Ru
16:53 / 20 Avqust 2025

Azərbaycana gələn turistlər niyə tükənir: daxili, yoxsa xarici problem?

Azərbaycana gələn turistlər niyə tükənir: daxili, yoxsa xarici problem?
Eye

Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8,3 faiz azalıb. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, həmin müddətdə ölkəmizə 237 min 400 nəfər ərəb turist səfər edib. Ən çox ziyarətçi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən gəlib. Ümumilikdə isə Azərbaycana gələn turistlərin sayı 1,7 faiz azalaraq 1 milyon 477 min nəfərə düşüb. Deputat bildirib ki, bu azalma fonunda yeni turizm destinasiyaları ilə əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.

Bəs turist axınının azalmasının səbəbi nədir və bunun iqtisadi təsirləri necə qiymətləndirilir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az-a açıqlamasında bildirib ki, turizm potensialından doğru-düzgün istifadə etmək lazımdır:
“Biz gərək, rəqəmlərə qlobal baxaq. Bu onu göstərir ki, Azərbaycanın turizm potensialından doğru-düzgün istifadə etmək mümkün olmur. Xüsusən ərəb turistlərinin sayının azalması daha çox təsir edir. Çünki onlar premium turistlər sayılırdı, daha çox xərcləyir, bahalı otellərdə qalır, bahalı restoranlara gedirdilər. Onların sayının azalması kiçik və orta sahibkarlara təsir göstərir. Çünki onlar rayonlara gedəndə haradasa çörək yeyir, nəyisə icarəyə götürür, kafelərə, restoranlara, alış-veriş mərkəzlərinə gedirdilər. Orada da azalma olanda digər sahələrdə də azalma müşahidə olunur”.

N.Cəfərlinin fikrincə, körfəz ölkələri premium klass sayıldığına görə onları cəlb etmək üçün müxtəlif təşviq proqramlarına ehtiyac var:
“Təəssüf ki, bizdə turizm məhsul kimi qəbul olunmur. Həm şirkətlər, həm də dövlətin turizmlə məşğul olan qurumları turizmi satmalıdır. Turizmin satılması üçün hekayə quruculuğu lazımdır. Sən əvvəlcə hekayəni satmalısan, ondan sonra turisti cəlb etməlisən. Məsələn, Azərbaycana gələn turist üçün bu qədər gözəl imkanlar, fürsətlər, tarixi abidələr var, onların tanıtımı mümkündürmü? Bakıda 1 gün gəzirlər, uzağı Qobustana gedirlər, sonra da Qəbələyə gedib hansısa təbiət qoynunda restorana üstünlük verirlər. Amma belə olmamalıdır. Təbiət turizmi imkanı var, tarixi abidələr var, indi işğaldan azad olunmuş bölgələrimizin çox gözəl ekoturizm potensialı var. Biz bunu məhsula çevirməli, hekayəsini yaratmalı və satmağı bacarmalıyıq. Hekayə satılandan sonra turist avtomatik daha çox gəlməyə başlayacaq”.

Mövzu ilə bağlı Bakupost.az-adanışan turizm eksperti Rəhman Quliyev bildirib ki, hər hansı ölkədən Azərbaycana gələn turistlərin sayının azalması birbaşa həmin ölkənin daxili vəziyyəti ilə bağlıdır:
“Ümumiyyətlə, bütün dünyada baş verən siyasi krizislər, qalmaqallar, soyuq müharibələr dünya dövlətlərinə təsirsiz ötüşmür. Bu məqamda Azərbaycana gələn turistlər arasında siyahıya Rusiya və ərəb ölkələri başçılıq edir. Yaxın Şərqdə baş verən olaylar insanların sosial durumuna ciddi təsir göstərir. Təbii ki, Azərbaycanın bu gün apardığı uğurlu xarici siyasət ölkəmizin qapılarını bütün dünyaya açıq edir. Ermənistan istisna olmaqla, bütün dövlətlərin vətəndaşları rahat şəkildə Azərbaycana gəlib-gedə bilir. Mənə elə gəlir ki, turistlərin sayının azalması təkcə Azərbaycanla bağlı məsələ deyil. Müxtəlif ölkələrdə siyasi vəziyyətin kəskin dəyişməsi və turizm qabiliyyətinin zəifləməsi Azərbaycana gələn turistlərin sayına da təsir göstərir. Ümumilikdə, dünyada baş verən siyasi qalmaqallar və müharibələr birbaşa turizm sektoruna böyük zərər vurur".

Lalə Novruz,
BakuPost

Şərhlər
  • Bəhrami

    Turistdən önncə BİZ, *uğurlu Xarici SİYASƏT ölkəmizin qapılarını dünyaya açıq edir!* öyünməsi elə, marağı *ucuzlaşdırır*. Siyasət, ölkənin, vətəndaşının gündəlik tələbatına münasibətləri elə qurmalıdır ki, gələn hər əcnəbi heyranlıqla izləsin, müşahidə etsin? Qəbiristanlıq, ya şəhidlər xiyabanı hər ziyarətçini necə, hansı adətə dəvət edir? Elə bir dərin tarixi təsdiqləyici (Misir Ehramları kimi) abidə, ibadətgah, şəxsiyyətlər-abidələri, nişanələri varmı? Yazılı tariximizə görə azı üç əsr, 1918 və 1920ci illərdən azı 70 il müstəqillik mübarizəsi aparmışıq? Son üç əsrdə, ötə 70 illik ümum sosializmdə hansı asılılıqlarımız vardı ki, bu gün həmin vasitələrin ən dünyəvi keyfiyyətlisi ilə özümüzü tam təmin və bir o qədər də ixrac edirik? Hər sahə ayrıca maraq və səyahət obyekti deyilmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar