Ru
12:10 / 28 Avqust 2019

Xalqın, dövlətin Şeyxülislamı - Əliməmməd Nuriyevin yazısı

7362
 

Müasir tarixşünaslığın əsasını qoyan Volter tarixi dövrlərin və hadisələrin obyektiv təsviri, təhlili üçün yalnız siyasi və hərbi məsələlərdən bəhs edilməsinin, əsas diqqətin bu sahələrə yönlədilməsinin yetərli olmadığı ilə bağlı yeni yanaşma irəli sürdü. Volterə görə, obyektiv təhlil və dəyərləndirmə üçün mütləq bu hadisələrin baş verdiyi mədəni kontekst və əsas proseslərin iştirakçısı olan şəxslərin həyatının, xarakterinin müxtəlif aspektlərini də nəzərdən keçirməklə tam mənzərini görmək mümkündür.


Tarix fatal, mücərrəd bir proses deyil, əksinə mürəkkəb və ziddiyətli, böyük kütlələrin və öz parlaq zəkası, müdrikliyi, xarakteri, cəsarəti, düşüncələriylə zamana möhür vuran, iz qoyan ayrı-ayrı şəxslərin iştirak etdiyi dinamik prosesdir. Böyük filosof Hegelə görə bu cür şəxslər dünya zəkası, ruhunun alətidirlər və onların vasitəsilə öz məqsədlərinə nail olmağa çalışır. Dini təlimlərə görə, böyük şəxsiyyətlər Allahın buyruğu ilə seçiliblər və onlara həvalə olunan missiya daşıyırlar.


Çağdaş tariximizə nəzər salsaq çox sayda bu cür şəxslərin adlarını çəkə bilərik, onlar öz düşüncələri, addımları və ideyaları ilə tariximizə yön veriblər. Çağdaş tariximizin qəhrəmanlarından biri də şübhəsiz ki, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadədir.


Çox az sayda insanlar var ki, taleyi, həyatı, fəaliyyəti xalqın taleyi ilə bu qədər sıx çuğlaşsın, fəaliyyəti öz dövrünün əsas hadisələrindən qırmızı xətlə keçsin. Çağdaş tariximizin əsas hadisələrində, tariximizin yolayrıclarında onun şəxsiyyəti, fəaliyyəti qabarıq şəkildə görünür. Çağdaş tariximizin bütün mərhələlərində onun birləşdirici rolu, milli vəhdət, bütövlüyün təmin edilməsinə, müstəqillik və suverenliyin qorunmasına yönəlik fəaliyyəti xüsusilə nəzərə çarpır. Bütün hadisələrdə və epizodlarda biz A.Paşazadənin cəsarətini, müdrikliyini, mətnliyini görürürük. Xalqımızın qəhrəmanlıq səhifələrindən olan 20 Yanvar hadisələri zamanı o vaxt Bakıya gələn Primakovla görüşdə hakimiyyəti götürmək təklifinə verdiyi cavab Şeyxin düşüncəsini, xarakterini, milli təəssübkeşliyini anlamağa imkan verir. Primakovun bu təkilfini sərt şəkildə rədd edərək, "Mən sizin məqsədinizi anladım, ona görə qəti deməliyəm ki, təklif etdiyiniz vəzifəni tuta bilməyəcəyəm. Mənim 2 rükət namazım sizin təklif etdiyiniz hakimiyyətdən qat–qat üstündür! Mən Buxaradakı Mir-Ərəb mədrəsəsinə daxil olmuşam, Moskvadakı Ali Komsomol məktəbinə yox!”, - deyib və Moskva emissarı qarşısında əsl, gerçək İslam ideallarına, milli mənəviyyata malik dini lider görüb.


Vəzirovun və Polyaniçkonun da analoji təklifinə yox deyən A.Paşazadənin biriniciyə xitabı da çox ibarətəmizdir: "Xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?”.

 

 


20 Yanvar hadisələrinin, şəhidlərin dəfn mərasiminin milli birlik, həmrəylik və milli mübarizə rəmzinə çevrilməsinin də əsas ideya müəlliflərindən biri A.Paşazadədir desək yanılmarıq. Allahşükür Paşazadə 30 yanvar 1990-cı ildə "Azərinform”a açıqlamasında Sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan üzdəniraq "islam amili”ni "fitnəkar ittiham” adlandırmışdı: "Zaqafqaziya müsəlman ruhaniləri siyasi mübarizədə və millətlərarası münaqişələrdə dini ideyalardan istifadə olunmasını yolverilməz hesab edirlər. Regionda vəziyyətin hətta ən gərgin anlarında biz zəkaya, dincliyə, mehriban qonşuluğa çağırmışıq.


