Ru
21:26 / 17 Fevral 2026

Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi

Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi
Eye

Son qərara əsasən, ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan gənclərin həqiqi hərbi xidmətini Milli Müdafiə Universitetinin nəzdindəki intellektual bölmələrdə keçməsi nəzərdə tutulub. Bu yanaşma həm yüksək bilikli kadrlardan səmərəli istifadəni təmin etməyə, həm də ordunun insan resurslarının inkişafını gücləndirməyə xidmət edir.

Bakupost.az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a açıqlamasında Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında yüksək, yəni 600 və yuxarı bal toplayan gənclərin Azərbaycan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində intelektual bölmələrdə xidmət keçməsi qərarını çox yaxşı və ağıllı addım adlandırıb:

"Bu yanaşma yalnız Milli Müdafiə Universiteti ilə məhdudlaşmamalıdır. Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi məktəbləri də var və onları da yüksək intellektual səviyyəyə malik gənclərlə təmin etmək lazımdır. Onlara da belə şərait yaradılmalıdır ki, həmin bölmələrdə xidmət keçə bilsinlər. Mən hesab edirəm ki, bu yanaşma ordunun savadlı kadrlarla təmin olunmasına müsbət təsir göstərəcək və gənclər normal şəraitdə xidmətlərini yerinə yetirə biləcəklər".

Ekspert qeyd edib ki, bu, həm də keçmişdə yaşanan bəzi faciəvi hadisələrin təkrarının qarşısını almağa kömək edəcək.

"Məsələn, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda ADA Universiteti məzunu Ceyhun Hüseynov yüksək bal toplamış gənc olaraq həyatını itirmişdi. Bu hadisə sonradan ciddi problemlərlə nəticələndi, hərbi hissə komandiri və tibb xidməti rəisi həbs olundu və vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi. Gələcəkdə bu modelin tətbiqi ordu üçün uğurlu olacaq və genişləndirilməlidir. Bu yanaşma bütün orduda tətbiq olunmalı və yalnız Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ilə məhdudlaşmamalıdır, çünki digər birləşmələr də silahlı qüvvələrin tərkib hissəsidir. Mən bu prosesə geniş kontekstdə baxılmasının tərəfdarıyam" - Üzeyir Cəfərov bildirib.

Qeyd edək ki, bu yeni modelin genişləndirilməsi və bütün orduda tətbiqi həm yüksək bilikli gənclərin xidmətə cəlb edilməsinə, həm də silahlı qüvvələrin savadlı kadrlarla təmin olunmasına xidmət edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar