Ru
12:15 / 13 Oktyabr 2025

Azərbaycan Qəzza sammitinə niyə dəvət edilib? - İlginc səbəblər

Azərbaycan Qəzza sammitinə niyə dəvət edilib? - İlginc səbəblər
Eye

“Qəzza sammitinin əsas hədəfi Trampın sülh planının ikinci mərhələsinə start verilməsidir. Sammitin keçirilməsi fonunda birinci mərhələ - girovların azad edilməsi icra edilir. İkinci mərhələnin ABŞ prezidenti tərəfindən məhz sammitdə elan ediləcəyi gözənilir”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyaçi şərhçi Asif Nərimanlı bu gün Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək beynəlxalq Qəzza sülh sammiti ilə bağlı bildirib.

Onun fikrincə, növbəti mərhələdə bu addımlar atıla bilər:

- HƏMAS-ın tərkisilah edilməsi və Qəzzanın idarəçiliyindən çıxması;
- Qəzzanın beynəlxalq birliyin təminatında olan müvəqqəti komitə tərəfindən idarə edilməsi (gələcəkdə bölgənin Fələstin administrasiyasının idarəçiliyinə verilməsi gözlənilir) və bölgənin bərpa edilməsi;
- Regional təhlükəsizlik zəmanətlərinin verilməsi, həm İsrail, həm fələstinlilər üçün və s.

Asif Nərimanlının sözlərinə görə, Trampın Qəzza planının ikinci mərhələsinin praktiki müstəvidə icrası ilə bağlı hələ də suallar qalır:

“Birinci mərhələ - girovların azad edilməsi hər iki tərəf - İsrail və HƏMAS üçün sərfəli olsa da, ikinci mərhələ haqda bunu demək çətindir.

A.Nərimanlı hesab edir ki, HƏMAS silahı buraxmaq istəmir və Qəzzanın idarəçiliyinin beynəlxalq nəzarətə verilməsini xarici müdaxilə hesab edir: qruplaşma ağır texnikadan imtina etmək qarşılığında bölgədə qalmaq variantını düşünə bilər. İsrail isə HƏMAS-ın tərkisilah edilməsinə qədər tam geri çəkilmək istəmir və Qəzzada Fələstin administrasiyasının olmasına qarşıdır:

"Bu baxımdan, ABŞ-nin təşəbbüsü ilə Misirdə keçirilən Qəzza sammiti məhz planın ikinci mərhələsinin təmin edilməsi məqsədi daşıyır.

1.Qəzza planında əks olunan beynəlxalq dəstəyi praktiki mərhələyə keçirmək;
2. Beynəlxalq dəstək fonunda hər iki tərəfə – HƏMAS və İsrailə planın icrası məqsədilə təzyiq etmək;
3. Qəzzanın bərpası prosesinə müxtəlif ölkələri cəlb etmək”.

Şərhçi qeyd edib ki, Azərbaycan üçün Qəzza sammiti Prezident İlham Əliyevin iştirakı fonunda xüsusilə maraqlıdır:

“Əliyevin belə bir sammitə dəvət edilməsində Azərbaycanın Yaxın Şərqin gələcəyinin qurulmasında potensial iştirakçılardan olması rol oynayır: Bakı Qəzza münaqişəsinin faktiki tərəflərindən olan Türkiyə və İsrail arasında təmasların təşkil edilməsi təcrübəsinə sahibdir və bölgədə sülhün gəlməsinə hesablanmış Tramp planında da aktiv fəaliyyət göstərə bilər”.

A.Nərimanlının fikrincə, Azərbaycanın Qəzza sammitinə dəvət edilməsində iki amil də qeyd olunmalıdır:

Birincisi, Trampın yenidən aktuallaşdırdığı “İbrahim razılaşmaları”dır.

İsail və ərəb ölkələri arasında əməkdaşlığa hesablansa da, ABŞ Administrasiyasının coğrafiyanı genişləndirərək, Orta dəhliz xəttindəki ölkələri də daxil etmək istədiyi “İbrahim anlaşmaları”nda Azərbaycanın da yer alması gözləntiləri var. Qəzzada sülhün əldə edilməsi “İbrahim razılaşmaları”nın perspektivini müəyyən edəcək, bu baxımdan, regionun gələcəyinin həll edildiyi sammitdə Azərbaycan liderinin iştirakı ABŞ üçün vacib görünür.

İkincisi, Azərbaycan Qəzzanın bərpasında iştirak edə bilər.

Sammitdə bu məsələnin müzakirə ediləcəyi və digər iştirakçı ölkələr kimi, Azərbaycandan da bölgənin yenidən qurulmasında iştirakının istənilməsi istisna edilməməlidir”.

Lalə Novruz, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar