ABŞ-nin Cənubi Koreyada yerləşən 7-ci Hava Qüvvələri Komandanlığı "səma qatili" ləqəbi ilə tanınan MQ-9 "Riper" çoxfunksiyalı pilotsuz uçuş aparatlarının (PUA) yarımadada daimi yerləşdirilməsini rəsmi olaraq təsdiqləyib.
Bakupost.az xəbər verir ki, ABŞ tərəfi Kunsan aviabazasında yeni bölmənin - MQ-9 aparatları ilə tam təchiz edilmiş 431-ci Ekspedisiya Kəşfiyyat Batalyonunun yaradıldığını açıqlayıb.
ABŞ komandanlığı vurğulayıb ki, MQ-9 orta yüksəklikdə uçan, uzunmüddətli uçuş qabiliyyətinə malik PUA-dır və kəşfiyyat, müşahidə və zərbə endirmə əməliyyatları üçün nəzərdə tutulub. Hərbi funksiyalardan əlavə, bu dronlar humanitar missiyalar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün də istifadə edilə bilər.
Cənubi Koreya mətbuatının məlumatına əsasən, yeni dronlar Şimali Koreyanı izləmək, həmçinin Çinin fəaliyyəti ilə əlaqədar olaraq Sarı dəniz akvatoriyasında nəzarəti gücləndirmək üçün istifadə ediləcək.