Ru
18:56 / 14 Avqust 2020

Ankaradan Bakıya, Qarabağdan Mərkəzi Asiyaya... - Bölgədə nə baş verir? - ANALİZ - VİDEO

4982
“Türkiyə-Azərbaycan birgə hərbi təlimləri fonunda xarici işlər naziri və müdafiə nazirinin Ankaraya səfəri, ardınca qardaş ölkənin hərbi rəhbərliyinin Bakıya gəlişi ənənəvi səfər trafikindən daha çox, bölgədə kadrarxası proseslərin aktivləşdiyi və təhlükələrə qarşı aktiv hazırlıq mərhələsinə keçiddir. Ən diqqət çəkən məqam hər iki paytaxtda salamlaşma simvolikası idi”.

"BakuPost" xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Bakı və Ankaranın salamlaşma simvolikası ilə nə demək istədiyini, mesajın kimə olduğunu və kimlərə ötürüldüyünü anlamaq üçün hər iki paytaxtda çəkilmiş fotoya baxmaq lazımdır:

“Azərbaycan xarici işlər nazirinin ilk xarici səfərini Türkiyəyə etməsi ənənəyə sadiq qalmasından irəli gəlir, hərçənd ilk dəfə idi ki, iki qardaş ölkənin baş diplomatları salamlaşmanı qədim türk ənənəsinə - əlin ürəyin üzərinə qoyulması - uyğun edirdi. Pandemiya fonunda bu virusdan qorunmaq kimi görünə bilər, amma kameralar önündə ilk dəfə belə salamlaşmanın səbəbi virusdan qorunmaq yox, Bakı və Ankara diplomatiyasının “birlik” mesajı idi. Əlin ürəyin üzərinə qoyularaq salamlaşma türk ənənəsində “səninləyəm”, “səni dəstəkləyirəm” mənasını daşıyır. Bu detalın üzərindən keçmək olardı, əgər Ərdoğanın Ceyhun Bayramov və Zakir Həsənovla birgə fotosu, ardınca da Bakıda fərqli salamlaşma məqamı olmasaydı”.

Ərdoğanın Ceyhun Bayramov və Zakir Həsənovla görüşündə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hulusi Akarı da iştirak etdiyini deyən A.Nərimanlı diqqəti türk nazirlərin yox, Bayramov və Həsənovun Ərdoğanın sağında və solunda dayanması çəkdiyini qeyd edib və bunun birlik mesajının davamı olduğunu bildirib.



“Azərbaycan paytaxtında simvolika tamamlanmış oldu və ən mühüm detal Akarla Həsənovun göz-gözə, qol-qola salamlaşması idi. Qonaq gələn Akar onu qarşılayanları “türk salamı” adlandırılan formada salamlayır, məntiqlə Zakir Həsənovla da eyni formada salamlaşmalı idi. Lakin iki ölkənin hərbi nazirinin salamlaşma forması özündə mühüm simvolika daşıyır. Qol-qola, gözə-gözə. Müharibədə təslim olmaq türk döyüş tarixinə xas deyil və döyüşün ən çətin vaxtında, yəni düşmən qarşısında sayca az qalanda qol-qola girir, təslim olmur, döyüşə davam edirlər. Burada heç bir söz demədən göz-gözə baxmaq, “səninlə ölümü belə qarşılamağa hazıram” mənasını daşıyır. Akarla Həsənov – Türkiyə ilə Azərbaycan bu simvolika ilə “təslim olmayacağıq, sona qədər döyüşəcəyik” mesajını verir” – siyasi şərhçi vurğulayıb.

Qeyd edib ki, baş diplomatların Ankarada başqa, hərbi nazirlərin Bakıda başqa forma və məna daşıyan simvolik salamlaşması özündə iki istiqaməti ehtiva edir: “Türkiyə və Azərbaycan xarici siyasətdə “saatlarını yenidən eyni vaxta qurur”. İki ölkənin ordusu düşmənə qarşı birgə döyüşə girir. Ərdoğanın Bayramov və Həsənovla birgə foto-mesajı isə Bakı və Ankaranın diplomatik və hərbi cəbhədə eyni tərəf olduğunun yekun nümayişi hesab oluna bilər”.

A.Nərimanlı hesab edir ki, Azərbaycan və Türkiyənin təmaslarının məqsədi təkcə mövcud birliyi yenidən nümayiş etdirmək deyildi: “Məsələ mesajın kimlərə, niyə simvolika ilə verilməsi və proseslərin mümkün inkişafıdır. Bunu anlamaq üçün iki məqama diqqət etmək lazımdır. Azərbaycan XİN rəhbərinin Ankara səfərində müdafiə naziri də iştirak edirdi. avqustun 10-da başa çatması planlaşdırılan Azərbaycan-Türkiyə hərbi təlimlərinin vaxtı uzadıldı.