Məhz buna görə də sabitliyi guya "islam amilinin” pozduğunu iddia etmək xüsusilə hiddət doğurur. Açıq-aşkar görünür ki, bunu iddia edənlər tamamilə məlum bir niyyət güdürlər - müsəlmanları xristianlara qarşı qoymaq. Belə bir vəziyyət millətlərarası münaqişəni daha da şiddətləndirər. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalqla, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz”. QMİ sədrinin SSRİ rəhbərini belə kəskin ittiham etməsi bütün dünyada böyük rezonans verdi. Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ittiham edən ilk belə bəyanat idi.

 

 


A.Paşazədə son 29 ildə də bu mövqeyinə, missiyasına sadiq qalıb.


A.Paşazadənin barışdırıcı, milli həmrəyliyin təmin edilməsi istiqamətində missiyası 1993-cü il iyun hadisələri, ölkəmizin müxtəlif bölgələrində baş qaldıran separatçı qüvvələrin planları və qəsdlərinin qarşısının alınmasında da davam etdi. A.Paşazadə nufuzu, avtoriteti və müdrikliyi ilə hər zaman ölkəmizi bölmək istəyən, milli, dini təfriqə yaratmağa çalışan qüvvələrə qarşı çıxdı. Ölkənin ruhani liderinin nüfuzu, onun barışdırıcı missiyası və şəxsiyyətinə olan hörmət bu proseslərdə mühüm rol oyandı.


A.Paşazadə dini, ruhani lider kimi ölkəmizdə dini-mənəvi dəyərlərin dirçəldilməsi, dini təfriqələr yaratmaq cəhdlərinin qarşısının alınması, vətənimizin məzhəb savaşlarından mühafizəsində çox böyük zəhməti, əməyi var. Şeyx həzrətləri ölkəmizdə dini ekstremizmə, radikalizmə, məzhəb qarşıdurmasına qarşı mübarizə istiqamətində, İslam həmrəyliyi uğrunda fədakarcasına çalışıb. Onun nufuzu, birləşdirici yanaşması, dövlət-din münasibətlərinin tənzimlənməsində konstruktiv, modern baxışı, təmkini ölkəmizdə dini sabitliyin qorunub saxlanılmasında mühüm rol oynayıb. A.Paşazadə bu məslələrdə xüsusilə müdrikliyi ilə seçilib, onu təcrübəsi, uzaqgörənliyi zamanında dövlət-din münasibətlərinin düzgün məcrada inkişaf etməsi, ötəri meyillərin uzunmüddətli təsirlərdən fərqləndirilməsi və müvafiq strategiya işlənməsinə imkan yaradıb.


A.Paşazadəyə xas ən yüksək keyfiyyətlərdən biri təmkinli və humanist olmaq, tədbirli davranıb hisslər, emosiyalara qapılmamaq, ani qərarlar verməkdən çəkinmək məhz bu sahədə özünü parlaq şəkildə göstərib. Onun bu yanaşması, addımları 90-cı illərin əvvəllərində xarici missonerlərin Azərbaycana ayaq açmasından tutumuş, İŞİD-lə bağlı son olaylar, radikal dini cərəyanların ölkəmizdə təşkilatlanmağa, legitimlik qazanmağa çalışdığı proseslərdə, siyasətdə din amilinin qabardılmasına çalışıldığı zamanlarda öz təmkini, uzaqgörənliyi ilə müdafiə və hücum strategiyalarının kombinasyasından ibarət siyasəti, milli vəhdətə yara vurmamağı əsas şərt kimi nəzərdə tutaraq, bu təhdidlərin neytrallaşdırılmasında əsas amillərdən oldu.


Bu baxımdan təkamül və ənənələrə sadiqlik, milli təcrübənin formalaşdırılması A.Paşazadənin dini lider kimi fəaliyyətinin əsas səciyyəvi xüsusiyyəti kimi fərqləndirilə bilər. Əgər bu gün ölkəmizdə dini sabitlik təmin olunubsa, bütün xarici təhdidlərə, təsir və dəstəyə, sərf edilən çox böyük resurslara baxmayaraq dini ədavətə qarşı cəmiyyətin müqaviməti formalaşıbsa, bu həm də A.Paşazadənin dini lider kimi fəaliyyətinin uğurları ilə də şərtlənir.

