Ukrayna ilə sərhəddə yerləşən bölgələrdən həyəcanlı xəbərlər gəlir. Kiyev, Rusiyanın Bryansk vilayətinə yaxın Çerniqov vilayətində təxminən 50 min nəfərlik hərbi kontingent toplayıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bu qruplaşmanın tərkibi xüsusi narahatlıq doğurur. Onun təxminən yarısının Polşa, Gürcüstan və Türkiyədən olan muzdlu döyüşçülərdən ibarət olduğu iddia edilir.
Mənbə bildirir ki, bu genişmiqyaslı qüvvə toplanmasının məqsədi Rusiya sərhədinə növbəti cəsarətli hücuma hazırlıqdır. Regionda gərginlik artıq pik həddə çatıb. Son həftə ərzində Rusiya sərhədçiləri və desant qüvvələri onlarla kiçik diversiya qrupunun hücumunu dəf edib, Klimovski rayonunda bir neçə ukraynalı kəşfiyyat qrupunu zərərsizləşdirib.
Dünən ukraynalılar Novıye Yurkoviçi–Klimovo yolundakı avtomobil körpüsünü optik lifli kabellə idarə olunan dron vasitəsilə partlatmağa cəhd ediblər. Bu əməliyyatlara Ukrayna Silahlı Qüvvələrinin sahə qərargahları Qorodnya, Koryukovka və Novqorod-Severski yaşayış məntəqələrində rəhbərlik edir.
Məlumata görə, Ukrayna may ayında qüvvələrini Kursk vilayətindən çıxardıqdan sonra Bryansk sərhədində ehtiyat qüvvələrini aktiv şəkildə toplamağa başlayıb. Rusiya komandanlığı isə sərhəddə yerləşən qoşun qruplaşmasını gücləndirib,150 kilometrlik əhatə zonasında aviasiyanın döyüş hazırlığını artırıb, diversantların sərhədi keçmə cəhdlərinin qarşısını uğurla alıb.
Lalə,
BakuPost