Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yerləşən strateji neft-kimya müəssisəsinə zərbə endirib.
Bakupost.az xəbər verir ki, yanvarın 6-da həyata keçirilən hücum nəticəsində Rusiyanın mühüm neft-kimya komplekslərindən biri - “Sterlitamak" Neft Kimya Zavodu hədəfə alınıb. Hücuma məruz qalan sahədə aviabenzin istehsalında istifadə olunan agidol maddəsi emal olunan müəssisədə yanğın başlayıb.
Mənbələrə görə, bu müəssisə Rusiyanın hərbi sənaye kompleksi və ordusu üçün strateji əhəmiyyətə malik məhsullar istehsal edir.
Rəsmi Moskva hələlik bu hücumla bağlı açıqlama verməyib.
Başqırdıstan Rusiyanın Ural regionunda yerləşir və Ukrayna ilə sərhəddən minlərlə kilometr uzaqdadır. Bu zərbə Ukraynanın neft emalı və enerji infrastrukturunu hədəf alan hücumlarının Rusiyanın içərilərinə doğru uzandığını göstərir.