Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçiriləcək. Gündəliyə çıxarıla biləcək məsələlər arasında sabiq prezident Ramiz Mehdiyevin akademiyanın həqiqi üzvlüyündən çıxarılması ilə bağlı iddialar yer alsa da, rəsmi təsdiq hələlik yoxdur.
Qeyd edək ki, Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən çıxarılması üçün Rəyasət Heyətinin toplantısına qədər İctimai elmlər bölməsində iki gün əvvəldən toplantı olmalı və qərar verilməli idi. Belə qərar olmadan məsələ Rəyasət Heyətinin müzakirəsinə çıxarıla bilməz. Əks təqdirdə bu məsələ təxirə salınmış hesab olunur.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı AMEA-nın İctimai Elmlər Bölməsinin rəhbəri, akademik Gövhər Baxşəliyeva Musavat.com-a açıqlama verib.
Akademik Gövhər Baxşəliyeva: “Cənab Prezidentin Fərmanı müstəqil dövlətimizin elmi-texniki tərəqqisini sürətləndirən mühüm sənəddir”
O bildirib ki, Ramiz Mehdiyevlə bağlı hər hansı qərar və ya müzakirə nəzərdə tutulmayıb:
“Bizim Ramiz Mehdiyevlə bağlı məlumatımız yoxdur. Hələ ki heç bir məlumat yoxdur. İctimai elmlər bölməsində də nəzərdə tutulmayıb. Olsaydı, bu günə kimi olardı. Dünən, bu gün olmayıb. Sabah da ümumi yığıncaq olacaq. Hələ ki heç bir şey nəzərdə tutulmayıb. Amma hər günün bir hökmü olur”.
Qeyd edək ki, Ramiz Mehdiyev hazırda Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsi onun barəsində seçilmiş qətimkan tədbirinin daha 4 ay müddətinə uzadılması barədə qərar qəbul edib. O, hazırda ev dustaqlığındadır. Mehdiyev 2019-2022-ci illərdə AMEA-nın prezidenti vəzifəsində çalışıb və akademiyanın həqiqi üzvü kimi qalır.