ABŞ-ın Ankara səfirliyi Türkiyənin cənub bölgələrinə səyahətlə bağlı xəbərdarlıq edib.
BakuPost.az xəbər verir ki, ABŞ Dövlət Departamenti 2026-cı il martın 9-da verdiyi göstərişlə, vacib vəzifəsi olmayan işçilər və ailə üzvlərinin Adana Konsulluğundan tədbir məqsədilə təxliyə edilməsini qərara alıb. Adanada NATO-ya bağlı və ABŞ-ın da əhəmiyyətli istifadəçilərindən biri olan İncirlik Hərbi Hava Bazası yerləşir. Bu baza regional əməliyyatlar üçün lojistik dəstək, hava yanacağı təminatı və anbar mərkəzi kimi xidmət göstərir – taktiki nüvə silahları da burada saxlanılır.
Türkiyə Müdafiə Nazirliyi ABŞ səfirliyinin açıqlamasından dərhal sonra İrandan atılan ballistik raketin Qaziantep üzərində məhv edildiyini açıqlayıb. Raketin bəzi parçaları boş ərazilərə düşüb və hadisədə insan itkisi və ya yaralanma olmayıb.
ABŞ xəbərdarlığı, İranda fevralın 28-də ABŞ və İsrailin həyata keçirdiyi hava hücumlarına cavab olaraq Yaxın Şərqdə cavab əməliyyatlarının baş verməsi əsnasında verilib. İran keçən həftə qonşu ölkələrə hədəf almayacağını açıqlasa da bölgədə risk tamamilə aradan qalxmayıb. Türkiyədəki NATO və ABŞ obyektlərinin hədəf alınması ehtimalı hələ də qeyri-müəyyəndir.
Bu hadisələr, xüsusilə Adanadakı İncirlik Hərbi Hava Bazası və ətrafında təhlükəsizlik tədbirlərinin artırılmasına səbəb olub. ABŞ vətəndaşlarına rəsmi xəbərdarlıqlara diqqət yetirmələri və bölgədəki vəziyyəti yaxından izləmələri tövsiyə edilir.
Cavid, BakuPost