən təhdid edildiyini vurğulayıb.
O, paylaşımında bu sözləri qeyd edib: "Babam İbrahim Tatlısəs tərəfindən anam, bacım və mən hədələndik, üstəlik təhqirlərə məruz qaldıq".
Karakeçili vəkili vasitəsilə lazımi sübutları təqdim edəcəyini və cinayət işinin açılması üçün rəsmi müraciət edəcəyini bildirib.
Xatırladaq ki, İbrahim Tatlısəs bir müddət əvvəl var-dövlətini ailə üzvlərinə deyil, dövlətə bağışlayacağını açıqlayıb. İddialara görə, "İmperator" ləqəbli müğənninin mülkiyyətinə Seyrantəpədə 32 mənzil və 4 dükan, İstanbulun müxtəlif səmtlərində çoxsaylı mənzillər, Şanlıurfa və Kuşadasında torpaq sahələri, İzmirdə 5 lüks mənzil, Bodrumda isə 12 villa və geniş ərazi daxildir.