A.Paşazadənin çoxşaxəli fəaliyyətində diqqətçəkən məqamlardan biri də Azərbaycanın müstəqil dövlət kimi tanıdılması, İslam aləmi ilə əlaqələrinin inkişaf etdirilməsi, həmçinin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi işlərdir. Mübağiləyə yol vermədən demək olar ki, A.Paşazadə hazırda İslam dünyasnın liderlərindən sayılır və o, bundan ölkəmizin mövqelərinin güclənnməsi üçün səmərəli istifadə edir. Şeyx həzrətləri Şimali və Cənubi Qafqazda münaqişələrin həlli, humanitar missiyaların həyata keçirilməsi, dinlərarası dialoqun həyata keçirilməsində vacib təşəbbüslərə imza atıb. Allahşükür Paşazadənin səyi nəticəsində 1991-ci ildə sovet respublikaları içərisində Azərbaycan birinci olaraq İslam Konfransı Təşkilatına üzv qəbul edilmişdir. "Qafqaz Evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində işlər görülmüşdür. Bu cür xidmətinə görə, "Çeçen qəhrəmanı” adlı ali mükafata layiq görülmüşdür. 2009-cu ilin iyununda Moskvada keçirilən beynəlxalq konfransda MDB ölkələri dini rəhbərlərinin birgə qərarı ilə MDB müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri seçilməsinə səbəb olmuşdur. QMİ sədri beynəlxalq aləmdə həm dini lider, həm də ictimai xadim kimi böyük nüfuza malikdir. A.Paşazadənin Ümumdünya İslam Konqresinin, Ümumdünya İslam Xalq Rəhbərliyinin, Ümumdünya Sülh Şurasının, Avrasiya İslam Şurasının, "Vicdana çağırış” Beynəlxalq Fondunun və s. beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü olmasını misal göstərmək olar.


Ölkəmizin dinlərarası dialoq məsələlərində beynəlxalq aləmdə əsas ideya mərkəzlərindən birinə çevrilməsi, tolerantlıq mühtinin formalaşmasında A.Paşazadənin də xidmətlərini qeyd etmək lazımdır. Bu sahədə də Şeyx həzrətləri hər zamankı kimi uzaqgörənlik və diplomatik ustalıq nümayiş etdirib. Məhz onun təşəbbüsü ilə Rus Pravoslav Kilsəsinin Azərbaycandakı yepiskopu 20 Yanvar şəhidlərin dəfn mərasimində iştirak etdi və bununla da faciənin bütün xalqlar tərəfindən pislənildiyi açıq nümayiş etdirildi. O zamandan əsası qoyulan bu proses bu gün uğurla davam etdirilir və A.Paşazadə İslam dünyasının digər dinləri ilə dilaqunun qurulmasında, əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsində ön sıradadır.


A.Paşazadənin naliyyətləri, titulları, elmi əsərləri mükafatları barədə çox danışmaq, yazmaq olar. A.Pazazadə öz fəaliyyəti, elmi yaradıcılığı ilə çox zəngin irs yaradıb və irs, miras xalqımızın mədəni, bilik, mənəvi xəzinəsinə əhəmiyyətli töhflərdəndir. Xalqmız da, dövlətimiz öz Şeyxinə gərək ehtiramı göstərir və hər zaman xidmətlərini qeyd edir.


Sonda qeyd edək ki, Paşazadənin bütün tərcümeyi-halı, fəaliyyətində bir məqam xüsusilə seçilir, bunu doğurdan da başlıca məqam kimi fərqləndirmək, məxsusi vurğulamaq lazımdır. Allahşükür Paşazadə hər zaman xalqın yanında olub, ən çətin anlarda, kritik vəziyyətlərdə, dövləti seçib, dövlətə, dövlətçiliyə dəstək verib, milli vəhdət, birlik, həmrəylik üçün çalışıb, hansısa qrupların, güclərin yox, xalqın, dövlətin Şeyxülislamı kimi çıxış edib.


Əliməmməd Nuriyev,

"Konstitusiya Araşdırmalar Fondunun prezidenti
Xalqın, dövlətin Şeyxülislamı  - Əliməmməd Nuriyevin yazısı
Xalqın, dövlətin Şeyxülislamı  - Əliməmməd Nuriyevin yazısı
Xalqın, dövlətin Şeyxülislamı  - Əliməmməd Nuriyevin yazısı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər