Ru
16:59 / 22 May 2025

Gömrük Komitəsi Mehinin CAVABINI VERDİ

Gömrük Komitəsi Mehinin  CAVABINI VERDİ
Eye

Gömrük komitəsi “iconmekh” kimi tanınan bloqer Mehin Oktaylının Komitə ilə bağlı səsləndirdiyi ittihamlara münasibət bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə komitənin yaydığı açıqlamada deyilir:

“Xanım bloqer instaqram sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşları tərəfindən onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb.

Xanım bloqer anasına məxsus çamadanın zorla əlindən alındığını, gömrük əməkdaşlarının qeyri-etik hərəkətlərə yol verdiklərini iddia edib. Məlumat dərhal araşdırılıb, iddiaların əsassız və həqiqətə uyğun olmadığı müəyyənləşdirilib.

Belə ki, cari ilin may ayının 17-də İstanbuldan Bakıya gələn bloqer xanımın anası və onunla birlikdə gömrük zonasına daxil olan eyni reysin iki xanım sərnişini “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən “Qırmızı kanal” buraxılış sisteminə yönləndiriliblər. Stasionar rentgen qurğusunda keçirilən gömrük baxışının nəticələrinə uyğun olaraq həmin şəxslərə məxsus çamadanlarda gömrük yoxlaması aparılıb. Yoxlama zamanı çamadanlarda şəxsi istifadədən artıq sayda malların mövcudluğu müəyyən edilib, vətəndaşlara həmin malların gömrük rəsmiləşdirilməsinə cəlb olunacağı bildirilib və bu məqsədlə gömrük nəzarətində altında saxlanılıb”.

Komitədən bildirilib ki, araşdırmanın nəticələrinə görə, xanım bloqer gömrük əməkdaşlarının kobud davrandığını iddia etsə də araşdırma nəticəsində məlum olub ki, gömrük əməkdaşları nəzakətli qaydada davranıb, hətta çamadanın gömrük yoxlamasına təqdim edilməsinə yardım göstəriblər: “Qeyd olunan malların gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi barədə məlumat verildiyi zaman isə vətəndaşlar bununla razılaşmamış, gömrük əməkdaşları ilə yüksək səs tonunda danışmış, onların qanuni fəaliyyətini yerinə yetirməsinə mane olmağa cəhd göstərmişlər.

Daha sonra, 21 may tarixində xanım bloqer və anası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub, onlara bu barədə ətraflı məlumat verilib.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları gömrük sərhədini keçərkən diqqətli olmağa, gömrük qaydalarına, gömrük əməkdaşlarının qanuni tələblərinə əməl etməyə çağırır”.

Qeyd edək ki, M.Oktaylı Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq edərək anasının içində sadəcə özünə, qızına və nəvəsinə aldığı geyimlərin olduğu çamadanının əlindən alındığını bildirib. Onun sözlərinə görə, prosedur zamanı işçilər kobud rəftar ediblər. Bloqer iddia edib ki, hadisədən 2 gün keçəndən sonra hava limanına getməyinə baxmayaraq, çamadan qaytarılmayıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar