126 illik bina NARKOMANLARIN yuvasına çevrilib – Sakinlər qorxu içində
Yasamal rayonu Mirzə Fətəli Axundov küçəsi, 84 ünvanında yerləşən 1899-cu ilə aid bina təhlükə mənbəyinə çevrilib. Bir vaxtlar paytaxtın memarlıq incilərindən sayılan bu 3 mərtəbəli bina hazırda narkomanların yuvasına çevrilib.
Bakupost.az xəbər verir ki, Lent.az-ın əməkdaşı məsələni araşdırmaq üçün adıçəkilən əraziyə yollandı.
Binada ilk qarşılaşılan üfunət qoxusu və antisanitariya vəziyyəti olur.
Binanın birinci və ikinci mərtəbələri tamamilə sökülüb, yalnız üçüncü mərtəbə və onunla bitişik bir neçə yaşayış sahəsi qalıb. Sökülmüş evlə sakinlər yaşayan ərazini birləşdirən qapını söküblər, lakin sakinlərin şikayətindən sonra araya qapı əvəzi paltar şkafı qoyublar. Şkafı asanlıqla kənara çəkib həyətə daxil olmaq mümkündür.
Dağıdılmış hissələrə isə indi müxtəlif məqsədlərlə — xüsusən də narkotik istifadəçiləri gizlənmək üçün — daxil olunur. Sakinlər ciddi narahatdır. Onların iddiasına görə, axşamlar binaya şübhəli şəxslər girir, səs-küy salır və təhlükəli vəziyyət yaradırlar.
Sakinlər yuxarı mərtəbə üçün bildirirlər ki, burada toz-torpaq və sökünütün qalıqları aşağıdakı evlərə düşərək həm zərər verir, həm də antisanitariya yaradır.
Hazırda bina həm təhlükəsizlik, həm də ictimai asayiş baxımından ciddi risk yaradır. Sakinlər aidiyyəti qurumlardan ərazinin təmizlənməsini və narkomanların oraya girişinin qarşısının alınmasını tələb edirlər.