2030-cu ilədək dünyada qida məhsullarına tələbatın 50 faiz artacağı gözlənilir. Tələbatın yüksəlməsi qida təchizatı zəncirinin daha da mürəkkəbləşməsinə səbəb olacaq.
“Bakupost” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda məlumat verilib.
Sənəddə qeyd olunur ki, qida təchizatı zəncirinin heterogen və kompleks xarakter daşıması qida təhlükəsizliyi baxımından yeni çağırışlar yaradır.
BMT-nin məlumatlarına əsasən, aqroqida məhsullarının dünya üzrə ticarət şəbəkəsinin əsasını bir sıra ölkələr təşkil edir. ABŞ, Niderland, Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələr aqroqida sektorunun dünya bazarının 77 faizinə nəzarət edir.
Kənd təsərrüfatı üzrə mütəxəssis
Vahid Məhərrəmov “Bakupost”a bildirib ki, Azərbaycan hökuməti hələ də ölkədə ərzaq nörmasını, yəni adambaşına il ərzində hansı məhsuldan nə qədər istehsal edilməli olduğu barədə hədəfi müəyyən etməyib:
“Minimum istehlak səbətində göstərilən rəqəmlər isə sadəcə olaraq, minimum həddir. Qazaxıstan ərzaq normasını 2016-cı ildə qəbul edib. Burada ərzaq norması oğlan, qış uşağı, yaşlı qadın və kişi, yəni bütün yaş qrupuna görə ayrı-ayrılıqda müəyyən edilib. Azərbaycan rəsmiləri özünütəminatın 90-94 faiz olduğunu bəyan edir. Məsələn, 2010-cu ildə ətlə bağlı 94 faiz təmin edildiyini bildirirdilər, 2025-ci ildə isə bu rəqəm 84 faizə düşüb”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanda ərzaq normasını daxili istehsal və idxal əsasında ölçürlər:
“Amma bu zaman ölkə əhalisinin az qidalandığı nəzərə alınmır. Qazaxıstanda adambaşına illik ət norması 80 kq-dır. Azərbaycanda isə bu norma yoxdur. Deməli, ət istehsalının azalması ilə əhalimiz az və ya çox yesə də, təminatın 90-95 faiz təşkil etdiyini bəyan edəcəklər. Əslində isə norma müəyyən edilməlidir. Qazaxıstanın normasını əsas götürsək deyə bilərik ki, ölkəmizin əhalisi həmin normanın yarısından xeyli azı qədər ət istehlak edir. Ona görə də Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı nə isə demək ciddi olmaz”.
Ekspert qeyd edir ki, problem həm ərzaq normasının müəyyən edilməməsi, həm də istehsalın təşkil edilə bilinməməsindədir:
“İldən-ilə heyvanların sayı azalır. Süd istehsalında da problem yaranacaq. Yumurtanı da normadan az istehlak edirik. Dövlət Statiktika Komitəsinin məlumatına görə, cari ildə yumurta istehsalı da azalıb. Ərzaq buğdası məsələsində isə böyük həcmdə idxaldan asılı olaraq qalmaqdayıq”.
Bu səbəbdən mütəxəssis 4 ildən sonra qida məhsullarına tələbatın 50 faiz artacağı proqnozlarına rəğmən, 2030-cu ilə qədər Azərbaycanda istehsalda artımın baş verəcəyini düşünmür:
“Kənd Təsərrüfatı Nazirliyində qeyri-peşəkarlar oturub. Onlar nə edəcəklərini bilmirlər”.
Həmsöhbətimiz deyir ki, bu sahədə ciddi kadr islahatlarına ehtiyac var:
“Həmçinin reallığı nəzərə alaraq, yeni ciddi dövlət proqramı qəbul edilməlidir. Burada da hədəflər, ona nail olmaq üçün hansı tədbirlərin həyata keçirilməsi, nə etmək və necə etmək istədiyimiz öz əksini tapmalıdır”.
Rüfət Sultan,
BakuPost