Ru
12:01 / 13 Oktyabr 2025

Trampdan tarixi qərar - İlk dəfə Putini açıq təhdid etdi - FOTO

Trampdan tarixi qərar - İlk dəfə Putini açıq təhdid etdi - FOTO
Eye

ABŞ Prezidenti Donald Tramp xeyli vaxtdır müzakirə olunan “Tomaqavk” raketlərinin Ukraynaya verilməsilə bağlı, belə görünür ki, konkret müsbət qərar verib.

Bakupost.az azpolitika.info-ya istinadən xəbər verir ki, Tramp bu raketlərin Kiyevə ötürülməsinin Vladimir Putini müharibəni dayandırmasına çox ciddi təsir edəcəyinə inanır və buna görə, bu addımı tarixi qərar hesab edir.

Tramp öz təyyarəsində jurnalistlərə açıqlamasında deyib ki, uzun mənzilli “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya verilməsini Vladimir Putinlə müzakirə edə bilər: "Mən deyəcəm ki, "Bax, bu müharibə həll olunmasa, mən onlara (Ukrayna – red.) “Tomaqavk”lar göndərəcəm”. “Tomaqavk” inanılmaz silahdır, hücum silahıdır. Düzünü desəm, Rusiyaya bu lazım deyil”.

Bununla da ABŞ Prezidenti ilk dəfə Rusiyanı hansısa iqtisadi, siyasi, maliyyə və s. sanksiyaları ilə deyil, konkret silah növü ilə açıq təhdid edib. Tramp inanır ki, onun “Tomaqavk” qərarı Putini geri çəkilməyə məcbur edəcək. Belə ki, bununla da Ağ Ev rəhbəri Putinin müharibəni dayandırmağa razı olacağına ümid etdiyini bildirib.

"Əks təqdirdə, "bu, onun(Putin) üçün pis bitəcək", - deyə Tramp əlavə edib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, “Tomaqavk” raketləri, əgər Vaşinqton onları Kiyevə ötürsə, yalnız Rusiya ərazisindəki hərbi hədəfləri vurmaq üçün istifadə olunacaq. O, bu hədəflər sırasına enerji infrastrukturunu da daxil edib, çünki “ruslar enerji resurslarını satırlar, pul alırlar və orduya yatırırlar”.


Bununla belə, Zelenski ABŞ-nin Kiyevi Rusiyanın dərinliklərindəki zərbələr üçün kəşfiyyat məlumatları ilə təmin edib-etməməsi sualına cavab verməkdən imtina edib: "Kəşfiyyatla bağlı bütün məlumatları bölüşə bilmərəm. Biz iki kəşfiyyat qurumumuzun işindən razıyıq. Hazırda onlar arasında çox güclü əlaqələr var".

Putin isə daha əvvəl bəyan etmişdi ki, Kiyevin Amerikanın uzaqmənzilli raketləri ilə təmin edilməsi Rusiya-ABŞ münasibətlərində “pozitiv tendensiyaların məhvinə” gətirib çıxaracaq və eyni zamanda bu, eskalasiyanın “keyfiyyətcə yeni” mərhələsi olacaq. O, Amerika hərbçilərinin birbaşa iştirakı olmadan Ukrayna qüvvələrinin bu raketlərdən istifadə edə bilməyəcəyini vurğulayıb. Eyni zamanda, Putin raketləri vurmağa və “hava hücumundan müdafiə sistemimizi təkmilləşdirməyə” hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, qanadlı raketlər "döyüş meydanında güc balansını qətiyyən dəyişməyəcək" çünki Ukrayna ordusunun şəxsi heyətin artırılması ilə bağlı problemlər var.

Putinin dediklərindən yalnız o həqiqətdir ki, doğrudan da Ukraynaya “Tomoqavk”-ların verilməsi artıq bu müharibədə eskalasiyanın yeni və kifayət qədər təhlükəli mərhələsi olacaq. Ukraynanın bu sialhla Rusiya hərbi və enerji infrastrukturunu “gözünü qırpmadan” vuracağı heç bir şübhə doğurmur. Bu halda Rusiyanın digər sahələrlə yanaşı, onsuz da ağır durumda olan neft email sənayesinə vuracağı ziyanı və bunun fəsadlarını təsəvvür etmək çətin deyil. Eləcə də,bu raketlədən istifadə olunması, onların uçuş məsafəsi və hündürlüyü nəzərə alınmaqla, Rusiyada mülki aviasiya üçün çox böyük problemlər yaradacaq. Nəticədə ola bilsin ki, bütün Ukraynada olduğui kimi, Rusiyanın da bir çox böyük ərazilərində mülki aviasiyanın işi dayandırılsın. Bu isə cəmiyyətin silkələnməsinə, müharibədən narazılıqların, etirazların artmasına səbəb ola bilər.

Digər yandan, Ukraynaya qarşı nüvə silahından başqa demək olar, bütün silahlardan istifadə etmiş Rusiyanın “Tomaqavk”-ların ötürülməsinə nə ilə cavab verəcəyi sual doğurur. Döyüş meydanında heç cür böyük irəliləyişə nail ola bilməyən Moskvanın əindən yalnız Ukraynanın dinc şəhərlərini, enerji infrastrukturunu bombalamaq gəlir ki, bunu da zatən indiyə qədər edib. Bəzilərinin iddia etdiyi kimi, “Tomaqavk”-lara cavab olaraq, Avropa şəhərlərinin bombalanacağı versiyası isə heç cür inandırıcı görünmür, çünki bunun fəsasdları Rusiya üçün olduqca daha ağır ola bilər. Görünür, məhz buna görə, Putin “Tomaqavk” təhlükəsinə ümumi sözlərlə cavab verib və onların cəbhə xəttinə təsir etməyəcəyilə bağlı öz cəmiyyətinə “təskinlik verib”.

Qeyd edək ki, “Tomaqavk”-lar heç də ABŞ-nin ən müasir və sürətli silahı deyil. Buna baxmayaraq, həmin raketlərinin uçuş məsafəsi onun versiyasından asılı olaraq 1600-2500 km arasında dəyişir. ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspertlərinin fikrincə, onlar Ukraynaya verilsə, 2000-ə yaxın Rusiya hərbi obyekti bu raketlərin zərbə radiusu daxilində olacaq. Bu qədər obyektin yerini dəyişmək, onları daha dərinə, geri çəkmək mümkün deyil. Mütəxəssislər hesab edirlərki, Ukrayna bu raketlərlə Rusiya ordusunu silahla təmin edən və onun hücum əməliyyatlarına dəstək verən arxa bölgələri hədəf alaraq cəbhədəki əməliyyatları poza bilər. Əlbəttə ki, bu da ilk növbədə veriləcək raketlərin sayından və uçuş məsafəsindən asılı olacaq.


Daha bir məqam odur ki, bu raketlərin buraxılış anını radarlar və digər vasitələrlə qeydə almaq praktiki olaraq mümkün deyil. Ona görə də Rusiya HHM sistemlərinin onları vurması çox çətin olacaq. Ən əsası, bu raketlər hətta nüvə daşıyıcısı ola bilir və təkcə suda – sualtı qayıqlardan və gəmilərdən deyil, qurudan da buraxıla bilir. Bu isə Kremlin müharibəni başlamaqda məqsədlərindən biri olduğunu bildirdiyi Ukraynanın “demilitarizasiya”sının və NATO-nun Rusiyaya yaxın buraxılmamasının tam əksi deməkdir. Belə ki, Ukrayna nəticədə ən təhlükəli sayıla biləcək NATO silahı ilə təchiz olunur və bu silahlar Rusiya ərazisində istifadə edilir…

“Tomaqavk”-ın nə vaxt veriləcəyi açıqlanmır. Bu müharibənin tarixi göstərir ki, Qərb silahlarının Kiyevə verildiyi yalnız onlar istifadə olunmağa başlayanda məlum olur, daha əvvəldən elan olunmur. Odur ki, Trampın da dediyi kimi, Putin sülhə doğru müvafiq addımlar atmasa, tezliklə “Tomaqavk”-ların “işini” real şəraitdə görə bilərik.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar