Ru
14:39 / 22 İyun 2026

"Arzum 999"a niyə 5 il 9 ay həbs tələb olundu? - Keçmiş müstəntiq SƏBƏBini açıqladı

"Arzum 999"a niyə 5 il 9 ay həbs tələb olundu? - Keçmiş müstəntiq  SƏBƏBini açıqladı
Eye

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi sosial şəbəkələrdə geniş müzakirə olunur. Bir çoxları prosesin uzanmasının səbəbi kimi tərəflər arasında barışığın əldə olunmamasını göstərir.

İyunun 18-də keçirilən iclasda müdafiə tərəfinin bir sıra vəsatətləri təmin olunmayıb. Dövlət ittihamçısı Nərmin Tahirzadə isə çıxış edərək təqsirləndirilən şəxsin 3 il müddətinə sürücülük hüququndan məhrum edilməsini və 5 il 9 ay azadlıqdan məhrum olunmasını təklif edib. İ.Hacıyevanın vəkilləri isə müdafiə üçün əlavə vaxt istəyiblər. Növbəti və yekun iclasın iyunun 25-nə təyin olunduğu bildirilir.

Tiktoker isə ötən gün Prezidentə müraciət edərək məhkəmənin ədalətli aparılmadığını iddia edib və kömək istəyib.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı keçmiş müstəntiq Müşfiq Abbasov bildirib ki, yol-nəqliyyat hadisələrində ən problemli məqamlardan biri hadisə yerini tərk etmə hallarıdır. O qeyd edib ki, avtoqəza ehtiyatsızlıqdan baş versə də, hadisə yerini tərk etmək artıq qəsd tərkibli əməl kimi qiymətləndirilir və cəzanın sərtləşməsinə səbəb olur:

“Təbii ki, bu gələcəkdə məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və heç də təqsirləndirilən şəxsin xeyirinə deyil. Ölümlə nəticələnmiş avtoqəzalarda isə mütləq zərərçəkmiş tərəflə barışıq tələb olunur. Əgər belə barışıq yoxdursa, məhkəmələr 99 faiz 5 ildən artıq azadlıqdan məhrum etmə cəzası verir ki, təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə deyil, ümumi rejimli çəzaçəkmə müəssisəsinə getsin. Bu günlərdə sosial-şəbəkələrdə geniş müzakirə olunan Arzum ləqəbli tiktoker qadına dövlət ittihamçısının CM-nin 263.2 və 264-cü maddələri ilə ümumilikdə 5,9 il azadlıqdan məhrum etmə cəzasını tələb etməsinin mahiyyəti də bununla bağlıdır. Ehtimal ki, məhkəmə hökmündə həmin qadın 5,5 il müddətinə azadlıqdan məhrum edilib məhkəmə zalında da həbs ediləcək və cəzasını da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Odur ki, avtoqəzada vacib iki şərti unutmayın. 1. Zərərçəkmişi həkimə çatdırmaq, bu mümkün olmadıqda hadisə yerini tərk etməmək. 2. Ölüm varsa, mütləq zərərçəkənlərlə barışıq əldə etmək”.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar