Neft qiymətlərinin son vaxtlar aşağı düşməsi bir çox erməni ekspertin “çılğın sevinci” ilə müşayiət olunur və onlar bunu açıq şəkildə ifadə edirlər.
Bakupost.az xəbər verir ki, növbəti belə bir “ruh yüksəkliyini” erməni ekspert Qriqor Emin-Teryan nümayiş etdirib.
O bildirib ki, OPEC+ ölkələrinin neftlə ən zəngin üzvləri - Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri büdcələrindəki kəsiri örtmək üçün neft hasilatını kəskin şəkildə artırmaq qərarı veriblər ki, bu da neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq:
“Bu ölkələrdə neft hasilatının maya dəyəri təşkilatın bir çox digər üzvlərininkindən xeyli aşağıdır. Nəticədə neft hasilatı bir sıra ölkələr üçün sadəcə olaraq sərfəli olmayacaq”.
O xatırladıb ki, qlobal maliyyə böhranı da qaçılmazdır:
“Bəzi analitiklər fransız iqtisadçı Klement Jugliarın adını daşıyan ortamüddətli iqtisadi tsiklə uyğun gələn böhranın gecikdiyini qeyd edirlər. Xatırladırıq ki, bu tsiklin müddəti 7 ildən 11 ilə qədərdir və sonuncu qlobal maliyyə böhranı 2008-ci ildə baş verib. 1997-1998-ci illərdə Asiya maliyyə böhranı olub. Növbəti böhran gecikir və görünür, bu, daha dağıdıcı olacaq - bəlkə də 1929-1939-cu illərin Böyük Depressiyası ilə müqayisə oluna bilər.
Bu gün gözlənilən maliyyə böhranı, 2008-ci ildə olduğu kimi, çox güman ki, ABŞ-da başlayacaq. ABŞ prezidentinin tariflərlə oyun siyasəti digər ölkələrin Amerika dollarına olan inamını sarsıdıb. Buna cavab olaraq bir çox ölkə ABŞ hökumətinin xəzinə istiqrazlarından kütləvi şəkildə qurtulmağa başlayıb. Son vaxtlara qədər bu istiqrazlar milli bankların və xəzinələrin ehtiyatları üçün ən etibarlı aktivlərdən biri hesab olunurdu — qızıldan fərqli olaraq, onlar tez satıla bilirdilər. ABŞ bu istiqrazlar sayəsində büdcə kəsirini ildən-ilə bağlayaraq dövlət borcunu artırdı və bu gün borc 36,2 trilyon dollara çatıb. Yaponiya, Çin və digər ölkələr artıq tələsik bir trilyon dollar dəyərində ABŞ Xəzinədarlıq istiqrazlarını satıblar.
Tanınmış investor, yapon əsilli uğurlu amerikalı sahibkar, 20-yə yaxın bestsellerin müəllifi və maliyyə və biznes təlimlərinin qurususu Robert Kiyosakinin sözlərinə görə, Amerika dövlət istiqrazlarının yerləşdirilməsi üzrə sonuncu hərrac baş tutmayıb. ABŞ-ın Federal Ehtiyat Sistemi 50 milyard dollarlıq istiqraz almağa məcbur olub ki, bu da əlavə dollar emissiyası tələb edir. Kiyosakinin fikrincə, bu, hiperinflyasiyaya və dolların devalvasiyasına gətirib çıxara bilər ki, bunun nəticəsində milyonlarla insan öz əmanətlərinin bir hissəsini itirəcək.
Bu yaxınlarda ABŞ Nümayəndələr Palatası yalnız bir səs çoxluğu ilə Prezident Trampın təklif etdiyi vergi və büdcə islahatı qanun layihəsini qəbul edib. Bu sənəd Senatda da təsdiqlənərsə, ABŞ-ın dövlət borcu yaxın 10 il ərzində daha 2,3 trilyon dollar artacaq. Bu o deməkdir ki, bütün dünyaya təsir edəcək maliyyə böhranı yaxınlaşır”.
O iddia edib ki, bu iki səbəb - neft hasilatının artması və qlobal böhran neft qiymətlərini kəskin şəkildə aşağı salacaq:
“Azərbaycanın gücü, eləcə də çoxmillətli Azərbaycanın sabitliyi və ərazi bütövlüyü tamamilə neft və qazın qiymətindən asılıdır. Neft ucuzlaşacağı halda Bakının planları iflasa uğrayacaq”.