İran hökuməti ölkədə davam edən etirazlarla bağlı sərt xəbərdarlıq edib.
Bakupost.az İran mediasına istinadən xəbər verir ki. ölkənin Baş Prokurorluq və Məhkəmə rəhbəri Qulamhüseyn Muhsini Ejei çıxışında xalqın protest hüququnu tanıdıqlarını, lakin üsyancılara qarşı güzəşt göstərilməyəcəyini bildirib. O, Baş Prokurora və ölkə prokurorlarına üsyançılara və onları dəstəkləyənlərə qarşı sərt hərəkət etmələri, heç bir mərhəmət və güzəşt göstərməmələrini tapşırıb.
İranın dini lideri Ayətullah Əli Xameneyi də etirazçıların iqtisadi tələblərini haqlı saydığını, lakin üsyancılara sərhədlərin xatırladılması zərurətini vurğulayıb. Ötən həftə Tehranda başlayaran etirazlar ölkənin 31 əyalətindən 25-də yayılıb. Ən az 45 şəhərdə müxtəlif miqyaslı aksiyalar keçirilib. Fars Xəbər Agentliyinə görə, dünən gecə əvvəlkilərlə müqayisədə etirazçıların sayında azalma baş verib.
Beynəlxalq insan haqları təşkilatları xəbər verir ki, Tehran, Şiraz və ölkənin qərb bölgələrində həbs olunanların sayı 990 nəfəri keçib. Rəsmi məlumatlara görə, 30 dekabrdan bəri etirazlar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda ən az 12 nəfər həyatını itirib, qeyri-rəsmi mənbələr ölənlərin sayını ən az 29 nəfər olduğunu deyir.
Etirazlar İran riyalının son günlərdə rekord səviyyədə dəyər itirməsi fonunda başlayıb. Əsasən dükan sahiblərinin başlatdığı etirazlara sonradan tələbələr də qoşulub. Bundan sonra etirazlar qısa müddət ərzində ölkənin digər şəhərlərinə yayılıb.
Cavid, BakuPost