Azərbaycanda Əmək Məcəlləsinə bir sıra dəyişikliklə edilməsi planlaşdırılır.
Bakupost.az xəbər verir ki, bunlardan ən vacibi saatlıq əməkhaqqı sisteminin tətbiqidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, məsələ ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.
Məlumata görə, Məcəllədə, həmçinin məsafədən işin hüquqi tənzimlənməsi, eyni dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan işçilərlə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm məsələlər də öz əksini tapacaq.
Açıqlamada bildirilir ki, normativ hüquqi aktların layihələri əvvəlcə aidiyyəti dövlət orqanları ilə razılaşdırılır və bu prosesin tamamlandığı sənədlər Nazirlər Kabinetinə təqdim olunur. Artıq bəzi layihələr razılaşdırılaraq təqdim edilib, digərləri isə hələ razılaşdırılma mərhələsindədir.
Hazırda təqdim edilmiş sənədlərə müvafiq qaydada baxılır. Nazirlik əlavə edib ki, dəyişikliklərlə bağlı irəliləyiş olduqca, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid bir neçə ildir müzakirə edilir. Xarici ölkələrdə saatlıq əməkhaqqı sistemi geniş yayılıb və bu sistem hüquqi baza, sosial təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə tənzimlənir. ABŞ-da saatlıq əmək haqqı “Fair Labor Standards Act” qanunu ilə tənzimlənir. Federal minimum əməkhaqqı 2024-cü ildə 7,25 dollar olsa da, bir çox ştatlarda bu göstərici daha yüksəkdir. Həftədə 40 saatdan artıq iş üçün 1,5 əmsal “overtime” ödənişi verilir. Saatlıq və maaşlı işçilər eyni sosial təminat haqları ilə əhatə olunur.
Birləşmiş Krallıqda minimum saatlıq əməkhaqqı yaş qruplarına görə dəyişir və 2024-cü ildə 21 yaşdan yuxarı işçilər üçün 11 funtdur. Saatlıq işçilər də məzuniyyət və pensiya hüquqlarına malikdir.
Almaniyada saatlıq iş “Arbeitsrecht” və kollektiv müqavilələrlə tənzimlənir. Minimum əməkhaqqı 12 avrodur. Bu işlərdə vergi və sosial sığorta yükü azdır, sosial təminat sistemi geniş və əhatəlidir.
Skandinaviya ölkələrində rəsmi minimum maaş yox, kollektiv müqavilələrlə müəyyən edilən saatlıq əməkhaqları mövcuddur. Güclü həmkarlar ittifaqları və inkişaf etmiş sosial təminat sistemi sayəsində saatlıq işləyənlər də yüksək səviyyədə qorunur.