Alimlər Yer kürəsində həyatın sonunun böyük asteroid və ya qlobal fəlakətlə deyil, milyardlarla il davam edəcək təbii proses nəticəsində baş verə biləcəyini bildirirlər.
“Bakupost” xəbər verir ki, ABŞ-nin “Kolorado Boulder” Universiteti və “Blue Marble Space” tədqiqatçılarının “JGR Atmospheres” jurnalında dərc olunan araşdırmasına görə, Yer üzündə bitki həyatı təxminən 1,8 milyard il daha davam edə bilər.
Araşdırmada qeyd olunur ki, zaman keçdikcə Günəş daha parlaq və daha isti olacaq. Nəticədə Yerin temperaturu artacaq, okeanlar tədricən buxarlanacaq, atmosferdə fotosintez üçün lazım olan karbon qazı azalacaq və bitkilərin yaşaması mümkünsüz olacaq. Alimlərin fikrincə, insanlar və heyvanlar isə bu mərhələdən xeyli əvvəl Yer üzündən yox olacaqlar. Tədqiqatçılar bu nəticəyə Yerin növbəti 2 milyard illik inkişafını əks etdirən üçölçülü iqlim modeli ilə gəliblər. Modeldə temperaturla yanaşı, buludlar, yağıntılar, okeanlar və atmosferdə baş verən dəyişikliklər də nəzərə alınıb.
Araşdırmaya əsasən, ən uzun müddət yaşaya biləcək canlılar quraqlığa və yüksək temperatura davamlı bitkilər, o cümlədən kaktuslar ola bilər. Bununla yanaşı, alimlər vurğulayırlar ki, bu ssenari qəti hökm deyil. Bitkilərin gələcəkdə təkamül yolu ilə yeni şəraitə uyğunlaşması və ya bəşəriyyətin inkişaf etdirəcəyi texnologiyalar bu proqnozları dəyişə bilər.
Röya Rizvanzadə,
BakuPost