Ru
11:19 / 20 Noyabr 2025

Təhsilimizin ürəkağrıdan mənzərəsi: “saçı ağarmış”lar niyə aradan çıxır?

Təhsilimizin ürəkağrıdan mənzərəsi: “saçı ağarmış”lar niyə aradan çıxır?
Eye

“Təhsilimizin mənzərəsinə baxanda, doğrusu, ürəyim ağrıyır. İllərlə bu sistemin içində olmuş, məktəbi, universiteti, nazirlik kabinetlərini görmüş, “saçı ağarmış” təhsil mütəxəssislərimizi meydanda görmürük. Hanı o adamlar? Hardadır illərlə nazirlikdə, univeristetlərdə çalışan, imza qoyduqları qərarlarla minlərlə müəllimin, milyonlarla şagirdin taleyinə təsir edən insanlar? Ümumiyyətlə, bu ölkədə uzun illər təhsil sistemini idarə edən savadlı, dürüst və cəsarətli təhsil adamları olubmu, olubsa, indi niyə görünmürlər?”.

Bakupost.az xəbər verir ki, bu fikirləri Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib.

Onun sözlərinə görə, mətbuat ağıllı söz deyə bilən, həm nəzəriyyəni, həm də sinif otağının tozunu görmüş pedaqoq-ekspert tapa bilmir:


“Bir neçə gənc bu boşluğu doldurmağa çalışır, hörmətlə izləyirəm. Amma keçmişi dolu olmayanın sözü də havada qalır: nə təcrübə yükü var, nə də “saqqal haqqı”. Cəmiyyət qulaq asanda arxada böyük bir yol, acı-şirin təcrübə görmək istəyir, onu görməyəndə də həmin gənclərin səsi kifayət qədər uzağa getmir.

Sanki bu ölkədə illərlə təhsil olmayıb; olubsa da, normal, vicdanlı adamlar idarə etməyib kimi bir mənzərə yaranır. Məsələn, mən bu gün TMF 3 üçün sahənin içindən çıxmış, təhsilə ömrünü vermiş, amma bu gün də sözü keçən bir “təhsil qurucusu” tapmaqda çətinlik çəkirəm. Ya ortada deyillər, ya ortadadırlar, amma deyəcək sözləri yoxdur, ya da siyasi cəhətdən o qədər zədələniblər ki, cəmiyyətin gözündə etibardan düşüblər – əllə tutulacaq bir tərəfləri qalmayıb.

Qalan az sayda adam da “Dəmirqaya” misalı “nəmə lazımdır” deyib kənara çəkilir. Susmağı özünümüdafiə forması seçiblər. Nəsə deməkdən elə çəkinirlər ki, sanki sabah fikrinə görə dar ağacından asılacaqlar. Bəlkə də, haradasa var, kabinetlərdə, bağ evlərində, xarici ölkələrdə, amma meydanda, cəmiyyətin içində, müzakirənin mərkəzində YOXDUR”.

Ş.Sadiq vurğulayıb ki, ona ən ağrılı gələn budur ki, təhsilin taleyi haqqında əsas söz deməli olan nəsil susur, meydanı isə ya təsadüfi fiqurlar, ya da hələ yolun əvvəlində olan gənclər tutur:

“ Cəmiyyət olaraq bu sualı açıq şəkildə özümüzə verməliyik: “Biz bu boşluğu nə qədər belə daşıyacağıq və nə vaxtsa təhsilin əsl sahibləri – təcrübəli, vicdanlı, cəsarətli mütəxəssislər yenidən səhnəyə qayıdacaqlarmı?” Məncə, heç qayıtmasınlar da...

Çünki bu günümüzün birbaşa günahkarlarıdlar. Sanki bihudə keçən 30 il var arxada… Amma mən ümid edirəm ki, yaxın gələcəkdə bu boşluğu görməyəcəyik, bu gün sistemin içində olanlar, döyüşənlər, bir gün ustad kimi sahədə olacaqlar!

Söhbət hansısa vəzifəni tutmaqdan getmir, söhbət professional ekspert kimi gəncləri maarifləndirməkdən gedir. Söz, mən qocalanda aradan çıxmayacağam”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar