Dünən ədəbiyyat və media nümayəndələri - Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin katibi, Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB sədrinin müşaviri Rauf Aslanov, Bakupost.az saytının rəhbəri Elçin Zahiroğlu və başqaları Göyçayda Xalq şairi Rəsul Rzanın Ev-muzeyini ziyarət ediblər.
Bakupost.az xəbər verir ki, ziyarət zamanı Anar atasının həyatı və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüb, ev-muzeyinin yaranma tarixi haqqında geniş məlumat verib. O, muzeydə nümayiş etdirilən eksponatları təqdim edərək, hər bir eksponatın tarixçəsi və mənəvi dəyəri barədə ətraflı danışıb.
Muzeyin direktoru və əməkdaşları qonaqlara burada mütəmadi təşkil olunan ədəbi-bədii tədbirlər, yubileylər, poeziya gecələri və görüşlər barədə məlumat veriblər.
Ənənəyə uyğun olaraq bu dəfə də qonaqlar muzey əməkdaşı tərəfindən Rəsul Rzanın şəxsi tarında ifa olunan musiqi nömrəsi ilə qarşılanıb.
Qeyd edək ki, Xalq şairi Rəsul Rzanın Ev-muzeyi 2004-cü ildə yaradılıb. Muzey 4 ekspozisiya zalından ibarətdir və burada şairin həyat və yaradıcılığını əks etdirən yüzlərlə eksponat nümayiş etdirilir. Eksponatların böyük hissəsi şairin oğlu, Xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanıb. Ev-muzeyi bu gün də Göyçayın əsas ədəbi-mədəni mərkəzlərindən biri kimi fəaliyyət göstərir.