Abşeron rayonu, Masazır qəsəbə sakinləri ev telefonlarının heç bir xəbərdarlıq olunmadan kəsilməsindən şikayətçidirlər.
Bu barədə Bakupost.az –a müraciət edən sakinlər bildiriblər ki, artıq 2 həftədən çoxdur ev telefonları işləmir.
Qəsəbə sakini Elnurə Nəbiyeva Bakupost.az –a bildirib ki, dəfələrlə AzTelecom-a müraciət edib. Əvvəlcə, telefon borcunun olduğunu, ödəniş etdikdə açılacağını deyiblər. O, borcu son qəpiyinə kimi ödəyib, amma heç bir dəyişiklik yoxdur:
“Əvvəlcə xətlərdə problem olduğunu düşündüm. 2-3 gün keçməsinə baxmayaraq, telefon açılmadı. Məhləmizin aşağısında ATS var. Oraya yaxınlaşdım. Dedilər ki, xətlər yenilənir, Xırdalandakı ATS-ə gedin. Oraya getdim, bildirdilər ki, telefon xətləri yenilənir. Ya 110 manat ödəyib GPON aparatına keçməlisiniz, ya da heç bir ödəniş etmədən ayda 21 manat ödəməklə yeni internet xəttinə qoşulmalısınız. Pulsuz modem verilir, telefon xətti də açılır. Üstəlik,1 illik müqavilə imzalanır. Əgər 1 ildən tez internet xəttindən çıxılsa, 140 manat cərimə olunursunuz. Mən başa düşə bilmirəm, evimdə internet xətti ola-ola niyə başqa xəttə keçməliyəm?! Üstəlik, heç bir xəbərdarlıq etməyiblər. Belə şey olar?! Bəlkə təcili kiməsə zəng etməliyəm?! Bəlkə 110 manat verməyə imkanım yoxdur?! Niyə buna məcbur edirlər?! Mən GPON aparatını istəmirəm, köhnə qaydada, kabellə telefon xəttini bərpa etsinlər. Əvvəlcədən xəbərdarlıq olunsa, yenə birtəhər pul düzəldib həll edərdik. Amma bizi 110 manat ödəməyə niyə məcbur edirlər?! Belə çıxır ki, mənim 110 manatım yoxdursa, telefonsuz qalmalıyam?!”.

Qəsəbənin digər sakini Şəfiqə Abbasova isə deyir ki, ancaq ev telefonundan istifadə edir. Ona görə də məcbur qalıb 21 manatlıq internetə keçib:
“Mən yaşlı, pensiyaçı qadınam. Mobil telefondan, internetdən başım çıxmır. Oğlum, qızımla ev telefonu ilə əlaqə saxlayıram. Mənə də heç bir xəbərdarlıq etmədilər. ATS-ə getdim, dedilər, ya 110 manat ödə, ya da ayda 21 manat ödəməklə internet xəttinə keçin. Pensiyaçı adamam, nə üçün 110 manat ödəyim?! Məcbur qalıb 21 manatlıq internetə keçdim. Məhləmizdə çox adamın telefonu işləmir. Hamıya eyni sözü deyirlər”.
Araşdırmamız zamanı məlum oldu ki, vətəndaşlar sözügedən internet xəttindən də çox narazıdırlar. Belə ki, bu internet xətti ilə bağlı sosial şəbəkələrdə “Tez-tez internet kəsilir”, “Sürət zəifdir”, “Telefona zəng gələn kimi internet kəsilir” kimi şərhlər yazılıb.
Məsələ ilə bağlı AzTelecom-la əlaqə saxladıq. Qurumdan Bakupost.az –a bildirildi ki, sözügedən ərazidə mis xətt şəbəkəsinin bərpası mümkünsüz olduğu üçün xidmət keyfiyyətinin yüksəldilməsi, rabitə xidmətinin daha yüksək səviyyədə göstərilməsi məqsədilə GPON şəbəkəsi istifadəyə verilib:
“Həmin ərazidə yaşayan abunəçilərə GPON texnologiyası üzərindən internet xidmətinə qoşulmaq təklif olunur. Qoşulma şərtləri ilə bağlı ətraflı məlumatla
buradan tanış ola bilərsiniz”.
Cavabdan da göründüyü kimi, sakinlər 110 manatı ya ödəməlidirlər, ya da telefonsuz qalmalıdırlar...
Aygün Nəbiyeva
BakuPost
Indiki dovrde ev telefonu istifade eden varmi goresen? Boykot edin getsin, mene gpon modem qoyandan sonra gordumki serf elemir, aparatin ozu isiq pulu yazir, isiq sonende islemir ve saire, 3 aydan sonra legv eletdirdim. Hec evvellerde ev telefonundan cox istifade etmemisem. Boykot edin ev telefonunu, agillari baslarina gelsin.
En yaxsisi ev telefonlarindan imtina edin, nece ki men imtina etdim, o dediyiniz aparati ev qosdurdum gordum ki serf etmedi isiq sonende islemir, amma kohne qaydada olanda serf edirdi isiq sonsede telefon isleyirdi. ozude ev telefonu artiq yeni dovrde serf elemir, hami mobilni telefonla whatsappla danisir. En yaxsi mudafie ele hucumdur, boykot edin ev telefonlarini onda agillari baslarina gelecek, gorecekler yoxxx millet artiq ev telefonu isletmir qiymetleri asagi salacaqlar. Tanislarimin coxlari imtina etdi men ev telefonundan imtina etdikden sonra. ele kohne xette qalin basqa provayderin internetinden istifade edin.