Müğənni Nura Suri növbəti dəfə Mədəniyyət Nazirliyi ilə bağlı ağır ittihamlar səsləndirib.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında fikirlərini bölüşən müğənni Mədəniyyət Nazirliyi əməkdaşının əməllərini ifşa edib.
Müğənninin sözlərinə görə nazirlikdə Nərminə adlı xanım ona dağılmış “Mədəniyyət evi”nə direktor olmağı təklif edib, əvəzində həmin obyektin təmir olunmasını istəyib: “Bu xanım müğənniləri bir-bir bölgələrdə atılmış “Mədəniyyət evləri”nə direktor təyin edirdi. Əlbəttə, müğənnilər öz cibindən binanı təmir etdirəcəkdi, nazirlik isə dövlət hesabına pul siləcəkdi”.
Müğənni qeyd edir ki, “Mədəniyyət evi”nin işçisi olduğu üçün təqdimat veriləcək və daha sonra ona ad təqdim ediləcəkdi: “Mənə də “Əməkdar artist” adı almaq üçün belə bir təklif edilmişdi. Əslində o dönəmlərdə ürəyimdən keçdi, amma valideynlərim yeyinti olacağı deyib icazə vermədilər. Mənim dəyişməməyimin səbəbi də ətrafımda məhz belə vicdanlı insanların olmasıdır. Rüşvət verib nəsə etmək həm dövləti, həm də xalqı aldatmaqdır”.
Müğənninin paylaşdığı videonun şərh bölümündə həmkarı Almaxanım Əhmədova da tənqidi ifadələr səsləndirib. O, Mədəniyyət Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva haqqında ağır ittiham yazıb. "Əslində bir çox sənətçilər gözəl bilirlər ki, Mənzər necə adamdır. Amma qorxduqları üçün susurlar. Çünki Mənzər adlarını dövlət tədbirlərində qara siyahıya salmaq təhdidi ilə onlara hədə-qorxu gəlir. Və vaxtiykən bu sənətçilərin çoxu belə tədbirlərdə iştirak üçün Mənzərə az pay-puş verməyiblər. Ona görə də dillənə bilmirlər. Bunu sübut eləmək üçün əlimizdə səs yazanla gəzməli deyilik. Gördüyümüzü deyirik. Bunu bir nəfər desəydi, inandırıcı olmazdı. Amma bir çoxu Mənzərdən narazıdır. Mədəniyyət nazirinin (Adil Kərimli) qabağında mənim, Nura xanımın, Pərviz Qasımovun, kamança ifaçısı Şəhriyarın, Elvin Novruzovun, Pərviz Fərhadovun, müğənni Təranə Mahmudovanın, tarzən Məsim İslamovun və bir çoxlarının Mənzər barədə şikayət ərizəsi var. 20-yə yaxın şahidin olması böyük göstəricidr”, – deyə müğənni bildirib.