"İranla atəşkəs mənim üçün bitdi".
"Bakupost" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti ərəfəsində bildirib.
Ardınca ABŞ lideri İranla anlaşmanın vaxt itkisi olduğunu deyib.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov
Bakupost.az-a bildirib ki, ABŞ şərtləri qəbul etdirmək üçün bir müddət İrana zərbələr endirəcək:
“Ondan sonra yenə də danışıqlar formal olacaq. Digər tərəfdən, bu İranın real rəhbərliyi hesab olunan SEPAH-da hansısa fiqurlarının hakimiyyətdən uzaqlaşdırılması üçün müəyyən əməliyyatların baş verəcəyi siqnalına oxşayır. Görürük ki, İran tərəfindən danışıqlarda iştirak edən fiqurların bu və ya digər addımları qərar qəbul edən bəzi şəxslərin xoşuna gəlmir. Bu baxımdan, şərtlərə razılıq verilənədək İranda hakimiyyətdə olan siyasi elitanın dəyişməsi prosesi davam etdiriləcək”.
Müsahibimiz hesab edir ki, İranla ABŞ arasında son insidentlə Türkiyədə keçirilən NATO sammitinin eyni vaxta düşməsi arasında birbaşa bağlantı yoxdur:
“Trampın Ankarada olarkən İranla atəşkəsin bitdiyini bəyan etməsi Tehranın Hörmüz boğazında həyata keçirdiyi son addımları ilə bağlıdır. Düzdür, NATO sammitində, İranla bağlı məsələ də daxil olmaqla müxtəlif bəyanatlar veriləcək. Hazırda NATO daxilində müxtəlif mövzular ətrafında möqelər xeyli dərəcədə fərqlənir. Amma İran müttəfiqlər arasında problem yaradanlar siyahısında yoxdur”.
Rüfət Sultan,
BakuPost