Xəzər dənizində köməksiz qalan balıqçılar xilas edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, ötən gün saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında 3 nəfər heyət üzvü olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.
Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçib.
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində bu gün saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Neftçala rayon sakinləri – 1990-ci il təvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlü Babayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev Kənan Rafiq oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.