ABŞ səfəri ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski sülhə hazır olduğuna işarə verən bəyanatla çıxış edib.
O bildirib ki, Rusiya ilə sülh sazişini Ağ Evin Oval kabinetində və ya Donald Trampın Mar-a-Laqo iqamətgahında imzalamağa tam hazırdır.
Bakupost.az xəbər verir ki, Ukrayna Prezidenti sülh sazişi üçün əsas məsələnin sənədin harada imzalanması deyil, məhz nə vaxt imzalanacağı olduğunu deyib:
“İnsanları itirərək daha 10-20 il müharibə etməkdənsə, tezliklə atəşkəsə nail olmaq daha yaxşı variantdır".
Olmaya, Zelenski bu açıqlama ilə Rusiyaya güzəştlərə getməyə hazır olduğuna işarə vurur?
Politoloq Əlimusa İbrahimov
Bakupost.az-a bildirib ki, Zelenskinin bu açıqlaması heç də onun əvvəllər irəli sürdüyü şərtlərdən geri çəkiləcyi anlamına gəlmir:
“Bu gün Zelenski ABŞ-yə səfər edir. Burada onun Prezident Donald Trampla görüşü olacaq. Trampla Zelenski arasında münasibətlər heç də həmişə birmənalı rahat və asan olmayıb. Amma hazırda tərəflər arasında yaxınlaşmanın şahidi oluruq. O baxımdan mütəxəssislər Vaşinqtondakı görüşün faydalı olacağını qeyd edirlər”.
Buna söykənərək, politoloq hesab edir ki, Zelenskinin səsləndirdiyi “10-20 il müharibə etməkdənsə, tezliklə atəşkəsə nail olmaq daha yaxşı variantdır” bəyanatı da ABŞ-nin artıq Ukraynanın mənafeyini müdafiə yolunu tutması ilə əlaqədardır:
“Bu vaxta qədər isə ABŞ Prezidenti ümumən Rusiyanın mövqeyinə yaxın bir mövqedən çıxış edir və Kiyevi də bu əsasda sülh müqaviləsi bağlamağa məcbur etməyə çalışırdı. Amma artıq Vaşinqton da başa düşdü ki, Kiyev torpaqların Rusiyanın işğalında qalmasına heç zaman razı olmayacaq. Hazırda Kiyevlə Vaşinqton arasında münasibətlərin yaxşılaşdığının şahidi oluruq. Bu isə o deməkdir ki, danışıqlar prosesində Ağ Ev Kiyevin yanında olacaq və onun mövqeyini müdafiə edəcək. Məhz buna görə də Zelenski Moskva ilə danışıqlara hazır olduğunu bəyan edib”.
Müsahibimiz qeyd edir ki, hazırda müharibə tərəflərdən heç birinə sərf etmir. Həmçinin, Ə. İbrahimov bildirir ki, Zelenskinin atəşkəsə nail olmağın daha yaxşı variant olduğunu deməsi heç də Ukraynanın Rusiyanın irəli sürdüyü şərtləri qəbul edəcəyi anlamına gəlmir:
“Bundan sonrakı prosesdə Ukrayna özü bu və ya digər şərtləri diktə edə bilər. Zelenski Rusiyanın çətin vəziyyətdə olduğunu görür. Ona görə də hesab edir ki, danışıqlarda Kiyevin mənafeyi daha çox şəkildə nəzərə alına bilər. Amma Lavrovla Rubio arasında Maniladakı danışıqlar da Rusiyanın geri çəkilməyəcəyinə işarədir.
Müsahibimiz düşünür ki, hələlik Kiyev lazım olan səviyyədə Moskvanı masaya oturtmağa məcbur etmək iqtidarına malik deyil: “Ukrayna və Qərb bunun üçün hələ daha ciddi şəkildə çalışmalıdırlar”.
Rüfət Sultan,
BakuPost