İran ordusu Küveytə məxsus Bubiyan adasına daxil olub. SEPAH-a aid 6 hərbçinin adaya keçdiyi bildirilir. İran tərəfi buna naviqasiya sistemində problemin yaranmasının səbəb olduğunu, planlaşdırılmış və ya düşmən hərəkət olmadığını iddia edib.
Lakin hadisə nəticəsində iki ölkə arasında diplomatik gərginlik yaranıb.
İranın bu addımı texniki problemdən qaynaqlanır, yoxsa məqsədli şəkildə atılıb?
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli SEPAH hərbçilərinin Küveytə məxsus Bubiyan adasına daxil olması barədə xəbəri ilk olaraq Birləşmiş Ərəb Əmirliklərinin yaydığını bildirib.
“BƏƏ rəsmiləri bunu işğal kimi təqdim edib. Amma məsələ kifayət qədər mübahisəlidir. Əvvəla, altı nəfər hərbçi ilə işğal həyata keçirmək demək olar ki, mümkünsüzdür. Amma bununla belə sözügedən sayda hərbçi ilə qarşı tərəfin əsəblərini və müdafiə təhlükəsizliyini yoxlamaq olar. Ona görə də baş vermiş hadisə haqqında birmənalı fikir söyləmək çətindir. Ümumiyyətlə, belə bir addımın işğal olmadığını demək mümkündür, amma işğala hazırlıq kimi də qiymətləndirilə bilər.
İranın bu hərəkəti bilməyərəkdən etdiyini söyləmək olduqca çətindir. Çox güman ki, İran qonşulara özünün hərbi qüdrətini göstərir. Eyni zamanda ABŞ-İsrail birliyinə döyüş əzmini nümayiş etdirir. İranın fevralın 28-də başlayan və 40 gün davam edən müharibədə məğlub olmadığını və hərbçilərinin başqa bir ölkəyə keçməyə gücü və cəsarətinin çatdığını sübut etməyə çalışır. Yəni məğlub olmadığını, hətta regional güc kimi qalmağı bacardığını demək istəyir. Eyni zamanda BƏƏ ilə münasibətləri kifayət qədər gərgin olan İran, bu yolla mesaj verir. Yəni ABŞ olmasa bu ölkəni işğal edə bilər”.