Bəhram Çələbi
- Yatab gəlir! Yatab gəlir!.. - deyə vaqondan mismar qutuları boşaldan Tenqiz bir qədər aralıda tonqal qalayıb asmaca üstündə qaynayan çayniki dəmləməyə hazırlaşan Neqr Səxavətə bildirdi. - Avtozak zarıya-zarıya dırmaşırsa, deməli içərisi doludur.
Səxavət əlindəki "Gürcüstan çayı" paçkasından bir ovuc çaynikin içərisinə atıb tələsik vaqonun damına dırmaşdı. Bir dəstə uşaq isə promzonun binasına doluşdu, üçüncü mərtəbədən damın üstünə çıxdılar. Buradan mənzərə daha yaxşı görünürdü.
Avtozak "Qurd dərəsi" adlanan çökəkliyə düşüb oradaca ilişdi, dikdiri qalxa bilmədi. Beş dəqiqə sonra "Qurd dərəsi"ndən əvvəlcə iki konvoy, onun ardınca isə əllərində çamadan, boxca, zənbillər tutmuş uşaq zeklər göründü.
Hava bərk bürkü olduğundan qalın geyinmiş uşaqlar irəli addımladıqca pencəklərini, jaketlərini çıxarır, ayaqlarını zorla sürüyə-sürüyə lap astadan hərəkət edirdilər. Axırıncı cərgədə iki-üç uşaq bir-birini qucaqlayaraq səntirləyə-səntirləyə gəlirdi.
Paltarda onların arıqlığı hiss olunmurdusa da, çirkli maykalarda bu uşaqların çöp kimi sallanan qolları, sümükləri bilinən sinələri, almacıqları çıxmış üzləri aydınca göstərirdi ki, yol boyu onlar aclıqdan və susuzluqdan əziyyət çəkiblər. Yatabla gələnlərin bəzilərinin ayaqlarında çəkmələri yox idi.
Onlar "detkolon"un darvazasından içəri girəndə promzondakı uşaqlar halay çəkib düşərgənin həyətinə doğru yüyürdülər.
Yatabla gələnlərin arasında beş azərbaycanlı var idi.
Yeni gələnləri rejim rəisi Qaysultanov, karantinə təhkim olunmuş mayor Xlestakov, hamının zəhləsini aparan "şmonşik" "Projektor" (Nikola), iki serjant və beş-altı SPV-şnik qarşıladı. Qolu "povyazka"lı zeklər rişxəndlə yeni gələnləri süzür, gah Kumdan, gah da mayor Xlestakovdan nə isə soruşaraq kiçik stolun üstündəki kağızları doldurur, hərdənbir öz aralarında pıçıldaşıb gülüşürdülər. Yatab olunanların əksəriyyəti zonun zabitlərinə, "vertuxa"lara deyil, qolu qırmızılı "kozyol"lara daha çox fikir verirdilər. Onlardan biri hətta serjanta da bir qədər geri çəkilməyi tapşırıb, tərs-tərs altdan yuxarı ona baxdı.
-Ey, karanoy, əynindəki "sportivnıy" kostyumu mənə ver, onsuz da əlindən alacaqlar. - deyə Əkbər Kirovabadskiy barmağını sırada dayanmış rus balasına tuşlayıb var gücü ilə qışqırdı. - Buradan çıxanda təhvil verdiyin "şmotka"lardan birini də sənə qaytarmayacaqlar.
Rusak məftildən düzəldilmiş torun o tayındakı bığ yerləri təzəcə tərləmiş şən oğlana baxıb uşaq səmimiyyəti ilə gülümsədi, cəld hərəkətlə idman formasının maykasını çıxardıb bürmələyərək arakəsmənin üstündən o biri taya tulladı.
- Bratan, sənin də "sportivnin" xoşuma gəlir... Adə, sənsən??! Cavanşir?! Qağa, məni tanımadın? - Kirovabadskiy üzünü tora söykəyib böyük təəccüb içində dillənmədi - Adə, Respublika birinciliyində... Ötən il yarımfinalda mənimlə güləşmədin?
Hər şeyə biganə baxışlarla tamaşa edən, divara söykənərək dayanmış Cavanşir bir söz demədən idman formasının molniyasını aşağı siyirdi, gödəkçəni çıxarıb tora yaxınlaşdı və səlist hərəkətlə əlindəki bükməni Əkbərə atdı.
- Zona girəndə özünə qaytarajam. Bu nə gün-güzərandı, brat?
Tamam "ikilik" taxtaya dönmüsən. Arıqlamısan... Çox arıqlamısan - Əkbər əlindəki idman formalarını qoltuğunun altında rahlayıb təəssüf hissi ilə başını buladı - Lap əsl "muxaç" olmusan. Görüşərik, inşaallah, - deyərək tordan aralandı.
- Sıraya dayan! Sənə kim icazə verdi tora yaxınlaşmağa? - deyə bir qədər əvvəl serjanta geri çəkilməyi əmr edən qırmızı "povyazka"lı Cavanşirin dirsəyindən yapışıb özünə tərəf dartdı... və havada mayallaq vurub arxası üstə asfalt döşəməyə yapışdı.
Bir anın içində ara qarışdı. Yerindən qalxa bilməyən "kozyol"u qaldırıb taburetkaya oturtdular. Mayor Xlestakov və serjantlardan biri isə irəli şığıyan və ağzı köpüklənə-köpüklənə söyüş yağdıran Cavanşiri zorla geri dartmağa çalışırdılar.
- Bura Qroznıdır!! - Qaysultanov iri barmaqları ilə Cavanşirin boğazından yapışıb silkələdi, - Əvvəl oturduğun "KPZ"-ni, koloniyanı yadından çıxar. Eşitdin?! - rejimnik kəlbətin kimi əyilmiş barmaqlarını bir qədər də sıxdı. - Nədir? Sən də sportsmensən? Başa düşdün?! Aydındır, soruşuram?! - Kum Cavanşirin nifrətlə parıldayan gözlərinə baxa bilməyib geri döndü və yanında addımlayan Xlestakova ""nastırnıy" uşağa oxşayır", - dedi.
O üstündə qovluqlar qalaqlanmış kiçik stolun arxasına keçib əlini yuxarı qaldırmaqla hamıya "sakit olun" işarəsi verdi:
- Qulağınızda saxlayın, bura ciddi rejimli koloniyadır! Kim ayağını kənara basarsa, onu mum kimi əzəcəyik. Ey, draçun, yaxın gəl! - Kum barmağını Cavanşirə tuşladı, - Soyun şmotkanı! Adın, familiyan!
- Ağayev Cavanşir...
Qaysultanov stolun üstündəki qovluqların arasından "Ağayev"i tapdı, vərəqləməyə başladı.
- Borets, znaçit... Çempion, no razboynik... Bu necə olur? Dövlət səni havayıdan yedirdir, yol pulu xərcləyir, mehmanxanada yatacaq verir, çalışır ki, sən adam olasan, dünyanı gəzəsən, ad qazanasan, əvəzində quldurluq, soyğunçuluq edirsən, sənə çəkilən bütün zəhməti ayaqların altına salıb tapdayırsan. Altı il! Gör sən necə yaramaz iş tutmusan ki, qatilə verilən cəza qədər "srok" almısan.
Bu arada "ekstrasens" (şmonşik) Cavanşirin əynindən çıxardığı paltarları yoxlayıb, onları da ümumi cır-cındırın, başqalarının əynindən çıxartdıqları "şmotka" qalağının üstünə atmaq istəyirdi ki, Qaysultanov onu saxladı:
- Yaxşı-yaxşı axtar, ola bilməz ki, onun cibində "plan", ya da "travka" tapılmasın.
- Onun ciblərində heç tütündən də əsər-əlamət yoxdur, yoldaş "operupalnamoçennıy".
- Bu ki, sir-sifətdən opıtnıy narkomana oxşayır. Gözlər qıpqırmızı, dodaqlar əsir. Lap qəfəsə salınmış canavara bənzəyir. - Kum yanında dayanan serjanta tərəf dönüb, - apar bunu "BUR"-a oturt... Qalan uşaqları karantinə gönədərəndən sonra onunla söhbətim olacaq. Hə, lap yadımdan çıxmışdı, ujinə yarım saat qalmış "BUR"-dan, "draçun"un "zemlyak"ı Coni Elmanı zonaya buraxarsan. Onu, deyəsən, bir gün artıq saxlamışıq...
Cavanşir "şmonşik"in bir qədər kənara qoyduğu paltarını geyib serjantın arxasınca addımladı.
Gücləndirilmiş rejimin barakı
Cavanşirin salındığı "BUR" təxminən mal tövləsinə bənzəyən, cəmisi iki pəncərəsi olan, dəmir qapılı yarımtikili idi. Pəncərələrdə barmaqlıqlar olsa da, şüşəsiz, damındakı şiferləri sınıq, qıcqırmış sidik və nəcis qoxulu yarıqaranlıq otaq idi.
Cavanşirlə serjant içəri daxil olanda barakın ortasındakı stolun ətrafında bir dəstə yeniyetmə qapıya tərəf çevrilib onlara baxdı, lakin heç kəs qımıldanmadı.
- Sənin "zemelyakın"dır, Coni. Sumqayıt da elə Bakı kimi bir şeydir. İki dəfə olmuşam Sumqayıtda, əntiqə şəhərdir. "Orbita" kafesində yaxşıca yeyib-içmişəm. – uşaqlardan kimsə dilləndi.
"Coni" adlandırılan saqqallı yeniyetmə naradan düşüb şap-şuplarını yalın ayaqlarına keçirdi. Yerişindən, üz-gözünü qırışdırmasından hiss olunurdu ki, bədəninin harası isə bərk ağrı verir.
- Bura elə bir yerdir ki, xoş gəlmisən demək mümkünsüzdür, ancaq Allahın salamını vermək hamının borcudur, - Coni yenə də üzünü qırışdırdı, gözlərini yumdu, inilti ilə dərindən nəfəs alıb qarşısındakı oğlanın qolundan yapışdı, - "Vertuxay" iki paçka "Avrora", bir ədəd də "Qruzinski" çay təşkil eləsən "yek" (bir) "re" alacaqsan. Otuz köpük sənə qalır, bəsindir. "Da, ili net"?
- Risq eliyərəm. Ancaq laryok bağlı olsa?..
- Onda İlqara deginən..., ya da Nofələ. Sən qaponların içində ən dahi insansan. Nahaq yerə səni "Qeniy" adlandırmırıq. - Elmanın nəfəsi daraldı və yarı qatlanaraq, boğaz cıran səslə öskürməyə başladı. Əlini cibinə salıb yaylığa oxşar çirkli bir parça çıxardı və dodaqlarına sıxıb tüpürəndən sonra dikəldi. Sifəti boz rəng almışdı. Serjant onun qolundan yapışanda Coni hirslə çırpınıb qolunu onun pəncəsindən qopardı:
- Köməyə ehtiyacım yoxdur, - dedi. - Sən siqaret, çay təşkil elə, haqqını al. "Puzıryok" gətirə bilsən, "pol çervonets" də alacaqsan. Dlya narujnoqo natiraniya.
-Yox! Arağa söz vermirəm, - deyə Qeniy bir addım geri atıb tələsik qapıdan çıxdı.
- Hə, bratok, danış görək kimsən, nəçisən, srokun nə qədərdir, - Elman qalxdığı naraya tərəf səmt götürərək soruşdu.
Cavanşir qısa şəkildə Yasamaldan olduğunu, necə tutulduğunu, "srok"unu danışdı. Cümləsinin başlanğıcı və sonu da söyüşlə bəzədilən danışıqdan başa düşmək olardı ki, bir neçə ay oturmasına baxmayaraq, qazamat qayda-qanunlarından hali olan yeniyetmə qabağından yeyənlərdən deyil.
- "BUR"-da nə qədər bit əzəcəksən?
- Kum "srok"u "oqlaşat" eləmədi. Məni hələ "dopros"a çağırmalıdır. Dedi ki, səninlə söhbətim olacaq.
Coni Elmanın dodaqları rişxəndlə aralandı:
- Səni hələ "verbovat" eləməyə çalışacaq. Şirin dilinə salıb sənə xoş güzəran, yaxşı xarakteristika "obeşat" eliyəcək. İnanma. Bazara fikir ver: "bilmirəm", "eşitməmişəm", "görməmişəm"dən başqa söz işlətmə.
Elman bu sözləri birnəfəsə dediyindən yenə də öskürməyə başladı, dəsmalına tüpürdükdən sonra uzun-uzadı inlədi.
- Çalış sınmayasan. "Kruçok"a keçdinsə, yaxşı oğlanlar qarşısında gözükölgəli olacaqsan.
- Mən içəri girəndə əlüvü irəli uzatmadun. - Cavanşir səmimiyyətlə gülümsündü, - Başa düşürəm, tanımadığın, bilmədiyin adama əl verməzlər.
Barakın ortasındakı stolun ətrafında oturub kart oynayanlardan səs-səmir çıxmadı. Cavanşirlə Coni Elman bir-birinin əlini sıxarkən bərk sillə səsi, ardınca söyüş qışqırtıları, daha sonra yumruq-təpik davası qopdu. Hələ yeniyetmə olmasına baxmayaraq, qısa vurulmuş saçları çallaşmış, yekəpər bir oğlan qıyıqgözlü, arıq, üzündə dərin şramı olan tatar balasını ayağının altına salaraq palçıq kimi tapdayırdı. Ətrafa toplaşan zeklərin heç biri onları ayırmır, səhnədə göstərilən tamaşaya baxırlarmış kimi dövrə vuraraq işin necə qurtaracağını gözləyirdilər. Coni yerindən sıçrayıb iki-üç addımdaca hadisə yerinə çatdı. Ancaq artıq gecikmişdi. Döşəmədə qıvrılan, burnu və dodaqları təpik zərbələrindən partlamış tatar balası dizləri üstə qalxaraq yeyədə hazırlanmış skalpeli çalsaçlının qarnına yeritdi. Pəzəvəngin çirkdən qaralmış maykasının cırılmış hissəsindən qan süzülməyə başladı.
- Mənə kart soxuşdururdu... Gizlətmişdi kartı, - qıyıqgöz odlu-odlu qışqırır, onu tutub saxlamağa çalışan barak yoldaşlarını hədələyir, hamını qıracağını bildirirdi. Elman yaxınlaşıb:
- "Peron"u (bıçağı) mənə ver! Bura ver, bıçağı, - deyə sakit, lakin amiranə səslə dilləndi. - Keç, əyləş narada.
Tatar balası elə bil böyük qardaşının danlağını eşidibmiş kimi dişləri ilə dodaqlarını sıxaraq kiridi, başını aşağı dikib səssizcə ağlamağa başladı.
Çalsaçlı pəzəvəng isə ikiəlli qarnını tutub müqəvva kimi quruyaraq çömbəlti oturmuşdu. Barmaqlarının arasından, dirsəklərindən döşəməyə qan damcıladıqca rəngi kağız kimi ağarırdı.
- Nahaq yerə ona sillə vurdun, Dima. Sən dünən də cığallıq eləyirdin.
- Mən yox, "uzkoqlazıy" məni vurdu. Birinci o başladı. Ölürəm. Qoymayın məni ölməyə... "İsselitel"i çağırın... Söz verirəm, bir də əlimə kart götürmərəm. Aparın məni lazaretə… - Çalsaç yalvarış dolu səslə zarıdı, əlini qarnının üstündən götürüb yaraya baxdı.
Maykada kiçicik bir deşik açılmışdı. Uşaqlar onun maykasını çıxarmağa çalışır, Dima isə "toxunmayın mənə", "həkim çağırın" deyərək yalvarırdı.
- Çıxar maykanı - Coni Elman tatar balasından bıçağı götürüb maykanı arxadan üzüaşağı kəsdi, maykanı Sedoy Dimanın əynindən çıxardı. Yara kiçik olsa da, qan dayanmaq bilmirdi. Coni Elman maykadan bir qədər cırıb onu miskanın içinə qoydu, kibrit çəkib yandırdı, matrasın cırıq yerindən bir çəngə pambıq çıxarıb didişdirməyə, təmizləməyə başladı. Mayka tam yanıb qurtarandan sonra külün altında qalan sarımtıl horranı pambığa bulaşdırıb məlhəmlə yaranı silməyə girişdi. Daha sonra "Avrora"nın tütününü ovucunda əzişdirib kəsiyin üstünə qoydu. Qanaxma həmin an dayandı.
CONİ ELMAN
Coni Edman zona buraxıldıqdan bir saat sonra" BUR"-a axşam yeməyi gətirdilər. İki vedrə balanda, birində isə yulaf sıyığı. Coni Elmanın burada işlətdiyi miska və krujkasını Cavanşirə verdilər. Bir saatdan artıq vaxt ərzində dilinin altından su da keçməyən Cavan həm balandanın, həm də sıyığın dadına baxdı. Bakıda verilən xörəklərdən qat-qat dadlı idi. Sıyığın içində noxud böyüklükdə ət parçaları da vardı. Xörək yeyildikdən sonra barakdakı uşaqlar "kompot", "kompot" deyə qışqıraraq qaşıqlarını "miska"ya döyəcləməyə başladılar.
Təkcə Cavanşir "miskan"ı döyəcləmirdi. Bilirdi ki, ilk günlər yeni gələnlər həddən artıq ehtiyatlı davranmalı, "susmaqla" vaxt öldürməli, hər sözə görə məsuliyyət daşımalıdırlar. Ehtiyatsızlıqla tələffüz etdiyi hər bir söz acı nəticə verə bilər. Bütün "detkolon"un "storoji"ləri "salabon"lar qarşısında hoqqalardan çıxmağı, lovğalanmağı çox sevirlər. O, qaşığı əlində tutaraq sakitcə oturmuşdu.
"UÇİTEL" QRİŞA
"Detkolon"dakı tərbiyəçilər içərisində "dyadya Qrişa" adlı tarix-coğrafiya müəllimi vardı. "Blatnoy" uşaqlara hörmət edir, vaxtının çox hissəsini onlarla oturub dururdu. Keçmiş hərbçi, təyyarəçi olan "dyadya Qrişa" heç vaxt heç kəsə yalan danışmırdı.
Ona hamı "uçitel" deyə müraciət edirdy. Ancaq bu "uçitel" sözü qarşısına "tovariş", yaxud "qrajdanin" əlavələri edilmirdi.
Bu adamın hərbçi olduğu ilk addımından, birinci sözündən, duruşundan, baxışından bəlli idi. O da "detkolon"dakı zeklər kimi qışda "vatnik", buşlat geyinir, zeklərlə birlikdə oturub ümumi "katyol"dan balanda yeyir, eyni qurdlu meyvə qurusundan hazırlanmış kompotdan içirdi.
"Detkolon"da yeganə qazamat əməkdaşı idi ki, hərbçi olmasına baxmayaraq, dilindən söyüş eşidən olmamışdı. Sevmədiyi bir şey vardısa, o da SPV-şniklər idi. Onun bu xasiyyətini zonanın rəisi də, rejimnik Qaysultanov da, "promzon"un rıisi Qalustyan və mayor Xlestakov da bilirdi.
"Detkolon"un "blatnoy" uşaqları ilə "Uçitel"inki tuturdu. Əksəriyyəti idmançılar olan "blatnoy"ları sakit saxlamaq üçün Buqələmun (zonun rəisi) həftənin iki gününü - şənbə və bazar günlərini onun növbətçiliyinə salırdı.
"Uçitel" uşaqlara başa salırdı ki, halal zəhmətlə qazanılıb yeyilən qara çörək haramzadənin stolundakı ən ləziz və dadlı yeməklərdən daha ləzzətlidir. "Dyadya Qrişa" həqiqətən balaca cinayətkarları islah yoluna gətirməyə çalışır, narkotik vasitələrin eybəcərliklərindən, siqaretin bədənə vurduğu zərərdən, mədəyə doldurulmuş spirtli içkilərin ziyanından elə maraqlı əhvalatlar danışırdı ki, iki-üç saatın necə keçdiyindən heç kəsin xəbəri olmurdu...
- Heç kim deyə bilməz ki, dünyada nə qədər adam narkotik düşkünüdür, - "Uçitel" dilləndi, - Statistika göstərir ki, bu hədd yeddi yüz milyonla bir milyard arasındadır. Lalədən əldə olunan narkotikləri - opium, morfiy və heroini dünya əhalisinin dörd yüz milyonu istifadə edir. Təxminən üç yüz milyon adam həşiş və marixuana, bir o qədər də insan koka yarpaqları və katın ləzzətinə dalırlar.
- "Uçitel", sizin sadaladığınız narkotiklərin hamısının adını eşitmişəm, təkcə axırıncı dediyiniz katdan xəbərim yoxdur. - deyə altıbarmaq Yurik yerindən dilləndi.
Deyəsən başqa uşaqlar da bu adı birinci dəfə eşidirlər, çünki heç kim yerindən tərpənmirdi.
- Kat Afrikada yetişən bitkidir. Yarpaqları bizim söyüdə bənzəyir. Onun salxım budaqları bazarlarda və yeməkxanalarda sərbəst satılır. Afrikanın bəzi ölkələrində kata kaas, çay, qat və çut da deyirlər. Onun yarpaqları insan orqanizminə tünd qəhvə kimi (tonusu qaldırır) təsir edir. Kat insanın ürəyinə, əzələ, əsəb sisteminə çox pis təsir göstərir. Yəməndə, Efiopiya, Samoli və Omanda, - "Uçitel" adları sadaladıqca əlindəki əyri alça çubuğu ilə xəritədə dairələr cızır, onların əhalisi, yaşayış səviyyəsi, məşğuliyyətləri haqqında qısa arayışlar verirdi. - dövlət məmurları iş başındaca kat yarpaqları çeynəyir, taksi sürücüsü sükan arxasında, polis əməkdaşı əməliyyat zamanı axşamadək kövşəyirlər.
- Onda, Afrikadakı qaponların əksəriyyəti ürəksiz, beyinləri də xarabdır ki... - Nofəl əlinə düşən girəvəni boşa vermədi.
- Heroinlə mən təxminən on beş il bundan əvvəl Fransaya uçduğumuz zaman tanış oldum. - "Uçitel" yerdən atılan atmacaya məhəl qoymadan davam etdi, - on yeddi-on səkkiz yaşlı, yaraşıqlı bir oğlan tualetin qarşısında dayanıb dırnaqları ilə təyyarənin divarını cırmaqlayır, qışqırır, özünü öldürəcəyi ilə hədələyirdi. Xoşbəxtlikdən, yaxud bədbəxtlikdən sərnişinlər arasında özünü həkim kimi təqdim edən bir kişi qaşığın içindəki suya saldığı tozu həll edib, onu cavanın qoluna yeritdi. Mən onda gördüm ki, oğlan bir "porsiya" narkotik üçün təyyarədəkilərin hamısının boğazını gəmirməyə hazır idi. Həmin anlarda o hətta doğma anasını belə tanımırdı.
"Leninskaya komnata"da əyləşən uşaqların hamısı nəfəslərini içəri çəkərək dinləyirdilər.
- Heroin iyirminci əsrin qudurğanlıq simvoludur. On il bundan öncə Avropaın nəhəng şəhərlərində möcüzə kimi qarşılanan uzunsaç, yaraşıqlı, şən və gülərüz Cennis Coplin "blyuzun əfsanəsi" adlanırdı. Publika onunla birlikdə oxuyur və ağlayırdı. İyirmi altı yaşlı müğənni şöhrətinin ən yüksək məqamında Los-Anjelesdəki konsertdən sonra dünyasını dəyişdi.
- Mən eşitmişəm... - deyə qarmonçu Şurik həyəcanla yerindən qalxıb qışqırdı və yenidən əyləşdi. - "Zolotaya inyeksiya", yəni dozadan çox kaşkar yetirmişdi damarına. "Lomka" gəlib... Bu da tələsik özü üçün dərman hazırlayıb... Qəzetlərin hamısı yazmışdı. Elə öz nömrəsində, mehmanxanada keçinmişdi.
- Bir neçə ay əvvəl Qərbi Almaniyada iyirmi iki yaşlı bir oğlan ümumi tualetdə, çirkli döşəmə üzərində uzanıbmış, - "Uçitel" əlindəki çubuqla AFR-ın sərhəddini cızdı, - Ətrafındakı adamlar təcili yardım çağırıblar. Həkim yardımı beş dəqiqə sonra hadisə yerinə gəlsə də, oğlanın həyatını xilas etmək mümkün olmayıb. Uşaqlar, qardaşlar, narkotikə dadanmaq ölümü özünə yaxınlaşdırmaq deməkdir. O, insanı hörmətdən salır, varından yox edir, həyat gözəlliklərindən kənara dartır. Mənim sizə qardaşcasına məsləhətim - çalışın siqaretə də "yox" deyin.
QİYAM
Həmin gecə "kişkodrom"un (aşxana) "kozyol"ları ilə İlqar və onun dəstə üzvlərinin böyük davası düşmüşdü. Coni Elman iki dəfə on sutkalıq karserdən sonra tamam arıqlayıb skeletə döndüyündən Əkbər Kirovobadski ilə Neqr Səxavət iri bir tavada ət-kartof qızartması hazırlamışdılar. Kozlyatnikdə Qazaxdan Teymur adında yaraşıqlı, xoş xasiyyət dava-haraydan uzaq qaçmağa çalışan bir oğlan vardı. "Kişkodrom"un qazanxanasında işləyir, imkan düşəndə "otrisalovka"lara kolbasa, bir miska "qovyadina", kartof-soğan ötürürdü. Coni Elman ŞİZO-da oturarkən ona iki dəfə quru çay və bir neçə qutu "Şipka" siqareti də göndərmişdi.
Əkbər Kirovabadskidən Coninin ŞİZO-dan çıxdığını eşidəndə söz vermişdi ki, ət-kartof qızardacaq, qazanxananın arxasındakı su bidonlarının axırıncısının içində gizlədəcəkdir. Teymur dediyi sözünə əməl etmişdi. Qalırdı yeməyi oradan götürüb baraka gətirmək.
"Otboy"dan sonra Neqr Səxavətlə Əkbər yeməyi borunun içindən götürüb gələrkən SPV-şniklərlə qarşılaşırlar.
- "Otboy"dan sonra bu gecə gəzintisi nə deməkdir? - bu yaxınlarda "srok"unu başa vurmalı olan "Politsay" Yeremçuk soruşdu və başının hərəkəti ilə Neqr Səxavətin əlindəki "Qudok" qəzetinə bükülmüş tavaya işarə etdi. - Göstər görək, bükülüdə nə var?
Tavadakı yeməyi göstərmək Teymurun ifşası, onun isti yerdən qovulması, cəzalandırılması demək idi. Vuruşmaq da mümkün deyildi. SPV-şniklər dörd nəfər idilər. Başqa vaxtlar "ortisalovka"dan çəkinən SPV-şniklər bu dəfə ayaqlarını bir başmağa dirəmişdilər ki, "Qudok" mütləq açılmalıdır. "Politsay" Yaremçuk hətta əl atıb tavanı qapmağa da səy göstərdi.
Şillə-yumuruq, təpik davası qopdu. Haray-qışqırığa "kozlyatnik"dən SPV-şniklər, barakdan isə "blatnoy" və "otrisalovka"lar tökülüşərək gəldilər. SPV-şniklər bərkdən qışqırır və çalışırdılar ki, nadzorlar və növbətçi zabit bağırtıları eşidərək hadisə yerinə gəlsinlər. Belə də oldu. Bütün "detkolon" bir-birinə qarışmışdı. Əvvəlcə kimin kimi vurduğu bəlli deyildi. İlqar və Ruslan boksçu olduqlarından, davanın ən qızğın yeri də onların ətrafında idi. İlqar kimə bir yumruq atırdısa, SPV-şnik dal-dalı gedib yerə otururdu. Nofəl, Coni Elman yanğınsöndürmə şitindəki kiçik lapatkaları işə salmışdılar. İsibala və Yurkanın əllərində "kurilka"dakı kürsünün sökənəcəyindən qoparılan taxta parçaları vardı. Qırmızı "pavyazka"lılar "blatnoy"ları sayca iki dəfə üstələsələr də, yerdə uzanıb zarıyan, burnu-dodağı partlayan, başı yarılan, yanağı cızılanların hamısı onlardan idi. "Blatnoy"lardan bircə Coni Elman qolunu tutub inləyirdi. Bir də Ruslanın yanağından qan axırdı.
Hər tərəfdə bağırtı, inilti, söyüş-nifrin sədaları eşidilirdi. Bütün həyət, səhər-səhər "promzon"a getməyə yığışdıqları plast (meydança) bir-birini altına basmarlamağa çalışan, cırmaqlayan, dişləyən, yumruqlayan, təpikləyən yeniyetmələrlə dolu idi.
Zeklərin SPV-şniklərin əllərindən çəkdikləri əzab-əziyyət, nifrət və qisas hissi o həddə çatmışdı ki, səbr kasası vulkan lavası kimi qaynaya-qaynaya daşır, ehtiyat hissi yoxa çıxır, qarşıdakı fəlakət yada düşmür, gözə görünmürdü. SPV-şniklərin əksəriyyəti bu davada "otrisalovka" ilə bacarmayacaqlarını hiss edib "vaxta"ya tərəf çəkilməyə, oradan çıxmağa çalışırdılar. Bir neçə nəfərin qaçması isə onlar arasında çaşqınlıq saldı. “Politsay” Yaremçuk barakın girişi qarşısında üzü üstə uzanaraq qalmışdı. Kənardan baxanda onun öldüyünü zənn etmək olardı. Onun bezdirdiyi uşaqlar hətta meyitinə də bir təpik ilişdirmək arzusundan qalmırdılar. Bədənə zopalanan təpikdən sonra “Politsay”ın zarıması, inləməsi onun hələ sağ olduğunu bildirir və sonradan dəyən zərbə daha dəhşətli olurdu. Uşaqlar çalışırdılar ki, təpiyi həmişə rişxəndlə gülümsəyən "roja"ya (sifət) tuşlasınlar. SPV-şniklər "vaxta"ya, oradan da "promzon"un sahəsinə qaçır, hərə bir tərəfə səpələnir, gizlənirdilər. "Blatnoy"lar isə onları təqib edir, ələ keçənləri araya alaraq yıxılana, özündən gedənə qədər əzişdirir, hay-harayla taxta-şalban ştabelləri arasında gizlənənləri axtarmağa girişirdilər.
(Ardı var)