Birinci məqam: səfərin vaxtı Türkiyənin yeni NAVTEX (ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıq) elan edərək, “Oruc Rəis” araşdırma gəmisini Şərqi Aralıq dənizinə çıxarmasından sonra başlanan yunan-türk gərginliyi fonunda diqqət çəkir. Türkiyənin qarşısında təkcə Yunanıstan deyil, Misir, İsrail, Fransa birbaşa, ABŞ və Rusiya dolayısı ilə yer alır. Qarşıdurmanın ana xəttini Aralıq dənizinin şərqində mövcud qaz ehtiyatlarının bölüşdürülməsi, bölgəyə nəzarətlə Yaxın Şərq masasında güclənmək və bölgənin Avropa bazarına tranzitdə əhəmiyyəti təşkil edir. Suriya müharibəsinin başlama səbəblərindən biri də bölgənin enerji resurslarının Avropanın enerji bazarına çıxarılması uğrunda mübarizə idi. Yaxın Şərqdə müharibə uzandı və ötən müddət ərzində Bakı və Ankara Cənub Qaz Dəhlizi layihəsi ilə Avropanın enerji təhlükəsizliyinin alternativ mənbədən təmin edilməsində böyük məsafə qət etdilər. İndi Aralıq dənizində müşahidə olunan qarşıdurma fonunda Azərbaycanın baş diplomatı və ordu rəhbərinin Ankaraya səfəri bölgədəki oyunçulara Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinin Bakı və Ankaranın əlində olduğunu göstərməkdir.

Mesaj belədir: “Aralıq dənizində Türkiyənin qarşısına maneələrin çıxarılması Avropanın enerji təhlükəsizliyini təhlükəyə atır”.

İkinci məqam: Türkiyə-Azərbaycan hərbi təlimlərinin vaxtının uzadılması, türk hərbi rəhbərliyinin Bakıya gəlişi və Akarla Həsənovun “qol-qola, göz-gözə” kadrı bu prosesin davamı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyini təmin edən enerji dəhlizinə mümkün təhlükələrə qarşı atılan addımdır.



Tovuz döyüşlərində enerji dəhlizinə qarşı təxribat hücumunun qarşısı alındı. Lakin bu birinci mərhələ idi və növbəti mərhələnin olacağı ehtimalı böyükdür. Dəhlizin Gürcüstanda keçdiyi Cavaxetiya bölgəsində erməni separatizminin sosial problemlər fonunda aktivləşməsi də bu təhlükənin reallığını aktuallaşdırır. Hərbi təlimlərin planlaşdırılan vaxtda bitməməsi, türk generallarının Bakıya gəlişi bu təhlükənin yaratdığı zərurətdən irəli gəlir”.

Siyasi şərhçi bu proseslərin fonunda Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmasının iki kontekstdə diqqət çəkdiyini bildirib.

“Birincisi, müzakirələr Türkiyə hərbi rəhbərliyinin Bakıda olduğu vaxt həyata keçirildi. İkincisi, Azərbaycan lideri “Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu” qeyd etməklə Moskvaya erməni oyununu göstərdi, həm də bu, Moskvaya tərəf olmamaq mesajıdır. Mümkündür ki, birgə hərbi təlimlərin uzadılması və türk hərbi rəhbərliyinin Bakıya gəlişi Rusiya ilə danışıqların fərqli formasiyada aparılmasına hesablanıb”, - o qeyd edib.

A. Nərimanlı proseslərin mümkün inkişafının belə olacağını təxmin edir:

“Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı Ərdoğan-Putinin təmasları artaracaq;

Minsk qrupunun formatının dəyişdirilməsi və Türkiyənin mümkün vasitəçiliyi üzərində müzakirələr aktuallaşacaq;

Enerji dəhlizinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan-Gürcüstan-Türkiyə birgə hərbi təlimlərinin yenidən keçirilməsi gündəmə gələcək;

Zəngəzur məsələsi yaxın dövrdə Bakı və Ankaranın gündəliyində əsas mövzulardan biri olacaq”.

Onun fikrincə, cari dördə Zəngəzurun işğal altında olması üzərində tarixi-siyasi müzakirələr təşkil edilməsi vacibdir.



“Zəngəzur məsələsi Türk dünyasının coğrafi parçalanmasında kilid nöqtədir. Bakıda Akarla Həsənovun “qol-qola, göz-gözə” mesajı bizə qarşı olanlara “sona qədər döyüşəcəyik” mesajının verilməsi ilə yanaşı, həm də Mərkəzi Asiyanın türkdilli ölkələrinə “birlik” mesajının ötürülməsi idi. Bu mesaj qədim türk ənənəsi üzərindən verilir və Bakı-Ankara cütlüyü digər türkdilli ölkələrə “birliyin” mümkün olduğunu, düşmənə qarşı sona qədər döyüşməyin nümunəsini göstərirlər. Bu mesajlar fonunda türk dünyasının coğrafi bölünməsinin aradan qaldırılması məqsədilə Zəngəzur məsələsinin türk coğrafiyasının gündəminə daşınması gözləniləndir. Zəngəzur faktoru həm də cari dövrdə Ərdoğanla Putinin müzakirələrində gündəm mövzularından biri ola bilər. Bakı və Ankara yaxın dövrdə bu amildən həm türk dünyasının ictimai-siyasi şüurunun bütünləşməsi, həm də Qarabağ münaqişəsinin həllində gediş olaraq istifadə edəcək” – A.Nərimanlı qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər