Ru
13:41 / 16 Sentyabr 2025

Xırdalan məktəbində foto alveri – Hər şagirddən 12 manat...

Xırdalan məktəbində foto alveri – Hər şagirddən 12 manat...
Eye

Yeni tədris ili iki gündür başlayıb, amma artıq bir sıra məktəblərdə narazılıqlar özünü göstərir.

Bakupost.az redaksiyasına valideynlərdən daxil olan ilk şikayət Xırdalan şəhərində yerləşən 7 saylı tam orta məktəbdəndir.
Valideynlər onlara məcburi şəkil satılmasından narazıdırlar. Belə ki, Bilik Günü ilə bağlı tədbirdə şagirdlərin şəkilləri çəkilib və məktəbin direktor əvəzi Yeganə Paşayeva sinif rəhbərləri vasitəsilə valideynlərə bildirib ki, hər biri dörd şəkil almalıdır.

"Hər valideyn üçün bu, 12 manat təşkil edir. Məktəbdə 1-ci siniflərin sayı yeddidir. Bu siniflərdə ümumilikdə 200-dən çox şagird təhsil alır. Əgər hər bir şagird bu ödənişi etməli olarsa, bu, 2400 AZN deməkdir. Hansı ki, 1 fotonun çap olunması cəmi 30-40 qəpikdir", - deyə valideyn şikayətlənib.

Onun sözlərinə görə, digər valideynlər də bu vəziyyətdən narazı qalıb, bəziləri məktəbə gedərək etirazını bildirib. Onlar qeyd edirlər ki, şəkilləri almağa maddi imkanları yoxdur. Bir valideynin sözlərinə görə, uşağın məktəb ləvazimatları xərclərini çətinliklə qarşılayıb, indi də şəkil almağa məcbur edilir və buna imkanı yoxdur.

Valideynlərin sözlərinə görə, direktor əvəzi fotoqrafın guya Regional Təhsil İdarəsi ilə müqaviləsi olduğunu və oradan göndərildiyini bildirib. Məsələnin əsl təşəbbüskarının kim olduğu isə valideynlər üçün aydın deyil. Eyni zamanda, bəzi müəllimlərin də bu vəziyyətdən narazı olduqları bildirilir.

Məsələ ilə bağlı məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Yeganə Paşayeva ilə əlaqə saxladıq. O, valideynlərin şəkil almağa məcbur edildiyi barədə iddiaları inkar etdi:

“Belə bir hal olmayıb. Valideynlər özləri şəkil çəkdirib, kimsə alıb və ya almayıb. Əgər sübut varsa, gətirsinlər, kimsə bunu edibsə, mən də onun barəsində lazımi qaydada tədbir görüm. Sadəcə kənardan fotoqraf gəlmişdi, biz də icazə vermədik ki, regional idarədən icazə almalısınız. Hansı valideynin problemi varsa, gəlsin, necə lazımdırsa, kömək edək”.

Qeyd edək ki, Yeganə Paşayeva artıq üçüncü ildir 7 saylı məktəbdə direktor vəzifəsini müvəqqəti icra edir.

Mövzu ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.


Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar