Türkiyədə İstanbul Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində məşhurların da yer aldığı yeni əməliyyat keçirilib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində 10 şübhəli barəsində “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və istifadə etmə” maddələri ilə həbs qərarı verilib.
Əməliyyat nəticəsində Aleyna Tilki, Danla Bilic, Mümine Senna Yıldız və İrəm Sak saxlanılıb. Ünvanlarında tapılmayan Cihan Şənsözlü, Melisa Döngəl və Yusuf Güney barəsində isə axtarış elan edilib.
Prokurorluğun məlumatına görə, ölkə xaricində olan Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində də həbs qərarı çıxarılıb.
İstintaq zamanı Mümine Senna Yıldızın evində aparılan axtarışda 5 qram marixuana və narkotik üyütmə aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, son aylarda Türkiyədə media və şou-biznes nümayəndələrinə qarşı narkotik əməliyyatları ardıcıl xarakter alıb. Daha əvvəl keçmiş "Habertürk TV" baş redaktoru Mehmet Akif Ərsoy və aparıcı Ela Rümeysa Cebeci də narkotik işi ittihamı həbs olunmuş, test nəticələrinin müsbət çıxdığı bildirilmişdi.
Hazırda istintaq davam edir, həbslərin davam etmə ehtimalı var.
Cavid, BakuPost