İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Eyni zamanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İslam Rzayevlə bərabər bir neçə digər rəsmi şəxs saxlanılıb.
Bakupost.az "Azxeber.com"a istinadən xəbər verir ki, Balakən rayonundan Milli Məclisə deputat seçilən Nəsib Məhəməliyev məsələyə münasibət bildirib.
Deputat Nəsib Məhəməliyev bu hadisələr barədə əlavə məlumatının olmadığını, lakin həbslərin baş verməsi üçün kifayət qədər ciddi hüquqi əsasların mövcud olduğunu düşündüyünü bildirib.
O qeyd edib ki, əməliyyat başa çatdıqdan sonra rəsmi qurumlar ətraflı açıqlama verəcəklər. Nəsib Məhəməliyev uzun illər Balakən rayonunu təmsil etdiyini və qəbullar zamanı rayon rəhbərliyi ilə bağlı şikayətlərin daxil olduğunu təsdiqləyib. Deputat bu müraciətlərin aidiyyəti qurumlara çatdırıldığını, lakin bəzi məsələlərə cavab verilmədiyini və buna tənqidi yanaşdığını qeyd edib. Şikayətlərin əsas istiqamətlərinin isə məmur özbaşınalığı, torpaq sahələrinin bölüşdürülməsi, iş yerlərinin itirilməsi ilə bağlı narazılıqlar olduğunu bildirib.
Balakən rayonunun icra başçısının həbsinin Ramiz Mehdiyevlə əlaqəsi ola bilərmi sualına cavab olaraq isə o qeyd edib:
"Mən ehtimallarla bağlı danışmağı sevmirəm. İcra başçısı ilə münasibətlərimiz sırf rəsmi çərçivədə olub. Ola bilər ki, bu məsələ Ramiz Mehdiyevlə əlaqəli olsun. Ramiz Mehdiyevlə bağlı mətbuatda kifayət qədər məlumat var və indiki halda heç nəyi istisna etmək olmaz. Mən insanların şəxsi həyatlarına və üçüncü tərəflərlə münasibətlərinə qarışmıram".
N.Məhəməliyev icra başçılarının ard-arda saxlanılmasını konkret cinayət maddələrinə görə, əsasən də korrupsiya və rüşvətxorluq halları ilə əlaqələndirir. O vurğulayıb ki, bu hadisəni coğrafi ərazi ilə əlaqələndirmir.
Deputat fikrini yekunlaşdıraraq Prezident İlham Əliyevin bu məsələlərə son dərəcə prinsipial yanaşdığını xatırladıb:
"Dövlət başçısı dəfələrlə vurğulayıb ki, hər kəs vəzifəsindən və statusundan asılı olmayaraq qanun qarşısında bərabərdir. Cənab Prezidentin tapşırıqlarına əməl etməyənlər isə istisnasız olaraq cəzalandırılır".