Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakıda yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserdə antisanitar vəziyyətin olduğuna dair video yayılıb.
Görüntülərlə bağlı TƏBİB-dən
Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, video görüntüsü paylaşılan tibb müəssisəsi hazırda fəaliyyət göstərmir:
"Məlumat üçün bildirək ki, vərəmlə mübarizə xidmətində son dönəmlər ciddi islahatlar həyata keçirilməkdədir. TƏBİB-in Müşahidə Şurasının 9 iyul 2024-cü il tarixli Qərarına əsasən “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Ölkə üzrə ayrı-ayrı tabelikdə fəaliyyət göstərən ixtisaslaşmış vərəm xəstəxanaları, tibb müəssisələrinin vərəm şöbələri, vərəm əleyhinə dispanserlər və ftiziatrik kabinetlərin maddi-texniki bazasında optimallaşdırma aparılaraq vahid mərkəzdən idarə olunan və koordinasiyalı fəaliyyət göstərən regionallaşdırılmış xidmət sistemi yaradılıb.
Qeyd olunan islahatlar çərçivəsində 1 saylı Vərəm Əleyhinə Dispanserin stasionar fəaliyyəti dayandırılıb və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən modul tipli xəstəxanada fəliyyət göstərən Abşeron Regional Xəstəxanasınına köçürülüb. Xəstəxana ən müasir avadanlıqlarla təmin edilib və optimalaşdırılıb.
2025-2026-cı illərdə həyata keçirilən təmir və rekonstruksiya işləri nəticəsində Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən 6 xəstəxana (Qobustan, Şəmkir və Yevlax regional xəstəxanaları, Doğum Evi, Uşaq və Pulmonologiya xəstəxanaları) vətəndaşların istifadəsinə verilib.
Onu da xüsusi olaraq qeyd edək ki, istifadəyə verilən hər bir tibb müəssisəsi yenidən qurulub, müasir tibbi avadanlıqlarla təmin olunub və vətəndaşlar üçün bütün zəruri şərait yaradılıb".
******
13:33
Bakıda yerləşən vərəm dispanserlərindən birində antisanitar vəziyyət hökm sürür.
Bakupost.az -ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda tibb müəssisəsinin sanitar qovşağının baxımsız, təmirsiz və yararsız vəziyyətdə olduğu əks olunub.
Görüntülərin 1 nömrəli Vərəm Əleyhinə Dispanserə aid olduğu iddia edilib.
Paylaşımda deyilir:
“Bakıda yerləşən Vərəm Dispanserinin ayaqyolunun 2026-cı ildəki vəziyyəti. Bu da bizim dövlət xəstəxanamız... Ümid edirik ki, orada çalışanlar özləri vərəm deyil”.
İddialarla bağlı sözügedən dispanserlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirməyə çalışdıq. Lakin qarşı tərəf iddiaları nə təsdiqlədi, nə də təkzib etdi.
Səhiyyə Nazirliyindən isə görüntülərin həmin dispanserə aid olduğunu təsdiqlədilər.
Qurumun Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən
Bakupost.az -a bildirdilər ki, bu tibb müəssisəsinin təmirə ehtiyacı var:
“Sözügedən binanın əsaslı təmiri və ya yenidən inşasının Dövlət İnvestisiya Proqramına daxil edilməsi ilə bağlı təklif müvafiq dövlət qurumuna təqdim olunub. Maliyyə vəsaiti ayrıldığı təqdirdə, 2027–2030-cu illər ərzində binanın əsaslı təmiri və ya yenidən inşasının həyata keçirilməsi nəzərdə tutulur”.
Lalə Novruz,
BakuPost