ABŞ Prezidenti Donald Trampın Müsəlman Qardaşları təşkilatının bəzi şöbələrinin xarici terror təşkilatları və qlobal terrorçular siyahısına daxil edilməsi prosedurunun başladılması ilə bağlı sərəncam imzalaması təsadüfi deyil. Uzun müddətdir ki, ABŞ-ın nüfuzlu siyasi xadimləri Müsəlman Qardaşlarının terror təşkilatı elan olunmasına çalışırlar.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
“Müsəlman Qardaşlarının terror təşkilatı elan olunmasında israr edən ən nüfuzlu siyasi xadim heç şübhəsiz ki, ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Marko Rubiodur. Rubio hələ senator olduğu dövrdən Müsəlman Qardaşlarının terror təşkilatı kimi tanınması üçün çalışıb. Respublikaçılar Partiyasının nüfuzlu təmsilçilərindən Ted Kruz, Con Korni, Texas ştatının respublikaçı qubernatoru Qreq Abbottun Müsəlman Qardaşlarının terror təşkilatı kimi tanınmasına çalşırlar. Respublikaçılarla yanaşı demokratların da təmsilçiləri arasında Müsəlman Qardaşlarının terror təşkilatı hesab edən nüfuzlu senator və konqresmenlər var. Texas ştatının qubernatoru Qreq Abbott Müsəlman Qardaşlarına yaxınlığı ilə tanınan Amerika-İslam Münasibətləri Şurası qeyri-hökumət təşkilatının da terror təşkilatı kimi tanınmasını istəyir.
Bütün bunlar gözlənilən idi. ABŞ, Avropa və Böyük Britaniyanın beyin mərkəzlərində son illər siyasi islamın ən güclü şəbəkəsi olan Müsəlman Qardaşlarının fəaliyyəti ciddi araşdırmaların mövzusudur. Həmin araşdırmalarla tanış olanlar, eləcə də Qərbin siyasi fikir sisteminin və qanunvericiliyinin formalaşmasının neçə baş verdiyini bilərlər prosesin hansı istiqamətə getdiyini görürdülər.
Soyuq müharibə illərində siyasi islam Moskvanın müsəlman ölkələrinə “kommunizm ixracı” ilə mübarizədə Qərbin əsas ideoloji silahı idi. Ancaq soyuq müharibədən sonra siyasi islam kommunizmin özündən təhlükəli olmağa başladı. Son zamanlar isə bütün dünyada, o cümlədən Qərb cəmiyyətlərində qeyri-stabillik amilinə çevrilməyə başladığı üçün siyasi islamın ləğvinə qərar verilib. Hazırda siyasi islamın ən güclü şəbəkəsi Müsəlman Qardaşları hesab olunur. Ekspertlər Müsəlman Qardaşlarını Əl-Qaidə kimi sünni cihadçı qruplar üçün ideoloji mənbə olaraq dəyərləndirirlər.
Müsəlman Qardaşlarının terror təşkilatı kimi tanınmasının hökmən gündəmə gələcəyini müəyyən edən digər bir önəmli faktor bu təşkilatın Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla, bir neçə ölkə tərəfindən terror təşkilatı kimi tanınmasıdır. Bu ölkələr hətta 2017-ci ildə Qətəri terrorizmi (Müsəlman Qardaşları) dəstəkləməkdə ittiham edərək, diplomatik əlaqələri kəsmişdilər.
ABŞ-ın Müsəlman Qardaşlarını bu günə kimi terror təşkilatı kimi tanımamasının ən güclü səbəbi iki önəmli müttəfiqi, Türkiyə və Qətərlə bağlı seçim qarşısında qalmaqdan çəkinməsi ilə bağlıdır. Çünki Qərbdə əmindirlər ki, Qətər Müsəlman Qardaşlarının ən böyük maliyyə sponsoru, Türkiyə isə ən güclü siyasi dəstəkçisidir. Müsəlman Qardaşlarının terror təşkilatı elan olunması bu təsisatla yaxın münasibətləri olan ölkələrə qarşı qadağaların dərhal tətbiq olunmasını nəzərdə tutmasa da, gec-tez bu baş verəcək.
Hələlik Tramp Türkiyə və Qətərlə münasibətləri qorumağa çalışaraq Müsəlman Qardaşlarını vahid təsisat kimi deyil, onun Livan, İordaniya və Misirdəki bölmələr də daxil olmaqla, hər hansı bir bölməsinin xarici terror təşkilatı təyin edilməsinə qərar verib. Lakin prosesin bununla kifayətlənməyəcəyini söyləmək mümkündür.
Müsəlman Qardaşlarının terror təşkilatı kimi tanınması ilə bağlı Nümayəndələr Palatası və Senatda irəli sürülmüş qanun layihələrində isə bütün şəbəkənin terror təşkilatı kimi tanınması təklif olunur.
Bütün bunlar Yaxın Şərqin siyasi çoğrafiyasının yenidən dizayn edilməsi prosesinə çox ciddi təsir edəcək.
Türkiyənin Müsəlman Qardaşları ilə bağlığı, buna görə üzləşə biləcəyi təhlükə ilə bağlı narahatlıqlar var”, - o bildirib.