Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Hakan Fidanın Rusiya və Ukrayna təmsilçilərini yenidən İstanbulda görüşdürmək səyləri müsbət nəticə verib. Tərəflər iyunun 2-də İstanbulda görüşə razılıq veriblər.
Bakupost.az xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu növbəti görüşdə əsas hədəfin qısamüddətli də olsa atəşkəsə nail olmaq olduğunu bildirib.
"Çünki bu dəfə də razılıq əldə olunmasa, bu həm yay aylarında müharibənin şiddətlənməsi, həm də Türkiyənin vasitəçiliyinin bir müddət dayandırılması demək olacaq. Bu səbəbdən Hakan Fidan həm Moskvada, həm də Kiyevdə detallı görüşlər və müzakirələr həyata keçirib, atəşkəsin əldə olunması üçün tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışıb. Ankaranın digər hədəfi isə yaxın müddətdə 4 ölkənin (Türkiyə, Rusiya, Ukrayna və ABŞ) liderlərini İstanbulda bir araya gətirməkdir. Bu, həm Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına şərait yaradar, həm də Rusiya və ABŞ Prezidentləri arasında görüşün və razılaşmaların əldə olunması üçün münbit zəmin formalaşdırar.
Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski və Donald Tramp İstanbulda görüşün tərəfdarıdırlar, top Vladimir Putinin meydanındadır."
Aysel,
BakuPost