Ru
22:28 / 24 Aprel 2026

Uşaqların mənəvi və fiziki inkişafı niyə zəifləyir? – SƏBƏBLƏR

Uşaqların mənəvi və fiziki inkişafı niyə zəifləyir? – SƏBƏBLƏR
Eye

Uşaqların hüquqları və onların sağlam inkişafı məsələsi hər zaman dövlət siyasətinin ən həssas və strateji istiqamətlərindən biri olub. Ulu öndər Heydər Əliyev 1999-cu il avqustun 26-da “Uşaq hüquqları” mövzusunda keçirilmiş respublika konfransında çıxışı zamanı bu məsələni xüsusi vurğulayaraq qeyd edirdi ki, uşaqlara göstərilən diqqət əslində gələcək nəsillərin sağlam yetişməsini təmin etmək deməkdir. Onun fikrincə, uşaqların tərbiyəsi yalnız ailənin deyil, bütövlükdə dövlətin və cəmiyyətin üzərinə düşən məsuliyyətdir və ölkənin gələcəyi birbaşa olaraq bu gün böyüyən nəslin necə formalaşmasından asılıdır.


Bu günlərdə isə mövzu yenidən aktuallaşıb. Son aylarda məktəblərdə baş verən neqativ hadisələr cəmiyyətdə narahatlıq yaradıb və hər kəs bu sualın cavabını axtarır: Problem yeni yaranıb, yoxsa biz indi fərqinə varırıq?

Bəziləri hesab edir ki, əsas fərq uşaqların həyatına texnologiyanın, xüsusilə sosial şəbəkələrin sürətlə daxil olmasıdır. Əvvəllər uşaqlar daha çox bir-biri ilə ünsiyyətdə olur, kitablar, idman və s. kimi ümumi maraqlar ətrafında bir araya gəlirdilər. Bu gün eyni mühitdə olanda belə, diqqət daha çox telefon və virtual platformalara yönəlir. Bu da həm ünsiyyət bacarıqların formalaşmasına, həm də davranışlara ciddi təsir göstərir.

Başqa bir yanaşmada isə problem məktəblə əlaqələndirilir, problemin daha çox təhsil mühitində axtarılmalı olduğu fikri irəli sürülür. Qeyd olunur ki, əvvəllər müəllim nüfuzu daha yüksək idi və məktəb mühiti uşağın davranışına ciddi təsir göstərirdi. Hətta evdə sözə baxmayan uşaq məktəbdə müəllimin qarşısında özünü fərqli aparırdı. Bu gün isə müxtəlif səbəblərdən müəllim nüfuzunun zəiflədiyi deyilir. Mütəxəssislərin fikrincə, müəllimlərə qarşı tətbiq olunan bəzi inzibati və cərimə mexanizmləri onların səlahiyyət və təsir imkanlarını məhdudlaşdırıb.Beləcə, həm müəllim-şagird münasibətlərində, həm də ümumi təlim-tərbiyə prosesində əvvəlki effektivlik hiss olunmur.



Mövzu ilə bağlı Bakupost.az-a danışan sosioloq və psixoloq Naib Niftəliyev bildirib ki, pedaqoji fəaliyyətə bu cür kəskin sosial-siyasi və hüquqi müdaxilələr təhsilin keyfiyyətinə mənfi təsir göstərir və şagirdlərin davranışlarının tənzimlənməsində müəyyən boşluqlar yaranır:

“Biz qanunvericilikdə düzgün tənzimləmələrin, müəyyən sanksiyaların tərəfdarıyıq. Amma bütün bunlar uşaq hüquqları və vətəndaş hüquqları çərçivəsində olmalıdır. Təhsillə bağlı belə müddəaların tətbiqi ayrıseçkilik və stiqmadır. Yəni “Təhsil haqqında” qanunda müəyyən məsələlər nəzərdə tutula bilər, amma cərimələrin mütləqləşdirilməsi, bunu gündəmə gətirmək düzgün deyil. Müəllimlər nə qədər qazanırlar ki, nə cərimə ödəsinlər? Bu, təhsil üçün yol verilməzdir”.

Sosioloqun sözlərinə görə, uşaqların mənəvi və fiziki inkişafında müəyyən zəifləmə müşahidə olunur və bu, yalnız təhsil sistemi ilə izah edilə bilməz:

“Burada iqtisadi səbəblər, qidalanma keyfiyyəti və ümumilikdə qida təhlükəsizliyi də rol oynayır. Uşaqlar sağlam və keyfiyyətli qidalanmalıdır ki, həm fiziki, həm də mənəvi inkişaf normal getsin. Bu baxımdan məsələ aydındır.

