2025-ci ildə dövlət köçürülmə proqramı çərçivəsində Rusiyaya 26,7 min nəfər köç edib. Bu göstərici son 15 ilin ən aşağı səviyyəsi hesab olunur.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, köç edənlər arasında ən böyük pay Qazaxıstan (35%) və Qırğızıstan (11%) vətəndaşlarının payına düşür. Digər ölkələr üzrə göstəricilər belədir: Türkmənistan – 9,6%, Özbəkistan – 9,5%, Tacikistan – 9,2%, Ermənistan – 8,3%.
Azərbaycan və digər ölkələrin ümumi payı isə 17,4% təşkil edir. Bu qrupa həmçinin Almaniya, Ukrayna, İsrail, Gürcüstan və Belarus da daxildir.
Bu payın təxminən yarısının Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, 2025-ci ildə Rusiyaya köç edən Azərbaycan vətəndaşlarının sayı təxminən 2,3–2,5 min nəfər olub.
Müqayisə üçün qeyd edək ki, 2005–2010-cu illərdə bu göstərici illik orta hesabla 5–6 min nəfər təşkil edirdi. Bu isə son 15 ildə Rusiyaya köç edən Azərbaycan vətəndaşlarının sayının təxminən iki dəfə azaldığını göstərir.
Mövzu ilə bağlı
Bakupost.az-a danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov bildirib ki, Rusiya və Azərbaycan arasında olan miqrasiya mübadiləsinin, xüsusilə Rusiya istiqamətində olan göstəricilərində müəyyən azalmalar müşahidə olunur. Onun sözlərinə görə bu, bir neçə səbəblə bağlıdır:

“Birincisi, artıq 4 ildir davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində tətbiq olunan iqtisadi sanksiyalar ölkə iqtisadiyyatının bir çox sahələrinə ciddi təsir göstərib. Nəticədə bir sıra iş yerləri bağlanıb. Bu isə həmin sahələrdə çalışan əmək miqrantlarına birbaşa təsir edib, onların gəlirləri azalıb və ailələri çətin vəziyyətə düşüb. Belə şəraitdə miqrantların bir qismi başqa sahələrdə əmək fəaliyyəti ilə məşğul olmağa çalışsa da, bu prosesin kifayət qədər çətin olduğu məlumdur. Digər bir qismi isə öz ölkəsinə qayıdıb və vəziyyətin yaxşılaşmasını gözləyir. Bu isə ümumilikdə Rusiyada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan miqrantların sayının azalmasına gətirib çıxarıb.
İkinci səbəb yenə də Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Son zamanlar informasiya məkanında miqrantların məcburi şəkildə döyüş bölgələrinə cəlb olunması ilə bağlı məlumatlar yayılır. Bu da miqrantlar arasında ciddi narahatlıq yaradır. Müxtəlif səbəblərdən çətin vəziyyətə düşən, o cümlədən müəyyən cinayət işlərində adı keçən şəxslərin azadlıqdan məhrum edilmək əvəzinə döyüş bölgələrinə göndərilməsi halları barədə məlumatlar var. Bəzi hallarda bu proses məcburi, bəzi hallarda isə könüllü olur. Lakin istənilən halda bu amil miqrantlar üçün narahatlıq yaradır və onların daha ehtiyatlı davranmasına səbəb olur”.
A.Allahverənovun sözlərinə görə, üçüncü mühüm səbəb, miqrasiya qanunvericiliyində edilən dəyişikliklərlə bağlıdır:
“Müxtəlif səviyyələrdə miqrantların gündəlik həyatına birbaşa təsir edən yeni qaydalar tətbiq olunur. Bu dəyişikliklər nəticəsində bəzi miqrantlar iş yerlərini itirir, bəzilərinin gəlirləri azalır, digərləri isə ailə üzvləri ilə bağlı çətinliklərlə üzləşir və nəticədə ölkəni tərk etmək məcburiyyətində qalırlar”.
Millət vəkili vurğulayıb ki, xüsusilə ailə üzvləri ilə bağlı qaydalar sərtləşdirilib:
“Əvvəllər miqrant Rusiyada işləyirdisə, ailəsini də özü ilə apara bilir və ailə üzvləri müvəqqəti yaşama icazəsi ala bilirdi. Lakin sonradan qüvvəyə minən yeni qaydalara əsasən, artıq müvəqqəti yaşama icazəsinin verilməsi üçün ailə üzvlərinin də əmək fəaliyyəti ilə məşğul olması tələb olunur. Əgər ailə üzvü işləmirsə, yalnız miqrantın ailə üzvü olması müvəqqəti yaşamaq icazəsi üçün kifayət etmir. Bundan əlavə, uşaqların məktəbə qəbulu, tibbi xidmətlərdən istifadə və digər sosial xidmətlər sahəsində də müəyyən məhdudiyyətlər tətbiq olunur. Bu da ümumi vəziyyətə mənfi təsir göstərir”.
A.Allahverənov qeyd edib ki, digər mühüm məqam isə Rusiyanın bəzi regionlarında, xüsusilə azərbaycanlıların kompakt yaşadığı ərazilərdə onlara qarşı münasibətin bəzi hallarda daha sərt və qərəzli olması ilə bağlıdır:
“Bu da miqrantlar arasında narahatlıq yaradır və onların bir qisminin başqa şəhərlərə köçməsinə və ya ümumiyyətlə Rusiyanı tərk etməsinə səbəb olur. Son aylarda bu kimi halların müəyyən qədər azaldığı müşahidə olunsa da, xüsusilə Yekaterinburq şəhəri ilə bağlı narahatlıq doğuran məlumatlar hələ də mövcuddur.
Bütün bu amillər Rusiyaya köçmək və ya orada əmək fəaliyyəti ilə məşğul olmaq istəyən insanların qərarlarına birbaşa təsir edir. Həmçinin qeyd etmək lazımdır ki, Rusiya ilə Azərbaycan arasında miqrasiya mübadiləsi hələ də yüksək səviyyədə qalır və digər ölkələrlə müqayisədə Rusiya birinci yerdə qərarlaşıb.
Hazırda Rusiyada təxminən 500 minə yaxın Azərbaycan vətəndaşı yaşayır. Bundan əlavə, 2 milyondan çox etnik azərbaycanlı Rusiya Federasiyasının vətəndaşıdır. Bu faktorlar iki ölkə arasında miqrasiya əlaqələrinin hələ uzun müddət davam edəcəyini göstərir. Lakin ümumi göstəricilər 15-20 il əvvəlki dövrlə müqayisədə ciddi şəkildə azalıb. Bu azalma Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmində də özünü göstərir. Bu isə birbaşa olaraq orada çalışan miqrantların sayının və gəlirlərinin azalması ilə bağlıdır”.
Lalə Novruz,
BakuPost