Ru
18:02 / 18 İyul 2025

Azərbaycanla qarşıdurma Rusiyanın özünə zərbə olacaq - AÇIQLAMA

Azərbaycanla qarşıdurma Rusiyanın özünə zərbə olacaq -  AÇIQLAMA
Eye

“Əslində, Azərbaycanla MDB ölkələrindən yalnız Rusiya ilə müəyyən problemlər yaşanır. Digər ölkələrlə Azərbaycanın ikitərəfli əlaqələri kifayət qədər yüksək səviyyədədir. İstər Qazaxıstan olsun, istərsə də Özbəkistan. Hətta Belarusla belə ikitərəfli münasibətlər kifayət qədər yüksək səviyyədədir”.

Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bu gün Azərbaycanın MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etməsini şərh edərkən bildirib.


Onun sözlərinə görə, Azərbaycanın Moskvanın koordinatorluğu və moderatorluğu ilə digər MDB ölkələri ilə münasibətləri tənzimləməyə heç bir ehtiyacı yoxdur:

“Buna görə də bu iştirakdan imtina, digər MDB ölkələrinə qarşı yönəlmiş addım deyil. Bu, əsasən Moskvanın atdığı addımlara adekvat olaraq Azərbaycanın verdiyi cavabdır və doğru olan da məhz budur.”

Natiq Cəfərli qeyd edib ki, iqtisadi münasibətlərdəki gərginliyin səbəbi məhz Rusiyadır:
İqtisadi münasibətlərdə yaşanan axsama, Azərbaycan məhsullarında yalan-doğru "xəstəliklərin" tapılması, digər təzyiq cəhdləri məhz Rusiyadan qaynaqlanır.Ona görə də bu toplantıda iştirak etməməklə Azərbaycan heç nə itirmir. Digər MDB ölkələri ilə onsuz da güclü ikitərəfli əməkdaşlıq münasibətləri mövcuddur.”

Ekspert həmçinin bildirib ki, Rusiyanın Azərbaycana ixrac etdiyi məhsulların həcmi bizim həmin ölkəyə ixracımızdan xeyli çoxdur:

“Moskva özü də düşünməlidir ki, Rusiya Azərbaycana, onun bizə satdığından daha çox məhsul satır. Azərbaycan Rusiyaya təxminən 1 milyard dollarlıq məhsul ixrac edirsə, Rusiyanın ixracı ötən il təxminən 3 milyard dollara yaxınlaşıb. Bu baxımdan, qarşılıqlı münasibətlərdə problemlərin yaranması Rusiyanın özünə də ciddi ziyan vurur. Rusiya düşünməlidir ki, atdığı addımlar nəticəsində Azərbaycanla münasibətlərin müəyyən dərəcədə zəifləməsi, onsuz da sanksiyalar altındakı Rusiya iqtisadiyyatına mənfi təsir göstərir. Bu da çox ciddi məsələdir. Rusiya tərəfi Azərbaycana qarşı haqsız addımlar atarkən, özünə dəyəcək iqtisadi ziyanları da hesablamağı bacarmalıdır.”

Lalə,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar