Ru
14:40 / 07 İyul 2026

Tramp Braziliyaya hücuma hazırlaşır?

Tramp Braziliyaya hücuma hazırlaşır?
Eye

İranla müharibəni bitirən ABŞ-nin növbəti hərbi qurbanı Braziliya ola bilər.

Bu ölkənin xarici işlər naziri Maura Vieyra yerli deputatların suallarına cavabında ABŞ-nin Braziliyaya hərbi müdaxilə edə biləcəyinə işarə vurub.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Vieyra çıxışında ABŞ-nin Braziliyaya qarşı hərbi güc tətbiq etməsi ehtimalının olduğunu istisna etməyib.

Qeyd edək ki, ABŞ Braziliyadakı cinayətkar qrupları-PCC və Comando Vermelho (CV)-ni xarici terror təşkilatları kimi tanıyıb.
Hələ mayda ABŞ dövlət katibi Marko Rubio bildirib ki, CV və PCC Braziliyadakı ən qəddar cinayətkar təşkilatlardan ikisidir. Onun sözlərinə görə, bu iki qruplaşmanın təsiri və qanunsuz şəbəkələri Braziliyadan kənara, hətta ABŞ-nin özünə də yayılıb.

Bu fonda Rubio Ağ Evin ABŞ-ni və onun milli təhlükəsizlik maraqlarını qorumaq üçün "bütün mövcud vasitələrdən" istifadə edəcəyini də söyləyib.

Siyasi şərhçi Abutalıb Səmədov Bakupost.az-a bildirib ki, ABŞ-nin Braziliyaya hərbi müdaxiləsini mümkünsüz hesab edir:

“Braziliya nə Venesueladır, nə də Kuba. Braziliya dünyanın nüfuzlu ölkələrindəndir. Bu ölkə dünyanın ən böyük iqtisadi gücə malik dövlətlərindən biridir. Ümumdaxili məhsulu 3 trilyon dollara yaxındır. Braziliya həmçinin BRİCS-in aparıcı üzvlərindən biridir”.
Ekspertin sözlərinə görə, İranda üzləşdiyi çətinliklərdən sonra Braziliyaya müdaxilə etmək ABŞ üçün ağılsız bir hərəkət olardı:
“Güman edirəm ki, Prezident Tramp da bu cür ağılsız addım atmayacaq. Təbii ki, müəyyən təhlükələr var. Braziliya rəsmiləri də məhz həmin təhlükələrə diqqət çəkmək istəyiblər”.
Bu əsasda həmsöhbətimiz düşünür ki, ola bilsin Braziliya xarici işlər naziri də hansısa siyasi məqsədlər naminə sözügedən bəyanatla çıxış edib:

“Ancaq Braziliya XİN rəhbəri və dünyadakı siyasi prosesləri izləyənlər də yaxşı bilir ki, ABŞ-nin bu ölkəyə hərbi müdaxiləsi qeyri-mümkündür. İrana qarşı müharibədə üzləşdiyi çətinliklər, bu ölkəyə quru əməliyyatdan çəkinməsi və Tehranla danışıqlarda güzəştli mövqe tutması göstərir ki, Tramp da müəyyən reallıqları anlamağa başlayıb.

Onu da nəzərə alaq ki, İranla danışıqların uğurla nəticələnməsi ehtimalı da çox aşağıdır. Hətta onlar arasında hərbi əməliyyatların yenidən alolvlanması ehtimalı da qalmaqdadır. Üstəlik, qarşıda aralıq seçkilər gəlir. Bu ərəfədə isə Trampın nüfuzu həddən artıq aşağıdır. Belə vəziyyətdə Braziliyaya qarşı müdaxilə həm Çin, həm də Rusiyanın kəskin narazılığı ilə qarşılanacaq. Braziliya, o cümlədən ABŞ əhalisi də bu cür addımı qəbul etməz”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar