Ru
17:06 / 22 May 2025

Ərdoğanın yerinə kim namizəd olacaq? - AÇIQLAMA

Ərdoğanın yerinə kim namizəd olacaq? - AÇIQLAMA
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti seçkilərdə namizəd olmaq barədə düşünmədiyini açıqlayıb. Dövlət başçısı bildirib ki, prezidentlik onun üçün prioritet deyil.

Bu, Türkiyədə yeni dönəmin başlayacağına işarədir. Rəcəb Tayyib Ərdoğan son illər Türkiyənin dünya miqyasında nüfuzunu artırılmasında əvəzsiz xidmətlər göstərmiş dövlət başçısıdır. Onun əməyi sayəsində Ankara regionda söz sahibinə çevrilib. Bu açıqlama fonunda Ədalət və İnkişaf Partiyasının növbəti prezident seçkisində namizədinin kim olacağı sual doğurur.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Bakupost.az -a açıqlamasında bildirdi ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu dəfə namizədliyi irəli sürülə bilər.

“Bildiyimə görə, Türkiyə konstitusiyasında 1 şəxsin ən çox 2 dəfə prezident ola biləcəyi yer alıb. Artıq Prezident Ərdoğanın yaşı da çoxdur, səhhətində də problemlər var. Əlbəttə dəqiq nəsə demək üçün çox tezdir. Ola bilər ki, Hakan Fidan namizədlərdən biridir. Onun ən məsuliyyətli və vacib işlərlə məşğul olması bunu deməyə əsas verir. Hiss olunur ki, Ərdoğanla aralarında etibar da var. Bəlkə də sözügedən bəyanat bununla bağlıdır.

Xatırlayırsınızsa, İstanbul meri ilə bağlı nümayişlər olanda xarici işlər naziri olan Hakan Fidan daxili siyasətlə bağlı bir neçə sərt bəyanat verdi. Bu da Türkiyə mətbuatında diqqət çəkdi, çoxları bunu siyasi iddia kimi qiymətləndirdi.

Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Türkiyə dünyada yeni bir səviyyəyə yüksəldi. Bu tendensiyanın davam olunması həm Türkiyə üçün, həm Azərbaycan üçün çox vacibdir.”

Azərbaycanın daha bir keçmiş xarici işlər naziri Elmar Məmmədyarov isə hesab edir ki, açıqlamanın nəticələrini gözləmək lazımdır.

“Prezident Ərdoğanın Türkiyə üçün böyük fəaliyyəti var. O, belə bir açıqlama versə də, nə isə demək üçün hələ tezdir. Əgər Ərdoğan seçkilərdə iştirak etməsə yəqin ki, Ədalət və İnkişaf Partiyasının qurultayında yeni namizəd seçiləcək”, – deyə E.Məmmədyarov qeyd etdi.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar