Mayın 22-də 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 10:30 radələrində) VIII sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur - red.) mübahisə zamanı yüngül xəsarət yetirib.
Bakupost.az bu barədə "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələ ilə bağlı bildirilib ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib:
"Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxt ərazisində yerləşən məktəblərin birində şagirdlər arasında baş verən mübahisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.