2026-cı il Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında niderlandlı sürətli konkisürən Yutta Lirdam qadınların 1000 metr məsafəyə yarışında 1 dəqiqə 12,31 saniyə nəticə ilə qızıl medal qazanaraq, Olimpiya rekordu müəyyənləşdirib.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, altıqat dünya çempionu olan 27 yaşlı idmançı qələbədən sonra sevincini fərqli formada qeyd edib.
O, köynəyinin yaxasını açaraq, altındakı “Nike” loqolu geyimi nümayiş etdirib. Həmin görüntü qısa zamanda sosial şəbəkələrdə 6 milyondan çox baxış toplayıb.
Məlumata görə, bu paylaşımın ardınca idmançı sponsorluq müqaviləsi bağlayıb və 1 milyon dollardan çox gəlir əldə edib. “Nike” isə paylaşımında “Bu qədər sürətli olanda icazə istəməzsən” mesajını yayıb.
Yutta Lirdam qələbəsini “gerçəkləşən xəyal” adlandırıb:
“Bu, həqiqətən də, gerçəkləşən bir xəyaldır, inanılmazdır. Finiş xəttini keçdikdən sonra çox təəccübləndim, çox yorğun və çox emosional idim. Femke Kok, həqiqətən, yaxşı nəticə əldə etdiyi üçün bunun çətin olacağını bilirdim”.