Digər tərəfdən, biz tərbiyəçilərə, pedaqoqlara, müəllimlərə qarşı ayrı-seçkilik və stiqma tətbiq edirik. “Müəllim onu etməlidir, bunu etməlidir”, “Müəllim öyrətməlidir, amma tənbeh edə bilməz”. Müəllim uşağa bir az tələbkarlıq edirsə, bu artıq psixoloji təzyiq kimi qiymətləndirilir. Siz də bağışlayın, belə olan halda bu “anası ölmüş müəllim” nə etməlidir? Bu ifadə xoşagəlməz ola bilər, amma reallıq budur ki, tərbiyə prosesində müəllimlik peşəsi arzuolunmaz fəaliyyət səviyyəsinə gəlib çatır. Kimlərsə süni intellektlə müəllim obrazını əvəz edə biləcəklərini düşünürlərsə, bu, böyük yanlışlıq və tarixi səhvdir.
Heç bir halda intellekti, düşüncəni, ağılı hansısa bot əvəz edə bilməz. Texnologiya insan üçün məqsəd deyil, vasitədir. İnsan qərar vermədiyi halda, hansısa robot və ya bot onun əvəzinə qərar verəcəksə, bu artıq ciddi problemdir. Ona görə də nəzərə almalıyıq ki, öndə də, arxada da, mərkəzdə də hər zaman insan dayanır”.

N.Niftəliyevin fikrincə, uşaqların tərbiyəsində əsas məqsəd onların şəxsiyyət kimi formalaşması olmalıdır:

“Şəxsiyyət kimi formalaşdırmaq o demək deyil ki, edilən müəyyən iradlar, tənbeh və intizam tələbləri təzyiq, mobbinq və ya bullinq kimi qiymətləndirilməməlidir. Hər anlayışın öz yeri və mənası var. Amma bunu bəhanə edib, sui-istifadə edərək qanunvericilikdə müəllimləri sıxışdıracaq, aşağılayacaq müddəalar əlavə etmək, cərimələrin sayını artırmaq düzgün deyil.
Açıq deyim, bəzi deputatların bu məsələyə yanaşması suallar doğurur. Onların arasında təcrübəli pedaqoqlar da var. Amma bu cür qərarları belə həvəslə qəbul edirlərsə, sual yaranır: Müəllimlərə qarşı bu münasibətin səbəbi nədir? Sıxışdırılan müəllimdən keyfiyyətli təhsil gözləmək nə dərəcədə məntiqlidir?”.


N.Niftəliyev qeyd edib ki, problem kifayət qədər ciddidir və sosioloji araşdırmalara ehtiyac var:

“Bu məsələlərin həlli mümkündür, sadəcə düzgün yanaşma tələb olunur. Əsas məsələ sosial-pedaqoji və sosial-psixoloji amillərin düzgün əlaqələndirilməsidir. Tərbiyə həm də psixoloji idarəetmə prosesidir. Mənəvi və fiziki tərbiyə bir-biri ilə sıx bağlıdır. “Sağlam bədəndə sağlam ruh olar” prinsipi klassik zamanda çox geniş tətbiq olunur. Amma biz bunu unutmuşuq. Şagirdlərin istirahət məkanlarını belə əllərindən almışıq. Hər yer özəlləşdirilib, hər yer mülkiyyət çərçivəsindədir. Vətəndaşlar üçün ictimai yerlərin sayı kifayət qədər deyil. Ona görə fiziki tərbiyəyə də xüsusi diqqət yetirilməlidir və bu, mənəvi tərbiyə ilə paralel aparılmalıdır.
Əgər biz pedaqoqları sıxışdırırıqsa, onların metodikasına mane oluruqsa və səbəbsiz cərimələr tətbiq ediriksə, problemlər davam edəcək”.



Sosioloq əlavə edib ki, uşaq hüquqları ailə və cəmiyyətin mənəvi dəyərləri qorunmaqla təmin olunmalıdır:
“Bu işi bacaran müəllimlərin sayı az deyil. Amma biz müdaxilə etməklə, müəllimə güllə atmaqla, onu şagirdin əvəzinə “küncə qoymaqla” vəziyyət daha da ağırlaşır. Müəllimin nüfuzu zəiflədikcə şagird davranışı da dəyişir. Bir çox hallarda şagirdlər müəllimin yumşaqlığından istifadə edir, məsuliyyətsiz davranırlar. Bu problemlərin qarşısını almaq üçün düzgün tənzimləmə, müəllim və valideynlərin birgə əməkdaşlığı vacibdir.
Açıq deyəcəm. Hətta bəzi valideynlərin özlərinin də tərbiyəyə ehtiyacı var. Sosial şəbəkələrdə vaxt keçirərək uşaqları nəzarətsiz buraxmaq ciddi problemə çevirib.
Burada əsas problem müdaxilə ilə nəzarətin qarışdırılmasıdır. Biz nəzarət etməliyik, amma müdaxilə edirik. Bu səbəbdən problemlər artır və artmaqda da davam edəcək. Çıxış yolu isə aydındır: müdaxiləni azaltmaq, şəffaf nəzarət mexanizmləri qurmaq və müəllimin nüfuzunu qorumaq” .


Lalə,
BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar