Ru
19:05 / 30 Aprel 2025

Dirçəlişin, ruhun və gerçəkliyin izində... - Laçın qeydləri

Dirçəlişin, ruhun və gerçəkliyin izində... - Laçın qeydləri
Eye

Aprelin 29-da Bakıdan Laçına yola düşdük. Bu rəngli yuxuya bənzəyən, unudulmaz səfəri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası təşkil etmişdi.

Nə az, nə çox, 80 yolçunun içində ikicə nəfər tapa bilməzdin ki, bir-birinin oxşarı olsun. Hamısı tamam fərqli dünyagörüşündə, düşüncədə olan insanlar...

24 siyasi partiya lideri və ya nümayəndəsi, politoloqlar, internet televiziyası və qəzet rəhbərləri, fərqli media təmsilçiləri... Amma bu 80 nəfərin hamısını birləşdirən iki məqam var idi: dərin minnətdarlıq hissi və insanı haldan-hala salan duyğular.

Hər kəs Laçındakı genişmiqyaslı yenidənqurma işlərinin, dövlətin Qarabağa nəfəs vermə cəhdlərinin şahidinə çevrilmişdi...

Bəli, bu səfər sadəcə informativ bir tur deyildi, bir xalqın ruhunun öz torpağına qayıdışının şahidliyinə dəvət idi.

Laçın – gülümsəyən səma

Avtobusda hamı Laçında havanın daha soyuq olacağını düşünür. Hərə bir cür tədbir görməyə çalışır - yanaşı əyləşdiyim Ramil Hüseynov oğluna zəng edib, əlavə qalın gödəkçə gətizdirir, Rauf Arifoğlu sürücüsünü arayıb maşında isti paltar olub-olmadığını soruşur, mənsə çantamda isti papaq axtarıram.


Yol boyu gördüyümüz əraziləri bəzən səhv salıram, ətrafdakı yaşıllıqlar, yüngül duman rayonları fərqləndirməyə mane olur... Yeni salınmış, səliqəli qəsəbələr isə işğaldan azad olunmuş torpaqlara çatdığımızı xəbər verir. Yuxu qaçır, gözlər parıldayır və heyranlıq hissi avtobusdakı auranı tamam dəyişir. Yaşıl damlı şəhərcik, arxasınca dağların yamacıyla dolana-dolana uzanan, zəhmətkeş adamın alın qırışlarına bənzəyən qəhvəyi yollar, dağların bağrını yarıb keçən tunellər səni tamam başqa dünyaya aparır. Bu əsrarəngiz dünyanın girişində isə doğma sözlə qarşılaşırsan - "Laçın". Və bir də havanın tamam dəyişdiyinin, canındakı soyuğun çıxdığının, səmanın gülümsədiyinin fərqinə varırsan. Yuxarıda dumana bürünmüş zirvələr, aşağıda isə yenidən doğulan torpaq ruhunu qucaqlayır...


Zabuxçay – su yox, həyat axını

İlk dayanacağımız Zabuxçay su anbarıdır. Burada böyük bir layihədən də daha artıq nəsə var – torpağa ruh vermək niyyəti. Tutumu 26,7 milyon kubmetr olan bu nəhəng anbar sayəsində təkcə Laçının kəndləri deyil, həm də Qubadlı və Zəngilan rayonlarındakı 12 min hektardan çox ərazi əkin dövriyyəsinə buraxılacaq. Dövlət Su Agentliyi sədrinin müşaviri Etibar Məmmədov bildirdi ki, ehtiyac yaranarsa, suyun Cəbrayıl, hətta Bakı şəhərinə də ötürülməsi nəzərdə tutulur. Bundan əlavə, yaxın vaxtlarda 91 milyon kubmetrlik yeni bir anbarın da texniki-iqtisadi əsaslandırması hazırlanır.

Bu məlumatlar buz kimi faktlar deyil. Rəqəmlərin arxasında insanların çörəyi, kəndlərin dirçəlişi, torpağa qayıdış durur.

Diriliyə çevrilən birlik

Bayaq demişdim axı, səfər edənlərin hamısı çox fərqli insanlar idi. Elə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də bu məqama toxundu.


Söylədi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu zəfərlə yanaşı, digər milli maraqlar və dövlətçilik mövqeyi də vətənpərvər qüvvələri birləşdirən əsas amildir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar da bizi növbəti zəfərlərə daşıyan həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Onu da dedi ki, siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə fəal iştirakı bilavasitə milli və siyasi həmrəyliyin təzahürüdür.


Avropa estetikasında yenidən doğulan Qafqaz şəhəri

Laçın şəhərinin özü bir sənət əsəridir. Dağ yamaclarına səpilmiş zövqlü, səliqəli evlər, müasir yollar, dolanbac keçidlər təbiətlə mükəmməl vəhdət təşkil edir. Dolanbac yollarda hər döngədən bir kitab səhifəsi kimi çevrilirsən - yeni sətirlərdə mükəmməl mənzərələr səni bağrına basır.

Buranı hansısa Avropa şəhərləri ilə müqayisə etmək istədim, amma dəqiq bənzətmə tapa bilmədim. Sanki Alpların ətəyindəki dağ kəndləri ilə İtaliyanın Como gölü ətrafındakı yaşayış məskənləri qarışıb, amma yenə də fərqlidir – çünki bura Laçındır. Tarixi əsrlərə dayanan Avropanın bəzi şəhərlərini gəzəndə adamı səliqə-səhman, az qala hər daşına belə diqqət edilməsi heyrətləndirirdi. Laçın də məhz belə qurulur, ən xırda detallar belə ölçülüb-biçilir.

Bura təkcə inşa edilməyib, möcüzə yaratmaq eşqiylə dizayn edilib...


“Lacinema” – daşlar danışır, kino susur

Səfərimizin növbəti ünvanı Laçının mərkəzində yerləşən “Lacinema” kino mərkəzi idi. Hələ sovet dövründə inşa edilmiş bu kinoteatr işğal dövründə ermənilər tərəfindən yandırılıb. Amma Laçın azad olunduqdan sonra bina öz “ruhuna” qaytarılıb. Yenidən bərpa edilərək təkcə kino zalı deyil, bir tarix abidəsi halını alıb.

Burada bizə kino, teatr deyil, tarix göstərdilər. Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov faktları, tarixləri açıqladıqca adama elə gəlir ki, elə filmə tamaşa edirsən - belə reallıq olmur!


Statistika adamı fantastik fimlərə aparır, çaşdırır: qısa vaxtda 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib, 847 ailə doğma yurduna köçürülüb.

- 626 fərdi ev, 138 mənzil (çoxmənzilli binalarda), 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib.
- Hazırda 89 fərdi ev, 28 bina, 26 qeyri-yaşayış obyektinin tikintisi gedir.
- Planlaşdırılan: 237 ev və 29 bina (ümumilikdə 436 mənzil).
- Kəndlərdə: Susda 59 ev, Zabuxda 223 ev artıq hazırdır.

Yəni, Laçın təkcə estetik memarluq nümunələri ilə deyil, həm də həyatla dolur.


Canlı tarix içində dirçəliş nöqtələri

Səfər çərçivəsində “Hoçazfilm” kinopavilyonu, “Zerti Aqro-Sənaye Parkı” da ziyarət edildi. Hər biri müasir texnologiyalarla qurulan, amma yerli iqlimə, torpağa, tarixə uyğunlaşdırılan layihələrdir. Bu parkda mebel sexləri, suvenir zavodları, broyler fabrikləri, soyuq hava anbarları, toxumçuluq təsərrüfatları fəaliyyətə başlayıb.

Yaddaşlardakı küçə – göz bəbəyi kimi qorunanlar

Səfər zamanı daha bir maraqlı xəbərə də sevindik: Laçının bir küçəsində köhnə tikililər qorunub saxlanacaq. Onların üstü yüngül konstruksiya və şüşə ilə örtülərək orijinal forması saxlanmaqla istifadəyə veriləcək. Həm muzey, həm də praktik bir şəhər elementi kimi.

Bu, təkcə bir arxitektura hadisəsi deyil. Bu, Laçının yaddaşını yaşatma layihəsidir.


Sonda…

Bu səfər Laçını görməkdən daha artıq idi – Laçını duymaq, yaşamaq, hiss etmək idi. Lap uzaqdan belə, hər daşda bir iz görünür, hər evdə bir nəfəs hiss olunur. Bir də dövlətin bu şəhəri nə qədər sistemli, planlı, zövqlü şəkildə yenidən yaratdığı...






Elçin
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar