Ru
10:57 / 17 Avqust 2022

Ərini rəqsə dəvət etdi, o durmadı, mən oynadım... – Dünən vəfat edən aktrisa ilə bağlı xatirə

14692
Almaniyada yaşayan tanınmış jurnalist Çingiz Sultansoy sosial media hesabında dünən ürək tutmasından vəfat edən Firəngiz Rəhimbəyova ilə bağlı maraqlı xatirəsini yazıb.
Bakupost.az sözügedən yazını təqdim edir:

"Firəngiz Rəhimbəyovanın ölüm xəbəri gəldi, Amerikadan...

Firəngiz xanımı ekranda efirdə yox, həyatda ilk və son dəfə 1992-nin payızında, ya 1993-ün yazında görmüşəm, tanınmış şair , jurnalist və publisist Məmməd İsmayılın tədbirində. Olayı danışım sizə.

O vaxt M.İsmayıl AzTV-nin sədri idi, tədbir isə ya yubileyi idi, ya da doğum günü. Firəngiz xanımla adını-yerini unutduğum restoranda masa arxasında yan-yana düşmüşdük. O tək deyildi, təbii, sevdiyim John Qolsuorsi demişkən, belə qadınlar tək olmur, ola bilməz. Solunda həyat yoldaşı, ya dostu oturmuşdu, sağında mən, arxamız zala. Cütlüyü salamladım: “Firəngiz xanım, sizi görməyimə şadam”.

“Bəxt üzüyü” filmi bir-iki ildi ekrana çıxmışdı, o saat da populyar olmuşdu, Firəngiz də orda parlamışdı.. Yoldaşı ona qulluq edirdi, boşqabına salat çəkirdi, mənə “O salat qabını verə bilərsiniz?”dedi. “Mən çəkərəm”.

O vaxtlar hələ tanınmırdım, Məmməd İsmayılın rəhbərlik etdiyi “Gənclik” jurnalından sonra AXC-nin “Свобода” həftəlik qəzetində işləyəndə təzə-təzə tanınmağa başlamışdım, hər nömrədə bir yazım gedirdi rus dilində, birini MM-də müzakirə etmişdilər. İndi də AzTv-yə dəvət, yeni maraqlı iş, ilk efir...

Firəngiz Rəhimbəyova məndən rus dilində:
- “Məmməd İsmayılı haradan tanıyırsınız?” soruşdu. Cavab verdim:
- Bəs siz hardan?
Məlum oldu ki, sözlərinə yazılmış mahnını oxuyub.

O vaxt Firəngizin 30-31 yaşı olardı, mən bilmirdim, təbii. Sadəcə gözəl və məlahətli qadın, istedadlı və tanınan aktrisa və müğənni, populyar “Bəxt üzüyünün” parlaq və seksi personajı, şöhrətinin zirvəsində idi, məncə.

Musiqi çalınırdı, başım yeməyə, bir də sağ tərəfimdəki dost-tanışlarla söhbətə qarışmışdı, bu məqamda qulağım qəribə mübahisə sözləri, intonasiyası çaldı. Firəngizlə yoldaşı mübahisə edirdilər, belə anladım ki, Firəngiz rəqs etmək istəyir, yoldaşı isə qoymur. Özümü eşitməməzliyə vurdum, yeməyimlə məşğul oldum. Bir də qarşımda oturanların baxışlarından anladım ki, Firəngizgil qalxıb rəqs edir.

Çəngəl-bıçağı boşqaba qoyub sağa qanrıldım. Təkbaşına rəqs edirdi! Təsəvvür edin, böyük rəqs meydançası, restoran kişilərlə dolu, çoxu jurnalist, yazıçı, televiziyaçı, - arada şair Əlisəmid Kürün İstanbula baş konsul təyin Abbas Abdullanı yanladığını gördüm, - orada iki-üç qadın ola ya olmaya, gözəl və məşhur bir aktrisa salonun ortasında təkcənə rəqs edir və naz-qəmzəli hərəkətləriylə, işvəsiyə yoldaşını rəqsə dəvət edir.

O kişi qımıldanmadı, qalxmadı, Firəngiz də gəlmədiyini görüb üzünü salona çevirdi və dövrə vurdu. Gözəl oynayırdı, aktrisa idi hər halda, amma bir az sıxıntısını hiss etdim, mənə aydın idi ki, tam sərbəst deyil, bu rəqs də solo deyil, kiminsə ona tərəf-müqabil olmasını istəyir. Həyat yoldaşı yerində oturub ona baxmırdı, əl də çalmırdı. İki-üç saniyəlik tərəddüddən sonra qalxıb Firəngiz xanıma qoşuldum. Melodiya yadımda deyil, milli hava idi, başladıq rəqsə...

Təbəssümüylə məni həvəsləndirdi, özü də daha ürəklə, şövqlə oynamağa başladı. Elə də yaxşı oynamıram, xoreoqrafiya ilə məşğul olmamışam, amma babat rəqs eləməyim var. Rəqs havası sümüyümə düşəndə və partnyor ürəyimə yatanda, həm də bir az içsən ki, sərbəstləşəsən, başlayırsan ürəklə oynamağa. Rəqsdə əsas şey elə ürəkdən oynamaqdı, üstəlik də gürcü rəqs hərəkətlərindən, ya ləzgihəngindən improvizasiyalar, fəndlər edirəm, maraqlı alınır.

İndi isə tərəf müqabilim sadəcə gözəl qadın deyil, incəliyi, özəl bir məlahəti və cazibəsiylə seçilən Firəngiz Rəhimbəyova idi.

Bir sözlə, rəqs edirdik, bütün restoran bizə baxır, bizdən başqa oynayan yox. Hiss olunurdu ki, Firəngiz xanımın ürəyindəndi, axı aktrisadır, diqqət mərkəzində olmağı xoşlayır, xoşlamalıdı da. Xeyli oynadıq. Melodiya dəyişəndə dayanmaq istədiyini duyub tez ona yaxınlaşdım, qusarsayağı kabluklarımı zərblə cütləyib tıqqıldadaraq, qısa hərəkətlə başımı endirib-qaldırmaqla təzim etdim, dilimlə də təşəkkür elədim. O:
- Спасибо, что поддержали , не оставили меня одну! (Sağ olun ki, məni tək qoymadınız!)
- Это долг и приятная обязанность.(Borcumdu, həm də xoşdu).

Firəngizi yerinə qədər ötürdüm və restorandan bayıra çıxdım ki, yoldaşı narazı qalıb nəsə demək istəsə, burada danışaq, içəridə mübahisə edib səs-küy salmayaq, tədbiri pozmayaq. Amma çıxmadı, heç bir söz-söhbət olmadı. Şükür. Zatən, nə eləmişdim ki? Ərindən icazə almalıydım rəqsə qoşulanda? Əlbəttə, alsaydım daha nəzakətli və etik, qaydalara uyğun olardı. O qadına heç bir iddiam da yox idi axı, rəqsinə qoşulmağım da bir impuls idi, onun gözəlliyindən, o anda rəqs meydanında tək qalmasından doğan.
Gözəl qadın kişi üçün həyatda bir cazibə mərkəzi, maqnitdirsə, aktrisa, müğənni, özü də istedadlı, tanınmışı, ulduzu ikiqat, onqat maqnitdir. İstedadını aktrisanın cazibəsini, cilddən cildə girməsini Somerset Maugham yaxşı təsvir edib „Teatr“ romanında.

O rəqsdən sonra bir də görüşmədik. Yalnız 20-25 il sonra Facebookda rastlaşdıq, dost olduq. Heç bilmirəm, məni xatırlayırdı, ya yox. Doğum günlərində təbrik edirdim, kompliment yazırdım. Yalnız ölümündən sonra oxudum bildim ki, birinci ərindən ayrılıb və 1993-də mühacirət edib. Deməli, o restoranda da boşanmaq ərəfəsindəymişlər...

Ruhunuz şad olsun, əziz sənətçimiz Firəngiz xanım Rəhimbəyova!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər