Moskva əvvəllər Türkiyəyə tədarük edilən S-400 hava hücumundan müdafiə sistemlərinin "dost üçüncü ölkəyə" satışına razı ola bilər.
“Bakupost” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında bu istiqamətdə müzakirələrin davam edir, lakin Moskva məsələ ilə bağlı hələlik rəsmi sorğu almayıb.
"Türkiyə rəsmi sorğu edərsə, biz S-400-lərin dost üçüncü ölkəyə verilməsinə razılaşacağıq", - deyə Lavrov bildirib.
O, həmçinin vurğulayıb ki, S-400-lərin satıldığı ölkə "məsuliyyətlə davranmalı və Rusiya ilə dostluq münasibətlərini qorumalıdır".
Qeyd edək ki, Türkiyənin 2019-cu ildə Rusiyadan aldığı S-400 sistemləri Ankaranın F-35 yeni nəsil qırıcı təyyarə proqramına qayıtması qarşısında əsas maneələrdən biri hesab olunur.
Bu əsasda Türkiyə tərəfi dəfələr bəyan edib ki, S-400-i üçüncü ölkəyə satmaqda maraqlıdır.
İndi isə görünür, Moskva da bu məsələyə müsbət yanaşır.
Siyasi şərhçi
Elçin Xalidbəyli “Bakupost”a bildirib ki, Rusiyadan alınan S-400 raket sistemləri həm NATO, həm də ABŞ ilə münasibətlərdə Ankaraya müəyyən problemlər yaradan faktorlardan biridir:
“NATO ölkələri bu əsasda Türkiyədən S-400 raket sistemlərinin istifadədən çıxarılmasını tələb edir. Əsas arqumentləri də odur ki, bu silah NATO standartlarına uyğun deyil. Məlumatlara görə, Türkiyə S-400-i hələ də ordunun istifadəsinə yönəltməyib, anbarlarda saxlayır. Bununla belə, bir sıra NATO ölkələri Türkiyəyə qarşı bu məsələdə israrlı davranırlar. ABŞ Türkiyəni F-35 layihəsindən uzaqlaşdırarkən də məhz bu məsələni bəhanə gətirmişdi”.
Ekspert xatırladır ki, son zamanlar bu yöndə ABŞ Prezidenti Donald Trampla aparılan müzakirələrdə müəyyən irəliləyişlərin olduğu hiss olunur:
“Məlumara görə Ağ Ev mesaj verib ki, S-400 raket sistemlərilə bağlı problem həll olunarsa, Türkiyənin F-35 layihəsinə qayıdışı reallaşa bilər. Tramp da məsələnin müsbət həll oluna biləcəyinə işarə vurub. Ona görə də rəsmi Ankara hazırda böhrandan çıxış yolları axtarır”.
Həmsöhbətimizə görə, Kreml S-400-in düşmən ölkəyə satışı fonunda Ukraynaya veriləcəyindən ehtiyat etdiyindən, dost ölkə məsələsini ortaya atıb:
“İlk əvvəl Ankara bu silahları geri-Rusiyaya qaytarmaq istəyib. Ancaq məlum oldu ki, Kreml bu varianta müsbət yanaşmır. Belədə, onun üçüncü ölkəyə satışı məsələsi gündəmə gəldi. Kremlin mövqeyinə görə, üçüncü ölkəyə satılacağı təqdirdə, Rusiyanın hərbi-siyasi maraqları da mütləq nəzərə alınmalıdır. Kreml hesab edir ki, S-400 düşmən ölkəyə satılsa, sonradan həmin silah Ukraynaya verilə bilər. Ona görə də Rusiyaya dost ölkəyə satışına razılıq veriblər”.
Bütün bunlara rəğmən ekspert qeyd edir ki, problemin nə vaxt həll ediləcəyi qeyri-müəyyən olaraq qalmaqdadır.
Anlaşmanın olması və raket sisteminin Rusiyaya dost ölkəyə satışı baş versə də belə, bu müsahibimizin fikrincə, Amerikanın Türkiyəni F-35 layihəsinə geri qaytaracağına da tam əminlik yaratmır:
“Çünki bu da tam təminatı olmayan bir məsələdir. ABŞ siyasi dairələrində Türkiyəyə F-35 təyyarələrinin satılmasına ciddi müqavimət göstərən qüvvələr də mövcuddur. Bu baxımdan rəsmi Ankaranın mümkün qədər ehtiyatlı davranması və hər iki prosesi paralel şəkildə aparması başa düşüləndir”.
Rüfət Sultan,
BakuPost